Əli İnsanov niyə müxalifətin ağsaqqalı ola bilmədi? - "3 ildən sonra xalq gördü ki..."
Sabiq səhiyyə naziri Əli İnsanov həbsdə olarkən adı ətrafında böyük ajiotaj yaranmışdı. Bəziləri hesab edirdi ki, İnsanov məhbəsdən çıxan kimi müxalifətin kilid adamına çevriləcək. Onu narazı elektoratı, xüsusilə də qərbi azərbaycanlılardan ibarət kontingenti ətrafında birləşdirəcəyi proqnozlaşdırılırdı. Əli İnsanovun azadlığa çıxmasından 3 ildən çox vaxt keçsə də, bu proqnozlar özünü doğrultmadı. İnsanovun ölkənin ictimai-siyasi həyatındakı təsir imkanı digər “cırtdan” partiyalardan fərqlənmədi.
Eks-nazir niyə siyasətdə uğur qazana bilmədi? Sabiq iqtidar nümayəndəsi niyə indi "müxalifətin ağsaqqalı” kimi heç bir şey edə bilmir? Dia.az xəbər verir ki, yenisabah.az-a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu mövzunu belə şərh edib:
“Azərbaycanda real müxalifət ciddi uğurlar qazana bilmədiyinə görə xalqın gözü, bir növ, axtarışdadır. Bu axtarış da müəyyən mənada beynəlxalq birliyin dəstək verdiyi və ictimaiyyətin diqqətini cəlb edən adamlar ətrafındadır.
Vaxtilə ReAl sədri İlqar Məmmədovun haqqında da eyni fikirlər yürüdülürdü ki, Azərbaycanı azad edəcək güc, dağı dağ üstünə qoyacaq insan odur və s. O vaxtı mən bu məsələlərin aidiyyəti üzrə olmadığını deyirdim.
Həmçinin, Əli İnsanovun beynəlxalq təşkilatların dəstəyi ilə siyasi məhbus kimi tanınması, onların köməyi ilə azadlığa çıxması xalqda belə bir ilğım yaratmışdı ki, Azərbaycanda olan müxalifətin gücsüzlüyünü kompensasiya edəcək və lazım olanı – xalqın gözləntilərini doğruldacaq”.
ADP sədri iddia edib ki, Azərbaycanda müxalifətin düşdüyü vəziyyət xalqın durumu ilə bağlıdır:
“Xalq öz vəziyyətini dəyişmədikcə, təbii ki, heç bir müxalif lider və müxalifət partiyası hər hansı ciddi uğur əldə edə bilməz. Bu baxımdan, kütlə özü gözləmə mövqeyində dayanıb və liderlərlə partiyaların dəyişilməsini gözləyir.
Bu, tamamilə yanlış rəydir. Kimin haqqında belə bir təsəvvür yaranırsa, gec-tez həmin təsəvvürün sonluğu bu cür olacaq. Əli İnsanov da o qəbildən, ondan da şişirdilmiş və əsassız gözləntilər var idi. 3 ildən sonra xalq gördü ki, gözləntilərin heç biri özünü doğrulmur”.
“Azərbaycanda insanlar problemin mahiyyətini düzgün başa düşmür və müxalifətin nailiyyət əldə etməməsinin səbəbini özlərində axtarmırlar. Fikirləşmirlər ki, dəstəkləyəcəyi, onun arxasınca gedəcəyi təqdirdə, müxalifət xalq üçün iş görə bilər. Xalq tamaşaçı olduqca, heç bir müxalif güc onu düşdüyü vəziyyətdən xilas edə bilməz. Problemləri düzgün dərk etməməyin nəticəsində siyasi liderlər və siyasi partiyalar haqqında yanlış fikirlər meydana çıxır”, - deyə partiya sədri fikirlərini yekunlaşdırıb.
Mənbə:My Webpage