azia.az
azia.az

Bakı İnzibati Məhkəməsi ilə Sosial Xidmətlər Agentliyinin mənzil alveri - NARAZILIQ!

30-07-2021, 18:23

"Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun - Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Nə yazıq, Ana Qanuna hörmətsizlik o həddə çatıb ki, məhkəmələr özləri qərarlarının icrasını təmin etməkdən imtina edir, hətta tələbkarın ərizələrinə belə baxmırlar. Ədliyyə Nazirliyi , Məhkəmə Hüquq Şurası, Ombudsman, baş prokurorluq, Konstitusiya Məhkəməsinin özü Konstitusiya qanunu ilə üzərlərinə qoyulan görəvlərini icra etməkdən imtina edirlər". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Bakı İnzibati Məhkəməsi ilə Sosial Xidmətlər Agentliyinin mənzil alveri - NARAZILIQ!
Məqalədə daha sonra bildirilir: "Bakı İnzibati Məhkəməsi (hakim Şərafət Məmmədova) 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı Qərarla cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin (hazırkı Sosial Xidmətlər Agentliyi) üzərinə 2 əlil - elmi işçisi olan 10 nəfərlik 1-ci dərəcəli Qarabağ qazisi ailəsinin mənzillə təmin olunması öhdəliyini qoyub , amma 6-cı ildir nə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 74-cü maddəsinə əsasən, inzibati orqanın hərəkətini (hərəkətsizliyini) yoxlayır, nə 116. 2 maddəsinin tələbinə uyğun olaraq məhkəmə qərarının icrasını təmin edir, nə də 120-ci maddəyə əsasən XİDMƏTİ VƏZİFƏSİNƏ UYĞUN OLARAQ VƏ YA PROSES İŞTİRAKÇISININ ƏRİZƏSİ ƏSASINDA üzərinə qoyulan öhdəliyi icra etməyən Sosial Xidmətlər Agentliyinə 50 min manata qədər (və icra edilmədikdə təkrar 50 minlik) cərimə tətbiq edir. Xidməti vəzifəsini icra etməkdən imtina edən hakim Şərafət Məmmədova heç tələbkar Qarabağ qazisinin ərizələrinə də baxmaqdan imtina edib və. .. belə peşəkar qeyri-prosessuallığına görə yuxarı instansiyaya “yüksəlib”. Yuxarıdan Bakı İnzibati Məhkəməsinə endirilən Aygün Abdullayeva isə son 3 ildə tələbkarın ərizələrinə “partizan kimi “, susqunluqla cavab verir. Borclu Sosial Xidmətlər Agentliyinin (SXA) məhkəmə hakimiyyəti ilə qeyri-prosessual ilişgidə olması üzə çıxsa da, vurğuladığımız kimi, nəzarətedici orqanlar və Ombudsman heç bir tədbir görmür(lər). Bircə Milli Məclisin sədri və Aparat rəhbəri Qarabağ qazisi ailəsinin müraciətlərinə diqqətlə yanaşıb anında məhkəmə orqanlarına və ƏƏSMN rəhbərliyinə çoxsaylı məktublar göndərsələr də, dövlətin adından çıxarılan məhkəmə qərarı icra olunmur ki olunmur! Milli Məclisdən söz düşmüşkən, iki il qabaq Məclisin sədr müavini ƏƏSM nazirinə telefon açıb və ertəsi gün qazini çağırıb ərizəsini alıblar ki, Nizami rayonu, Çobanzadə küçəsindəki evdən mənzil ayrılacaq. Amma 24 dekabr 2019-cu ildə evin bölgüsü olub və “bölücü” Vüqar Behbudov (SXA-nın sədri) nazirin də, MM-in də tapşırığını və borclu olduğunu “unudub”. Bir il yarım qabaq Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Orucun köməkçisi qaziyə zəng edərək SXA-nın unutqanlığına son qoyacaqlarına söz versə də , deputat 16 aydır sözünü unudub.

..Qarabağ qazisi sözügedən məhkəmə özbaşınalığında əvvəlki sədr Rəşid Rzayevi başlıca fiqur sayırdısa, 2 ilə yaxındır sədrlik edən Araz Hüseynov da tələbkarın ərizələrinə baxılmasını təmin etməkdə acizdir. Artıq Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət etməkdən başqa yol qalmır. Nə yazıq, vəkilin kompüteri sıradan çıxıb , təmirdədir. Bərpa olunan kimi sıradan çıxan insan hüquqlarının müdafiəsi ilə bağlı AİHM-ə müraciət edilməsi gerçəkləşər, yəqin".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi