azia.az
azia.az

Mübariz Qurbanlının qardaşının adından rüşvət alan kimdir? - ŞOK TƏFƏRRÜAT

1-06-2022, 21:56

Mübariz Qurbanlının qardaşının adından rüşvət alan kimdir? - ŞOK TƏFƏRRÜAT
Bakıda 1993-cü il təvəllüdlü Elmir dələduzluqda, vəzifəli şəxsə rüşvət verməyə təhrik etməkdə ittiham olunub.

Elmir Sahil adlı şəxsdən qardaşı Səbuhinin həbsdən azad olunması üçün 4500 manat alıb. O, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Taryel Qurbanovun adından istifadə edib.

İstintaq orqanı tərəfindən Elmirin barəsində Cinayət Məcəlləsinin 29,178.2.4-cü (xeyli miqdarda dələduzluq törətmək) və 32.4, 312.2-ci (külli miqdarda dələduzluq törətmək) və 32.4, 312.1-ci (iştirakçılıq, rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rahib Salmanovun sədrliyi ilə araşdırılıb.

“Borc aldığımı dedim”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elmir özünü təqsirli bilməyib. O bildirib ki, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Taryel Qurbanovu şəxsən tanımayıb:

“Onunla hər hansı münasibətim və ya əlaqəm olmayıb. Təxminən 14 iyul 2021-ci ildə saat 19 radələrində həmin ərəfədə istifadəmdə olmuş mobil telefon nömrəmə zəng gəldi. Zəng edən şəxs özünü Baş prokurorluğun Dövlət təhlükəsizliyi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Tariyel müəllim adı ilə təqdim etdi, onu tanıyıb-tanımadığımı soruşdu.

Həmin şəxsə onu tanımadığımı və ilk dəfə telefonla danışdığımı bildirdim. Özünü prokurorluq əməkdaşı Tariyel müəllim kimi təqdim edən şəxs "sən məni tanımırsansa, nə üçün və hansı səbəbdən Sahil adlı şəxsdən guya hansısa işin görülməsi müqabilində mənə vermək adı ilə 4500 manat pul almısan?" deyə sual verdi.

Tariyel müəllimə cavab olaraq onu tanımadığımı, heç vaxt Sahil və ya digər şəxsdən ona verəcəyim adı ilə, yaxud onun adından istifadə etməklə pul almadığımı, Sahildən 4500 manat pulu altı ay müddətinə qaytarmaq şərti ilə borc götürdüyümü dedim”.

“Telefon nömrəsini mən verməmişəm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Tariyel müəllimlə aralarında olan danışıq kəsilib: “Lakin bir neçə dəqiqə keçmiş Tariyel müəllim yenindən mənə zəng edərək Sahil və Sahilin qohumu Feyyaz adlı şəxsin zəng edərək, Sahildən 4500 manat pulu ona vermək adı ilə aldığımı dedi. Tariyel müəllimə yenə də onu tanımadığımı, heç vaxt onun adı ilə Sahildən və ya kimdənsə pul almadığımı söylədim.

Danışıq zamanı Tariyel müəllim mənə Sahil və Feyyaz ona zəng edərkən onlardan özünə məxsus mobil telefon nömrəsini haradan əldə etmələri ilə maraqlandıqda, Sahil və Feyyazın mobil telefon nömrəsini mənim verdiyimi dedilər. Lakin həmin vaxt Tariyel müəllimə onu tanımadığım üçün mobil telefon nömrəsini bilmədiyimi və heç kəsə mobil nömrə vermədiyimi bildirdim”.

“İzah edə bilmirəm”

Elmir deyib ki, Tariyel müəllimlə arasında olan bu danışıqdan bir müddət sonra digər nömrədən ona zəng olub: “Zəng edən şəxs özünü Sahilin dayısı oğlu Feyyaz kimi təqdim etdi. Bildirdi ki, guya Sahilin qardaşı Səbuhinin həbsdən buraxılmasına kömək məqsədi ilə ondan 4500 manat pul almışam, amma həmin işi görməmişəm. O isə özü həmin vəzifəli şəxslə əlaqə saxlayıb, vəzifəli şəxs də məni tanımadığını və heç kimdən hər hansı işin görülməsi ilə bağlı pul almadığını deyib.

Feyyaza Sahildən 4500 manat pulu borc qismində aldığımı, Tariyel Qurbanov adlı şəxsi tanımadığımı dedim, zəngi sonlandırdım. Hansı səbəbdən həm Tariyel Qurbanovun, həm də Feyyaz adlı şəxsin guya mənim Sahilin qardaşı Səbuhinin həbsdən buraxılmasına kömək etməyim üçün Baş prokurorluqda yüksək vəzifədə işləyən şəxsinə verilməsi adı ilə 4500 manat pul aldığımı bildirmələrini izah edə bilmirəm”.

“Borc istəmək qərarına gəldim”

Elmirin sözlərinə görə, Sahili təxminən 2017-ci ildə dostu Tural Abbasovun vasitəsi ilə tanıyıb:

“2017-ci ildə icarəyə götürdüyüm kafenin açılışını edərkən musiqiçi və meyxanaçı kimi dostum Turalı açılışa dəvət etdim. Məclisə Tural meyxanaçı tanışı Sahillə gəldi. Həmin vaxt Turalın vasitəsi ilə Sahillə tanış oldum. Yaxın münasibətlərimiz olmasa da, sonrakı tarixlərdə hansısa məclisdə Sahili gördüm. Onunla salamlaşıb, hal-əhvalını soruşdum.

Sahillə aramızda hər hansı ədavət və ya düşmənçiliyimiz olmayıb. 3000 manat pula ehtiyacım yarandığından 2021-ci il yanvarın əvvələrində günorta saatlarında Çingiz adlı dostumla Nərimanov rayonunun ərazisində “Dostlar” adlanan kafedə oturaraq çay içən zaman Sahildən borc istəmək qərarına gəldim. İstifadəmdə olan mobil nömrədən Sahilə zəng etdim. Ona 4500 manata ehtiyacım olduğunu, 6 ay müddətində onu qaytaracağımı dedim.

Bu xahişimə əsasən Sahil etiraz elmədən mənə ilkin olaraq 3000 manat məbləğində pulu, sonrakı tarixlərdə isə qalan 1500 manatı borc qismində verə biləcəyini dedi”.

Elmir qeyd edib ki, Sahilə “Dostlar” adlanan kafedə olduğunu və kafeyə gələrək pulu ona verməsini xahiş edib: “Sahil də razılaşaraq həmin kafeyə gələcəyini dedi. Təxminən saat 14 radələrində adının sonradan İntiqam olduğunu bildiyim əmisi və Yusif adlı şəxslə birlikdə kafeyə gəldi. Kafedə eyni masa arxasına əyləşərək çay içən zaman xahişimlə Sahil masadan qalxdı, mənimlə kənara çəkildi. 3000 manat pulu sayaraq əlbəəl mənə verdi. Pulu alarkən 6 ay müddətində borcumu tam qaytaracağıma söz verdim”.

“Pulu karta yüklədi”

Elmir bildirib ki, bu hadisədən 4-5 gün sonra, yəni təxminən 2021-ci ilin yanvarın ortalarında, axşam saatlarında yenidən Sahilə zəng edib, qalan 1500 manatı da ona borc qismində verməsini xahiş edib: “Sahil üzərində 1000 manat olduğunu və istədiyim zaman yanına gəlib pulu götürə biləcəyimi dedi. Təxminən 30-40 dəqiqə sonra Sahilin musiqiçi kimi işlədiyi Masazır qəsəbəsi ərazisində yerləşən “Buta çay evi” kimi tanınan “Forsaj klub” adlanan kafenin qarşısına getdim. Ona zəng edərək həmin yerdə olduğumu bildirdim.

Sahil işlədiyi kafedən çıxaraq mənimlə təklikdə görüşdü, 1000 manat pulu sayaraq əlbəəl mənə verdi. Bu hadisədən 2-3 gün sonra, yəni təxminən 2021-ci il yanvarın ortalarında, axşam saatlarında yenə də Sahilə zəng etdim, ondan qalan 500 manat pulu da borc qismində verməsini xahiş etdim. Sahil də hazırda Sumqayıt şəhərində yaşadığı evdə olduğunu, istədiyim vaxt gəlib pulu götürə biləcəyimi dedi. Razılaşaraq təxminən 1 saat sonra Sumqayıt şəhərinə getdim.

Ünvanı dəqiq xatırlamadığım yerdə, təxminən Sumqayıt şəhərinin giriş hissəsində Sahillə zəngləşdim, təklikdə görüşdüm. Həmin vaxt Sahil 500 manatı sayaraq mənə verdi.

Bundan başqa dəqiq xatırlamadığım tarixdə idarə etdiyim avtomobil cərimələndiyindən və cəriməni ödəməyə pulum olmadığı üçün Sahilə zəng etdim, ondan 50 manat borc istədim. Sahil borc verməyə razılaşdı, ona bank kartı göndərdim. O da həmin karta 50 manat yüklədi”.

“Pulu faizi ilə ödəyəcəyimə öhdəlik götürdüm”

Elmirin sözlərinə görə, Sahildən ümumilikdə 4550 manat borc pul alıb: “Borc aldığım vaxtdan 6 ay keçdikdən sonra təxminən 2021-ci ilin iyulun əvvəllərində əvvəlcədən razılaşmalarımıza baxmayaraq borcu qaytara bilmədim. Sahil tez-tez mənimlə əlaqə saxlayaraq 4550 manatı qaytarmağımı tələb etdi.

Təxminən iyulun 15-də, günorta saatlarında borc məsələsini müzakirə etmək üçün Sahilin xahişi ilə onunla “20 Yanvar” dairəsi yaxınlığında görüşdüm. Görüşə dostum Çingizlə getmişdim. Sahil isə Feyyaz adlı qohumu ilə gəlmişdi. Sahil məndən borcumu qaytarmağımı istədi. Lakin maddi imkanım olmadığı üçün borcu tam şəkildə qaytara bilməyəcəyimi dedim.

Feyyaz mənə təklif edərək bir kağız parçasına Sahildən borc pul almağımı yazmağımı, həmin kağızın faktiki Sahilin mənə borc pul verməsini təsdiq edən sənəd olacağını bildirdi. Mən də Çingizin və Feyyazın yanında razılaşdım. Sahildən cəmi 4600 manat pulu borc qismində almağım, həmin məbləğ bitənə kimi ona gündəlik 20 manat olmaqla, ayda 600 manat pul qaytaracağıma dair öz xəttimlə qeyd yazdım, imzalayaraq kağızı Sahilə verdim.

Həmçinin Sahilə gündəlik 20 manatı onun bank kartına köçürəcəyimi dedim. Sahil də istifadəsində olan "Kapitalbank”a aid bank kartının üzərində olan 16 rəqəmi mənə bildirdi. Sahildən cəmi 4550 manat borc pul alsam da yazdığım kağızda bu məbləği 4600 manat kimi göstərməsinin səbəbi bank xərci kimi tutulacaq faiz məbləğinin nəzərə alınması olub”.

“Pulu prokuror qohumuma verəcəyimi deməmişəm”

Elmirin ifadəsinə görə, iyulun 19-dan başlamaqla Sahilə köçürmə yolu ilə cəmi 180 manat göndərib: “Sonra isə maddi imkanım olmadığından əlavə pul göndərə bilmədim. Sahillə aramızda onun qardaşı Səbuhinin həbsdən buraxılması ilə bağlı heç vaxt, heç bir söhbət və ya sövdələşmə olmayıb. Ümumiyyətlə Sahilin qardaşı Səbuhinin həbs olunmasından əvvəlcədən məlumatım olmayıb.

Sahildən borc qismində pul aldıqdan təxminən 3-4 ay sonra Səbuhinin narkotik vasitə ilə tutulmasını ondan eşitdim. Lakin həmin işin təfərüatlarını bilməmişəm.

Sahildən pul alarkən ona həmin pulu guya qohumum olan prokurorluq əməkdaşına verəcəyimi deməmişəm”.

“Dostlarım, sənət yoldaşlarımın məlumatları olub”

Cinayət işi üzrə şahid qismində ifadə verən Sahilin sözlərinə görə, 2 fevral 2021-ci ildə kiçik qardaşı Səbuhi Həsənov və bacısı Baladadaşova (Həsənova) Türkan Elmxan qızının həyat yoldaşı Qadir Binəqədi rayonunun ərazisində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrlə tutulub:

“Məndə olan məlumata görə bacımın həyat yoldaşı Qadir Baladadaşovda satış məqsədi ilə külli miqdarda, qardaşım Səbuhi Həsənovda isə təxminən 8 qrama yaxın narkotik vasitə aşkar olunub. Törətdikləri həmin cinayətlərə görə qardaşım Səbuhi və bacımın həyat yoldaşı Qadirin barələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin istintaqı aparıldı və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi.

Səbuhi və Qadirin barələrində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 2 fevral 2021-ci ildə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi. Hazırda onların hər ikisi Bakı istintaq təcridxanasında saxlanılır.

Qardaşımın narkotiklə tutularaq həbs edilməsi və barəsində cinayət işinin istintaqının aparılmasını barədə dostlarım və sənət yoldaşlarımın da məlumatları olub”.

“Tariyel Qurbanovun təcili cavab gözlədiyini dedi”

Sahil qeyd edib ki, təxminən 2021-ci ilin fevralın ortalarında qardaşı Səbuhinin tutulmasından məlumatı olan, həm dostluq münasibətində olduğu, həm də sənət yoldaşı, yəni meyxanaçı olan “Tural Montinli” ləqəbi ilə tanınan Tural ona zəng edib: ”Elmir adlı tanışının prokurorluqda yüksək vəzifədə qohumu işlədiyini və Elmirlə bu məsələni danışıb, razılığını aldıqdan sonra mənə məlumat verəcəyini dedi. Turalın mənə bu məzmunlu məlumat verməsinin səbəbi ondan qardaşımın həbsdən azad olunmasına kömək edə biləcək hər hansı tanışı olarsa, mənimlə əlaqələndirməsini xahiş etməyim olub.

Bir neçə gün sonra Tural zəng etdi, Elmirlə birlikdə kafedə çay içdiyini söylədi, qardaşımın məsələsini müzakirə etmək üçün məni də həmin kafeyə dəvət etdi.

Yaşadığım Sumqayıt şəhərindən Bakı şəhərinə, Tural və Elmir ilə görüşə gəldim. Orada Turalı və Çingizi gördüm. Tural mənə Elmiri təqdim etdi, Elmirin onların hər ikisinin dostu olduğunu bildirdilər.

Elmirlə tanış olduqdan sonra həm Tural, həm də Çingiz mənə onun Baş Prokurorluqda yüksək vəzifədə işləyən şəxsin həm qohumu, həm də sürücüsü olduğunu, Elmirin qohumu Tariyel Qurbanovun vasitəsi ilə qardaşımı həbsdən buraxılmasına köməklik edə biləcəyini dedilər.

Tariyel Qurbanovu şəxsən tanımasam da, onun Hacıqabul rayon prokurorluğunun sabiq prokuroru olduğunu eşitmişdim.

Elmirin suallarına bildiklərimə uyğun cavablar verdim. Elmir dedi ki, səndən qabaq Tural sənin qardaşının işi barədə mənə məlumatları verib, mən də bu barədə qohumum, əvvəllər Hacıqabul rayon prokuroru vəzifəsində işləmiş, indi isə Baş Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəisi olan Tariyel Qurbanovla danışıb razılaşmışam.

Elmir mənə Tariyel Qurbanovla razılığına əsasən, 25 000 manat pulun müqabilində ilkin mərhələdə Səbuhini 2-ci və ya 3-cü məhkəmə baxışında həbsdən buraxılmasını, gələcəkdə isə cinayət işinin məhkəmədə tam bağlanılmasını, yəni işə xitam verilməsini, yaxud ən pis halda şərti cəza almasını təşkil edəcəyini bildirdi.

Elmirə bu barədə düşünüb, cavab verəcəyimi dedim. Elmir isə qısa zamanda məlumat verməyimi, Tariyel Qurbanovun təcili cavab gözlədiyini, razılaşdığı təqdirdə ilkin olaraq 3000 manatı verməli olduğumu, yalnız bundan sonra Tariyel Qurbanovun tövsiyə etdiyi 1 nəfər vəkilin vasitəsi ilə Səbuhinin həbsdən buraxılması işinə başlanılacağını dedi. Lakin vəkilin kim olmasını, adını və soyadını, hansı vəkil bürosunda işləməsini bildirmədi”.

“Taryel müəllimin çox adama əl tutduğunu dedi”

Sahil qeyd edib ki, növbəti görüşlərində Elmirə ailəsinin 25 000 manat pulu ödəməyə imkanı çatmadığını deyib: “Bu sözləri dedikdə Elmir “artıq Tariyel müəllimlə sənin qardaşının həbsdən buraxılması məsələsini danışmışam, sən məni müəllimin yanında pis vəziyyətdə qoyursan, məni onun yanında yalançı çıxardırsan, belə hərəkət etmək olmaz” deyə bildirdi.

Elmirə həmin iş üçün 20 000 manat verməyə maddi imkanımızın çatdığını dedim. Hacıqabul rayonunun Udulu kəndində yerləşən ailəmizə məxsus torpaq sahəsini və ailəmizə məxsus qızıl-zinət əşyalarını sataraq 20000 manatı düzəldib, qardaşımın həbsdən buraxılması üçün Elmirə verə biləcəyimi düşündüm.

Elmir də dedi ki, Tariyel müəllim çox insanlara əl tutub, köməklik edib, yəqin ki, bu iş üçün 20 000 manat pulun verilməsinə etiraz etməz, mən sabah Tariyel müəllimlə görüşüb, onunla danışaraq razılığını aldıqdan sonra sənə də məlumat verəcəm. Əgər Tariyel müəllim razılaşsa, ilkin olaraq 3000 manat pul mütləq verilməlidi ki, onu Tariyel müəllimə çatdırım və qardaşın Səbuhinin həbsdən buraxılması işinə başlanılsın, qalan 17000 manat pulu isə Səbuhi həbsdən azad olunduqdan sonra verərsən. Səndən alacağım pulun hamısını Tariyel müəllimə verəcəm, o da həmin puldan mənim payımı verəcək.

Lakin Elmir 20000 manat puldan ona hansı məbləğdə pul çatacağını demədi. Bundan sonra etiraz etmədən Elmirin təklifi ilə razılaşdım”.

“Təklifi bildirdim”

Sahil deyib ki, Elmirdən ayrıldıqdan sonra Hacıqabul rayonunun 1-ci Udulu kəndinə, atası Elmixan və anası Maralın yaşadığı evə gedib, onlara qardaşının məsələsi ilə bağlı danışıb: “20 000 manat pulun verilməsi müqabilində Tariyel Qurbanovun vasitəsilə Səbuhinin məhkəmə baxışında həbsdən buraxılacağını dedim. Atam-anam da dedilər ki, heç yerdə işləmirik, bu pulu düzəltmək bizim üçün çox çətin olar, vaxt lazımdır ki, qızıl-zinət əşyalarımızı sataq, qohum-əqrabadan, dost-tanışdan borc yığaq.

