azia.az
azia.az

Müxalifətin zirvə toplantısı - AXCP və Müsavat gəlmədi (FOTOLAR)

25-12-2018, 17:11

Müxalifətin zirvə toplantısı - AXCP və Müsavat gəlmədi (FOTOLAR)
Dekabrın 25-də KXCP qərargahında müxalif siyasi təşkilatların və ictimai-siyasi xadimlərin zirvə toplantısı keçirilib.

Azərbaycan Milliyyətçi Demokrat Partiyasının lideri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutan toplantıya 100-ə yaxın siyasi qatılıb. Dəyirmi masada 20-yə yaxın partiyanın sədri iştirak edib. Musavat.com-un müxbiri həmin tədbirdə olub və yazır ki, Müsavat və AXCP-dən başqa bütün tanınmış müxalif partiyalar toplantıya qatılıblar.

Zirvə toplantısının mövzusu “Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri” olub.

Zirvə toplantısının aparıcısı İsgəndər Həmidov ölkədə yaranmış ictimai-siyasi vəziyyəti geniş təhlil edib və müxalifətin yaranmış vəziyyətdə atmalı olduğu addımlardan danışıb.

Bütöv Azərbaycan Ocaqları Birliyinin rəhbəri Bəxtiyar Tuncay, Ümid Partiyasının sədri İqbal Ağazadə, KXCP sədri Mirmahmud Mirəlioğlu, milli azadlıq hərəkatının fəallarından olmuş Nəsir Ağayev, ADP sədri Sərdar Cəlaloğlu, VİP sədri Əli Əliyev, keçmiş müdafiə naziri Rəhim Qazıyev, Nemət Pənahlı, AĞ Partiyanın sədri Tural Abbaslı, ALDP sədri Fuad Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli Konqres Partiyasının sədri, keçmiş baş prokuror İxtiyar Şirin, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və digər siyasətçilər ölkədəki ictimai-siyasi vəziyyət, Qarabağ məsələsində hazırda yaranmış durum, müxalifətin bundan sonra atmalı olduğu addımlarla bağlı danışıblar. Əksər çıxışlarda çıxış yollarından biri kimi bütün müxalif qüvvələrin birləşməsi, yeni birlik formatı ilə çıxış etməsi istiqamətində təkliflər irəli sürülüb.

AXP sədri Pənah Hüseynin çıxışı isə nisbətən fərqli istiqamətdə olub və fərqli təkliflər əsasında qurulub. P.Hüseyn bildirib ki, çıxış yolunun bu dəfə də birlik yaratmaq olduğunu düşünmür. O deyib ki, əvvəllər də müxalifətin birlikləri olub, lakin nəticə olmayıb: “Məhz belə bir şəraitdə də cəmiyyət illərdən bəri olduğu kimi müxalifətin birliyini tələb etməkdədir və bütün son dövrdəki uğursuzluqların əsas səbəbini bu birliyin olmamasında , uğurun şərtini isə belə bir birliyin yaranmasında görür. İctimai qavrayış belə formalaşıb ki, kim bu birliyə qarşıdırsa və ya bu birliyə getmirsə düşmən, kim bu çağırışları edirsə isə xalq tərəfdarıdır.

Burdan belə görünə bilər ki, müxalifətin vəzifəsi dərhal, ləngimədən bu birliyə getməkdən ibarətdir. Mən, əlbəttə, siyasi müxalifətin birliyini, daha doğrusu, konkret, ideya, hədəf, hərəkətlərdə əməkdaşlığını faydalı hesab edirəm. Lakin vəziyyətdən çıxışın müxalifət birliyindən keçməsini düşünmürəm… Biz son 25 ildə dəfələrlə indi arzu olunan geniş tərkibli birliklər yaratmışıq, təşkilatlarda birləşmişik. Lakin bu birliklər, təşkilatlar həlledici nəticələr üçün yetərli olmayıb və bu dəfə başqa cür olacağını güman etmək üçün kifayət qədər inandırıcı dəlillər yoxdur…Mənim fikrimcə, müxalifətin əsas hissəsi bu gün siyasi müxalifətdən, siyasi partiyalardan kənardadır. Və əsas vəzifə siyasi müxalifətin birliyinə nail olmaq yox, siyasi partiyalardan kənar müxalifəti bütövlükdə siyasi müxalifətlə və ya onun bir hissəsi ilə birləşdirməkdir”.

Müzakirələrin sonunda bu formatda Dəyirmi Masanın davam etdirilməsi, Dəyirmi Masanın ikinci toplantısının hazırlanması üçün işçi qrup yaradılması qərarı verilib.

Etibar Seyidğa,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi