azia.az
azia.az

Vəkillər Bakı Kommersiya Məhkəməsinin fəaliyyətini necə qiymətləndirir?

21-02-2022, 12:21

Vəkillər Bakı Kommersiya Məhkəməsinin fəaliyyətini necə qiymətləndirir?
Məlum olduğu kimi, 2020-ci il yanvarın 1-dən Azərbaycanda kommersiya məhkəmələri yaradılıb. İxtisaslaşmış bu məhkəmələrin yaradılmasında məqsəd sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək idi.

Bəs görəsən, 2 ildən çoxdur fəaliyyət göstərən kommersiya məhkəmələri öz funksiyasını lazımınca yerinə yetirə bilirmi?

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Bakı Kommersiya Məhkəməsinin fəaliyyətini qiymətləndiriblər. Səsləndirlən fikirlər onu deməyə əsas verir ki, vəkillərin əksəriyyəti bu məhkəmənin işindən razıdır.

Taleh İbrahimovun fikrincə, Bakı Kommersiya Məhkəməsində işlərə vaxtında, ədalətli, şəffaf baxılması qanuni və ədalətli qərar qəbul edilməsi baxımından digər məhkəmələrə bir örnəkdir: "Xüsusən də İlham Əhmədov kimi ədalətli və obyektiv hakimin sədrliyi dövründə kommersiya mübahisələri üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılır, məhkəmə iclasları vaxtında başlayır, vəkillərin vaxt itkisi olmur. Ümumiyyətlə, Kommersiya Məhkəmələrinin və yuxarı instansiya məhkəmələrində ayrıca kommersiya kollegiyalarının yaradılması çox mütərəqqi addımdır".

Fərman İsgəndərov da vəkil kimi Bakı Kommersiya Məhkəməsində işlərə vaxtında baxılmasından razı olduğunu deyib: "Demək olar ki, vaxt itkisi olmur, bu da vəkil üçün çox vacib şərtlərdən biridir".

Sevda Məhərrəmova iclasın vaxtında başlamasına xüsusi diqqət göstərildiyini bildirib: "Fevralın 10-u saat 12:00-da Bakı Kommersiya Məhkəməsində iclasım var idi. Deyilən vaxtdan 5 dəqiqə əvvəl orda idim. Zalın qapısında telefona vacib zəng gəldi, zəngə cavab verdim deyə zala girmədim. Saat 12:00 katib zəng etdi ki, hardasınız? Bu dəqiqlik çox xoşuma gəldi".

Elnur Kazımov da Bakı Kommersiya Məhkəməsində iclasların vaxtında başlamasının təqdirəlayiq olduğunu deyib: "Bir dəfə iddiaçının nümayəndəsi 5 dəqiqə gecikdi, ona görə hakim işi baxılmamış saxladı. Dedi ki, bizdə vaxta sistem nəzarət edir, avtomatik başqa işə keçirik".

Əkbər Bağırov məhkəmənin fəaliyyətini yüksək qiymətləndirib: "İlham Əhmədov nümunəvi sədr, hakim və insandır. Bu sözləri Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abıyeva haqqında da demək olar. Bir sözlə, əsasən kommersiya işlərinə çıxan vəkillərin bəxtləri gətirib".

Paşa Heydərov məhkəmənin sədrinin fəaliyyətinə diqqət çəkib: "Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov ədalətli və obyektiv hakimdir. Onun kommersiya mübahisələri üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmasının dəfələrlə şahidi olmuşam".

Dünyamin Novruzov da Bakı Kommersiya Məhkəməsinin fəaliyyətində sədrin rolunu xüsusi vurğulayıb: "Məncə, burada sədr İlham Əhmədovun rolu həlledicidir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi