Sabiq deputat Nəriman Əliyev cəzalandırıldı
Milli Məclisin sabiq deputatı Nəriman Əliyevin "Ştutqart" şirkətinə inzibati protokol yazılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 221.3-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin baxış iclasının aprelin 19-na təyin edilib.
Qeyd: Daha əvvəl Milli Məclisin sabiq deputatı, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin Bakının Nərimanov rayonu ərazisində ağacları qanunsuz kəsdirməsi faktı ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun yaydığı məlumata əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumat və vətəndaş müraciəti əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma başa çatıb.
Müəyyən edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında “Ştutqart” MMC-nin qanuni təmsilçisinin xüsusi mülkiyyətinə verilən qeyri-yaşayış təyinatlı torpaq sahəsində həmin şirkətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində meşə fonduna daxil olmayan müxtəlif diametrli 21 ədəd şam və sərv cinsli ağaclar qanunsuz kəsilərək götürülüb və bununla da külli miqdarda, yəni 11 min manat məbləğində ziyan dəyib.
Toplanan material üzrə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.
Xatırlatma: Nəriman Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub.
Kamal Məmmədov