azia.az
azia.az

Hakim: "Vəkil məni hədələdi, dedi ki, görün mən nə edəcəm..."

2-06-2022, 21:25

Hakim: "Vəkil məni hədələdi, dedi ki, görün mən nə edəcəm..."
Abşeron Rayon Məhkəməsinin hakimi Habil Əhmədov vəkil Elvin Yusifovun səsləndirdiyi ittihamlara cavab verib.

H.Əhmədov e-huquq.az-a açıqlamasında bildirib ki, vəkil məhkəmə prosesinə 10 dəqiqə yox, 20 dəqiqə gecikib və nəticədə hakim iddianı baxılmamış saxlayıb.

“Bizdə bütün məhkəmə proseslərinin çəkilişi var: iclası nə vaxt başlamışıq, neçə dəqiqə davam edib və sair. Məhkəmə prosesləri ardıcıl olur, prosesin birini qoyub o birinə keçmək olmaz. Vəkil Elvin Yusifov məhkəmə katibinə zəng vurub deyir ki, 20 dəqiqə gecikəcəm, məni gözləyin. Belə olduğu halda mən ya iclası təxirə salmalıyam, ya da baxılmamış saxlamalıyam. Axı sən 20 dəqiqə niyə gecikməlisən, vaxtında gəl. Hakim səni niyə gözləməlidir?”.

Hakim bunun qərəzli mövqe olmadığını, birinci baxış iclasında vəkilin iştirak etmədiyinə görə məhkəmə tərəfindən belə qərarın qəbul olunduğu vurğulayıb. O, vəkilin məhkəmənin bu qərarına etiraz olaraq etik qaydalardan kənar davrandığını və hətta onu hədələdiyini bildirib.

“Vəkil birinci baxış iclasına gəlmədikdə, məhkəmə iddianı baxılmamış saxlayır. Elvin Yusifov də gəlmədiyinə görə belə bir qərar qəbul olunub. İclasa gəlməyib, qərar qəbul olunandan sonra məhkəmə katibinə zəng edərək bildirib ki, 10 dəqiqə gecikəcəm. Üstəlik, vəkil digər proses zamanı iclas zalına daxil olaraq etik qaydalardan kənar davranış nümayiş etdirib. Mən də onu intizama dəvət etmişəm, başqa proses getdiyinə görə demişəm ki, çölə çıxın. O da məni hədələyərək dedi ki, "onda baxın, görün mən nə edəcəm!". Elvin Yusifov məni qərəzli münasibətdə ittiham edir, lakin mənim heç kimlə qərəzli münasibətim yoxdur. Digər vəkillərdən də bunu soruşa bilərsiniz", - deyə o qeyd edib.

H.Əhmədov vəkilin sözügedən məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etməsinə də münasibət bildirib: “Hara müraciət etmək istəyir, etsin. Bu, onun hüququdur”.

Hakim, həmçinin məsələ ilə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırova müraciət edəcəyini deyib.

Xatırladaq ki, vəkil Elvin Yusifov məhkəmə iclasına 10 dəqiqə gecikdiyinə görə hakimin iddianı baxılmamış saxlamasından narazılıq edib. O, hakim Habil Əhmədovun bu addımının qərəzli olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi