Kəmaləddin Heydərovun müavininin adı dələduzluq işində — Şok faktlar
Abşeron rayonunda 1978-ci il təvəllüdlü Şəfəq tanışı Sevincə qarşı dələduzluq edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şəfəq tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Sevinci Fövqəladə Hallar Nazirliyinin dəftərxanasında işə düzəldəcəyini və sonuncuya həmin nazirlikdən ev veriləcəyini yalandan vəd verib. Aldatmaqla onun ümumilikdə 5000 manatını ələ keçirib.
İstintaq orqanı tərəfindən Şəfəqin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxsm qismində ifadə verən Şəfəq ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, 2019-cu ilin yayında Xırdalan şəhərində Sevinc adlı qadın ilə tanış olub: “Onunla aramızda yaxşı münasibət yarandı və bir-birimiz ilə əlaqə saxladıq, görüşdük. Söhbət zamanı Sevinc özünə iş axtardığını mənə dedi. Sevincə onu Fövqəladə Hallar Nazirliyinin dəftərxanasına işə qəbul etdirə biləcəyimi dedim. Dayım oğlu Fövqəladə Hallar Nazirliyində işlədiyindən ondan xahiş edəcəyim halda Sevinci işə götürülməsinə köməklik edəcəyini fikirləşdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu ilin sentyabr-noyabr aylarında Sevincdən bir dəfə Xırdalan şəhərində 500 manat, qalan 1200 manat pulu isə Sevinc onun kartına göndərməklə alıb: “Sevincin işə qəbul edilməsi üçün ondan cəmi 1700 manat almışam. Sevincin işə düzəlməsi ilə bağlı dayım oğlu Cavanşirə heç nə deməmişəm. Ehtiyacım olduğuna görə həmin pulu da öz şəxsi ehtiyaclarıma xərcləmişəm. Ondan sonra Sevinc məndən işinin nə yerdə olduğunu soruşub. Bir neçə dəfə ona narahat olmamasını, işinin həll olunacağını demişəm. Lakin Sevinc işinin düzəlmədiyini görüb, məndən pulunu geri istədi. Sevincə 1950 manat qaytarmışam. Lakin Sevinc məndən polisə şikayət edərək guya ondan5000 manat aldığımı bildirib. Əslində isə Sevincdən cəmi 1700 manat pul almışam, Sevincə 250 manat da artıq olmaqla 1950 manat pul qaytarmışam”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sevincin sözlərinə görə, ibtidai təhsilin metodikası fakultəsini bitirib və sonra yaşadığı Yevlax rayonunda bir neçə il ixtisası üzrə müəllimə işləyib: “2014-cü ildə ailə vəziyyətim ilə əlaqədar Bakı şəhərinə köçdüyüm üçün işdən çıxdım. 2018-ci ilin avqustunda Bakı şəhərində yerləşən Heydər Əliyev mərkəzində xadiməçi kimi işə düzəldim. 2019-cu ilin avqustun sonlarında anam Aybəniz mənə zəng etdi, evimizin yaxınlığındakı Çəmən adlı qadının dərzi sexində olduğunu və mənim oraya gəlməyimi bildirdi. Mən də Çəmənin dərzi sexinə getdim. Dərzi sexində anamı Aybənizi və Çəmənin yanında tanımadığım bir qadını da gördüm. Çəmən həmin qadını mənə təqdim etdi, adının Sevda olduğunu bildirdi. Sevda sonradan adı mənə məlum olan Şəfəq əvvəlcədən anamı ilə mənim işə düzəlməyim üçün söhbət etdiyinə görə, mən gələndən sonra ondan harada işləməyi, nə qədər əmək haqqı almağım barədə sorğu-sual etdim. Sonra Şəfəq mənə dayısı oğlu Fövqəladə Hallar Nazirliyində birinci müavin işlədiyini, onu həmin nazirliyə işə düzəldə biləcəyini, həmin nazirlikdə işlədiyi işə görə bir ştata görə 800, digər ştata görə isə sənə 1000 manat əmək haqqı veriləcəyini, həmçinin həmin nazirlikdə evlə təmin olunmağıma da köməklik edəcəyini bildirdi. Anam Aybənizlə birlikdə Şəfəqin təklifi ilə razılaşdıq. Şəfəqdən mənim işə düzəlməyimə köməklik etməsini xahiş etdik. Sonra Şəfəq anama “səhər sizə gələrəm, evinizdə görüşüb söhbət edərik, qızının işinin həll olunması üçün nə qədər şirinlik lazım olduğunu deyəcəyini” bildirdi”.