Bu danışıqlardan sonra Sumqayıt şəhərinə qayıtdım. Növbəti gün Elmir zəng edərək qohumu Tariyel Qurbanovla görüşüb danışaraq 20 000 manat müqabilində qardaşımın məhkəmə baxışında həbsdən buraxılmasına köməklik göstərilməsi barədə razılığını aldığını, 3000 manatı təcili ona verməli olduğumu dedi. Yenidən kəndə qayıtdım, ata-anama edilən təklifi bildirdim”.

“Bir qədər gözləməyimizi bildirdi”

Sahil daha sonra ifadəsində Elmirə razılaşdıqları pulu hissə-hissə verməsindən danışıb: “Pulu verdikdən sonra Elmir mənə və yanımda olan əmimə dedi ki, heç bir şeydən narahat olmayın, çıxın gedin, mənim zəngimi gözləyin, mən sizi vəkil ilə 3-4 günə görüşdürəcəm, Tariyel müəllim bütün məsələləri özü həll edəcək, sizin verdiyiniz puldan özümə heç nə qalmır, sadəcə Tariyel müəllim özü mənə müəyyən məbləğdə pul verəcək.

Bu hadisədən sonra mən və əmim İntiqam mütəmadi olaraq Elmirin mobil nömrəsinə zəng edərək Səbuhinin həbsdən buraxılması məsələsi ilə, habelə vəkillə nə zaman görüşəcəyimiz barədə maraqlandıq. Elmir həm mənə, həm də əmimə verdiyimiz pulu artıq Tariyel Qurbanova çatdırdığını, işlərin qaydasında getdiyini dedi, narahat olmamağı, bir qədər gözləməyi tapşdırdı”.

Sahil deyib ki, bu görüşlərindən sonra Elmir ondan 1500 manat da istəyib: “Dostum Qoşqardan borc aldıqdan sonra Elmirə zəng edərək istədiyi 1500 manat pulu hazırladığımı bildirdim.

Elmir pulu aldıqdan sonra narahat olmamağı, qardaşımın həbsdən buraxılması işinə artıq başlanıldığını dedi.

Sonra qardaşımın həbsdən azad olunması ilə maraqlandıq. Hər dəfə Taryel müəlimmin işi həll edəcəyini dedi. Bu minvalla Elmir 3-4 ay məni və əmim İntiqamı müxtəlif bəhanələrlə aldatdı”.

“Məni Tariyel müəllimlə görüşdürəcəyini bildirdi”

Sahil bildirib ki, sonradan Elmirdən pulu geri qaytarmasını tələb ediblər: “Elmir 4500 manat pulu Tariyel Qurbanova verdiyini, lakin pulu ondan geri ala bilməyəcəyini bildirdi. Elmirə məni Tariyel Qurbanovla görüşdürməsini ,həmin pulu geri istəyəcəyimi dedim. Elmir növbəti həftənin birinci günü məni Tariyel müəllimlə görüşdürəcəyini bildirdi”.

Sahil qeyd edib ki, Daxili qoşunlarda işləmiş dayısı oğlu Fəyyaz vasitəsi ilə Tariyel Qurbanovla görüşüblər, Tariyel Qurbanovun bu işdən xəbərinin olmadığını deyib.

Elmir 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi 19 il, Qadir isə 20 il müddətinə azadlıqdan məhrum ediliblər.

Cinayət işində adı keçən Tariyel Qurbanov əvvəllər Qaradağ, daha sonra isə Hacıqabul rayonunda prokuror vəzifəsində işləyib. Sonra isə Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Tariyel Qurbanov bu ilin martında vəzifədən azad edilib.

Bu ilin mayında isə baş prokurorun əmiri ilə Tariyel Qurbanov Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub və hazırda bu vəzifədə çalışır.

Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi