Bakı İnzibati Məhkəməsi, Sosial Xidmətlər Agentliyi və DİN Qarabağ qazisinə qarşı “qəza”da
Qarabağ qazisinə qarşı “qəzan” mübarək olmasın, hakim Abıyev!
6 aylıq süründürməçilikdən, cavabdeh ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi və DİN Şəxsi Heyətlə İş İdarəsi ilə bazarlıqdan sonra, axırı ki, Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyev məhkəmə təminatı və müdafiəsi hüququna qadağa qoyan 20.04.2022 tarixli iki (?) qərardadını bir gündə (04.05.2022-ci il) verib. Eyni tarixli 2 ayrı qərardadla yataq xəstəsi Qarabağ qazisinin Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində müalicəsinin təşkil edilməsi haqqında iddiası mümkün sayılmayıb və vəkillə təminatından imtina edilib. İddiaçı Qarabağ qazisinin iddia tələbini saxtalaşdırıb qeyri-prosessual sifarişə uyğun formalaşdıran hakim Nəriman Abıyev nə Azərbaycan Respublikası Konstitusiyasının, nə İnzibati Prosessual Məcəlləsinin (İPM) , nə də Mülki Prosessual Məcəlləsinin (MPM) tələbinə əməl edib: İPM-in 54-cü maddəsi əsasında verilən iddia tələbinə əlavəyə , İPM-in və MPM-in 18-20-ci maddələri əsasında hakimə etiraza , İPM-in 40-44-cü maddələrinə əsasən, iddiaçının hüquqlarının qorunmasına yönəlmiş müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizəyə baxmayıb. Hətta yataqda olduğundan iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsi və vəkillə təminatı hqqında vəsatətlər də gulaqardına və gözardına vurulub. Yalnız 6 aydan sonra vəkillə təmin olunmaq barədə vəsatəti cavabdehlərin nümayəndələrinin iştirakı ilə (?) təmin etməkdən imtina edib ki, İPM-in 31.1-ci maddəsi hər bir kəsin vəkillə təmsil olunmaq hüququnu doğrulasa da, yalnız MPM-in 67.2 maddəsinə əsasən aztəminatlı şəxslərə dövlət hesabına vəkil ayrılması nəzərdə tutulub. Başabəla hakim İPM-in 1.2 maddəsini Qarabağ qazisinə vəkil ayrılmasına qadağa qoymaq amacı ilə tətbiq edib. Bu isə qərəzdən, yüksək hakim adından aşağı niyyətlər amacı ilə yararlanılmasından qaynaqlanır. Ümumiyyətlə, İPM-in 1.2 maddəsi bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati məhkəmə icraatında MPM-in müddəalarının tətbiq ediləbilənliyini doğrulayır. Nəriman Abıyev görmür ki, “bu Məcəllədə” - İPM-in 31.1-ci maddəsində hər kəsin vəkillə təmin olunmaq hüququ doğrulanıb ?! MPM-in 67-ci maddəsinin tətbiq edilməsi axı İPM -də nəzərdə tutulan prinsipə ziddir! Belə çıxır, “inzibati hakim” MPM-in 1.2 maddəsini hüquqa qadağa qoymaq amacı ilə seçir? Hüquqa qadağa qoyulması axı məsuliyyət yaradır! MPM-in 10-2 maddəsinə əsasən niyə iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsinə qərardad qəbul edilməyib; əksinə, iddiaçı tərəfin iştirakını əngəlləmək yolu tutularaq vəkillə təminatına da qadağa qoyulub? ! Məhkəmə hakimi(yyəti)nin MPM-in 13-cü maddəsindən də, Konstitusiyanın ölkədə ən yüksək hüquqi qüvvəyə malik olduğundan da bilgisi yoxdur? Yoxdursa, 13-cü maddəni oxuması məsləhətdir: “Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edərsə, o daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir”. Konstitusiyanın 127-ci maddəsinin Vlll hissəsində isə MƏHKƏMƏ İCRAATININ İSTƏNİLƏN MƏRHƏLƏSİNDƏ HƏR KƏSİN MÜDAFİƏ HÜQUQUNUN TƏMİN EDİLMƏSİ doğrulanıb. ANA QANUNUN 61-ci maddəsinin II hissəsi qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardımın ödənişsiz, dövlət hesabına göstərilməsini doğrulayır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsinə görə isə, məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz xidmət edilir. Məhkəmə hakiminin qanunu, Konstitusiyanı, Məcəlləni qeyri-prosessual qərəzə qurban verməsi məhkəmə hüquq sisteminə ləkədir.
Qarabağ savaşı qazisi reabilitasiya amacı ilə ağır astmadan Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində müalicəsinin təşkil edilməsini ali dövlət hakimiyyəti orqanlarından diləyəndə diləkçəsi PA-dan, NK-dan, MM-dən ƏƏSMN -ə göndərilib. ƏƏSMN rəhbərliyindən də tabeliyindəki Sosial Xidmətlər Agentliyinə . Agentlik isə qərəzlə qaziyə xidmətdən imtina etdiyindən, qazi pensiyaçısı olduğu hərbi quruma (DİN DQ) müraciət edib. Hər iki dövlət qurumu 1-ci dərəcəli Qarabağ qazisinə xidmətdən imtina etdiyindən Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi verilib. Hakim Nəriman Abıyev 6 aylıq süründürməçilikdən sonra iddianı , həm də qazinin müalicəsini (!) mümkün saymayıb.(?) Bu saymazlıqla indiyədək iki dövlət qurumunun özbaşınalıği qarşısında ÖLƏN qaziyə məhkəmənin də savaş açması ortaya qoyulur. QARABAĞ QAZİSİNƏ QARŞI QƏZAYA ÇIXIBLAR. QƏZANIZ MÜBARƏK OLMASIN!
Mənbə:My Webpage