Zərərçəkmiş şəxsin ifadəsinə görə, bundan sonra Şəfəq əlaqə saxlamaq üçün onun mobil telefon nömrəsini götürüb: “Öz mobil nömrəsini də mənə verdi. Dərzi sexində aramızdakı söhbətdən təxminən 3-4 gün sonra Şəfəq mənimlə telefon əlaqəsi saxladı, işi danışmaq üçün bizə gəlmək istədiyini bildirdi. Şəfəqlə həmin gün görüşdük, onunla birlikdə anam Aybənizin yaşadığı evə getdik. Söhbət zamanı Şəfəq mənə və anama dayısı oğlu Cavanşirlə danışdığını, məni Fövqəladə Hallar Nazirliyində dəftərxanada işə düzəldəcəyini bildirdi. Bu işin həll olunması üçün 3600 manat şirinlik vermək lazım olduğunu dedi. Biz də həmin pulu Şəfəqə verməyə razılaşdıq. 3-4 gün sonra anamın yaşadığı evdə anam Aybənizin yanında işə düzəlməyim üçün Şəfəqə 3600 manat verdim. Şəfəq pulu məndən aldıqdan sonra şəxsiyyət vəsiqəmin, diplomumun, uşaqlarının şəxsiyyət vəsiqələrinin surətlərini, yaşayış yerindən arayışı alaraq ona verməyimi, işi 20 sentyabr 2019-cu il tarixə kimi həll edəcəyini, həmin tarixdən sonra işə başlayacağımı bildirdi”.
Zərərçəkmiş deyib ki, bundan sonra Şəfəq sağollaşaraq gedib: “Şəfəqin dediyi sənədləri hazırladıım, ona verdim. 20 sentyabr 2019-cu ildə anam ilə birlikdə Şəfəqlə əlaqə saxladıq, işi ilə maraqlananda Şəfəq mənə və anama narahat olmamağımızı, yaxın vaxtlarda bu işi həll edəcəyini bildirdi. Bir müddətdən sonra Şəfəq zəng edərək iş məsələsini həll etdiyini, Fövqəladə Hallar Nazirliyinə məxsus “Neftçilər” metro stansiyasının yaxınlığında tikilən binadan mənə 3 otaqlı ev almağa da kömək edəcəyini, buna görə 2000 manat şirinlik lazım olduğunu bildirdi. Şəfəqin təklifi ilə razılaşdım, evlə təmin olunmağım üçün 2019-cu ilin oktyabrın sonlarından noyabrın əvvələrinədək olan müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə “Milli ön” aparatı vasitəsi ilə Şəfəqin qızı Səmranın kartına ümumilikdə 1100 manat göndərdim. Şəfəq ev məsələsi ilə bağlı mənə Fövqəladə Hallar Nazirliyində işləyən Sima adlı qadının mobil nömrəsini verdi. Sima ilə ev məsələni danışdığını, özümün də bu nömrəyə zəng vuraraq arada əlaqə saxlamasını bildirdi”.
Sevinc qeyd edib ki, bir neçə gündən sonra Şəfəqin ona verdiyi mobil nömrəyə zəng vurub: “Həmin qadın özünü Sima kimi təqdim etdi, mənim ev işimi həll edəcəyini, narahat olmamağımı, tezliklə mənim öz evimə köçəcəyimi bildirdi. Bəzən Simanın özü də mənə zəng edərək narahat olmamağımı, ev məsələsinin hazır olduğunu, gələn həftə yeni evə köçəcəyimi deyirdi. Bundan sonra bir neçə dəfə Sima adlı xanımla əlaqə saxladım, Sima hər dəfə bir neçə günə ev işinin həll olunacağına söz versə də, sonda ev məsələsini həll etmədi. Şəfəq də narahat olmamağımı, ola bilsin ki, ev işinin biraz gecikəcəyini, Sima söz veribsə, ev məsələsini həll edəcəyini dedi. Bir neçə gündən sonra Şəfəq mənə zəng vurdu, işə düzəlməyim üçün əlavə 300 manat lazım olduğunu bildirdi. Şəfəqlə görüşdüm, anam Aybənizin evinə getdik və anamın evində Şəfəqə əlavə 300 manat verdim. Lakin sonradan Şəfəq nə məni işə düzəltdi, nədə evlə təmin olunmağıma köməklik göstərmədi. Anam ilə birlikdə dəfələrlə Şəfəqə zəng vurduq, işi ilə maraqlananda Şəfəq hər dəfə məni və anamı aldadaraq narahat olmamağı, yaxın vaxtlarda işi həll edəcəyimi bildirsədə, Şəfəq yenə də verdiyi sözə əməl etmədi. Məni işə düzəltmədi, həmçinin evlə təmin olunmağıma köməklik etmədi. Ona görə Şəfəqin məni işə düzəltmək adı ilə aldadaraq 3900, eləcə də evlə təmin olunmağıma köməklik göstərəcəyi adı ilə aldadaraq 1100 manat, ümumilikdə 5000 manat pulumu ələ keçirməsi ilə bağlı Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdim”.
Zərərçəkmiş əlavə olaraq qeyd edib ki, Şəfəqin onu Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən dayısı oğlu Cavanşir Həşimovun vasitəsi ilə işə düzəldəcəyinə söz verib.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.
Şəfəqə 1 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.
Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Şəki rayonu ərazisini və saat 23.00-dan saat 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulub.
Cəzanın icrası müddəti təqsirləndirilən şəxsin Şəki rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilib.