Sahibkarları əzən VERGİ XİDMƏTİ... - BU FAKTDIR!!!
Azərbaycanda sahibkarların vergi orqanlarından şikayətləri illərdir gündəmdən düşmür. Məhkəmələr tez-tez vergi orqanlarına qarşı iddiaları haqlı sayır. Açıqlanan faktlar bunu göstərir. Nazirlər Kabinetinin hesabatından aydın olur ki, ötən il Azərbaycanın vergi orqanları cavabdeh qismində 655 iddia tələbi ilə bağlı birinci instansiya məhkəmələrinə qatılıb. Bu işlərdən 277-ində iddia tələbi tam və ya qismən təmin edilib, yəni həmin işlərdə vergi orqanı məhkəməni uduzub. Bu işlərin cəmi 94-də iddiaçıların vergi orqanına qarşı tələbi rədd edilib. Daha 354 işdə isə iddia tələbinə mahiyyət etibarilə baxılmadan iş üzrə icraata xitam verilib.
Vergi orqanları ötən il apellyasiya şikayətinin baxıldığı 213 məhkəməyə qatılıb. Həmin işlərin 125-ində - bütün apellyasiya şikayətlərinin 60 faizə yaxınında məhkəmə vergi orqanlarının tam və ya qismən əleyhinə qərar çıxarıb. Cəmi 71 iddia üzrə apellyasiya şikayəti vergi orqanının xeyrinə həll edilib. Daha 17 işinsə icrasına xitam verilib.
Eyni dövrdə vergi orqanları toplam 118 iddia tələbi üzrə kassasiya şikayətinin baxıldığı məhkəməyə qatılıb. Bu işlərin 57-ində vergi ödəyicilərinin xeyrinə qərar verilib. Vergi orqanları 22 işdə qalib çıxıb. 38 kassasiya şikayəti yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilib, bir şikayət üzrə isə icraata xitam verilib.
Ötən il Azərbaycanda 218 min 800 vergi ödəyicisinin toplam 3 milyard 255 milyon manat məbləğində vergi borcu yaranıb. Bu borclardan 202 min 800 vergi ödəyicisinə məxsus 2 milyard 865 milyon manatlıq borc ləğv edilib. Rəsmi göstəricilərdən aydın olur ki, 2021-ci ilin əvvəlində 71 min 700 vergi ödəyicisinin dövlət büdcəsinə toplam 1 milyard 506 milyon manat vergi borcu olub. Ötən ilin sonunda dövlət büdcəsinə borcu olan vergi ödəyicilərinin sayı 82 min 700-ə, vergi borcları isə 1 milyard 896 milyon manata yüksəlib. Başqa deyimlə. il ərzində vergi borcu yaranan vergi ödəyicilərinin sayı 11 min, vergi borcunun məbləği isə 390 milyon manat artıb.
Ötən il boyunca artmış borc məbləğinin 170 milyon manatı (23.9 faizi) səyyar, 334 milyon manatı (46.9 faizi) kameral vergi yoxlamaları nəticəsində yaranıb. Vergi ödəyicisinin bəyannamələrinə görə formalaşan borc həcmi 145 milyon manat olub. 2021-ci ilin sonunda sosial sığorta üzrə 145 min 100 vergi ödəyicisinin 199 milyon 700 min manat, işsizlikdən sığorta üzrə isə 20 min 800 vergi ödəyicisinin toplam 2 milyon 500 min manat məbləğində vergi borcu qalıb.
Diqqətçəkən digər bir göstərici ölkədən çıxışı məhdudlaşdırılan şəxslərlə bağlıdır. Ötən ilin sonuna olan rəqəmlərə görə, məhkəmə qərarına əsasən, 10 min şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb. 2021-ci ildə cinayət işi və materialları üzrə dövlət büdcəsinə toplam 39 milyon 251 min manat ödənilib. Bu göstərici 2020-ci illə müqayisədə 12 milyon 621 min manat və ya təxminən 45 faiz çoxdur.
Mənbə:My Webpage