Vitse-spiker: “Rusiya ilə imzalanan müttəfiqlik bəyannaməsi ermənilərə də yerini göstərdi”
“Bir sənəd imzalanmazdan öncə onun fəlsəfəsi, mahiyyəti, məqsədi açıqlanır, onun prinsipləri və hansı səbəbdən hazırlanması izah olunur. Moskvada Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik bayənnaməsində də bu məsələlər elə ilk bənddəcə öz əksini tapıb. Sənəddə deyilir ki, sənədi imzalayan tərəflər qarşılıqlı hörmət, etimad prinsiplərinə əsaslanaraq, hərtərəfli bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə dönməz sadiqliyini bəyan edirlər. 43 maddəlik sənədin ilk müddəası bununla başlayır və bu da imzalanan sənədin əsas mahiyyətini bəlli edir”.
Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, burada tərəflərin bərabərhüquqlu səviyyədə müttəfilqik səviyyəsinin qurulması öz əksini tapıb.
“Sənəddə əsas diqqəti çəkən məqam tərəflərin ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işinə qarışmamaq, mübahisələrin dinc yolla həlli, güc tətbiq etməmək kimi məsələlərin əksini tapmasıdır. Bəyannamə sadəcə olaraq kiçik dövlətin böyük dövlətin himayəsinə sığınması, hansısa böyük dövlətə kürək söykəməsi yox, bərabərhüquqlu səviyyədə əməkdaşlığı və münasibətlərin qurulmasını özündə ehtiva edir”, - F.İbrahimli qeyd edib.
Vitse-spiker əlavə edib ki, düzdür, imzalanan sənədlə bağlı müxtəlif fikir və mülahizələr söylənilir: “Amma sənəddə əksini tapan 43 maddənin hansının maraqlarımıza zidd olduğu göstərilmir. Əgər fikir söylənilirsə, imzalanan sənəddə əksini tapan müddəalar ətrafında fikir mübadiləsi aparılmalıdır”.
Azərbaycanla Rusiya arasında münasibətlərin tarixi köklərinin olduğuna diqqət çəkən vitse-spiker deyib ki, imzalanan bəyannamədən asılı olmayaraq iki qonşu dövlətlər arasındakı münasibətləri tarix özü formalaşdırıb: “Bu sənəd sadəcə olaraq bu gün dünyada gedən siyasi, geosiyasi prosesləri və dəyişiklikləri nəzərə alınaraq imzalanıb. Belə ki, bu gün dünyada baş verən proseslərdə dünya dövlətlərinin marağı və bu marağın altındakı məkrli niyyətlər formasında özünü büruzə verməkdədir. Belə olan halda Azərbaycan da dünyanın yeni düzəninə uyğun olaraq beynəlxalq münasibətlər sistemində dünya ölkələri ilə öz münasibətlərinə yenidən baxır və gələcək münasibətlərini formalaşdırır. 2021-ci ildə Türkiyə ilə imzalanan Şuşa bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin təminatı baxımından mühüm rol oynayırsa, Rusiya ilə imzalanan sənəd sıx qonşuluq münasibətlərinin yaranmasına xidmət edir”.
Rusiya ilə Azərbaycan arasında son illərdə formalaşan münasibətlər sisteminə toxunan vitse-spiker əlavə edib ki, bunun üçün son illərdə iki ölkə arasındakı münasibətlərə diqqət yetirmək kifayətdir: “2020-ci ilin 27 sentyabrından sonra Rusiya Cənubi Qafqazda yeni siyasi kurs həyata keçirməyə başladı. Bunun nəticəsi olaraq Moskva Bakı ilə daha sıx münasibətlər qurmağa üstünlük verməyə başladı. Bu özünü 30 illik donmuş Qarabağ münaqişənin həlli ilə bağlı 44 günlük müharibə zamanı daha qabarıq formada büruzə verməyə başladı. Rusiya 44 günlük müharibə zamanı proseslərə aktiv müdaxilə etmədi. Əgər Rusiya müdaxilə etmək istəsəydi, ən müxtəlif məsələləri bəhanə edib addım ata bilərdi. Bununla da Azərbaycanla Rusiya arasında yeni münasibətlər sisteminin əsası qoyuldu. Bunun ardınca 2021-ci ilin əvvəlində iki ölkə arasında yeni münasibətlərin formalaşması ilə bağlı mesajlar verilməyə başladı ki, bu da nəticə etibarı ilə münasibətlərin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymasına gətirib çıxardı”.
Vitse-spiker hesab edir ki, imzalanan sənəd həm də Ermənistana öz yerini göstərdi: “Cənab Prezidentin dediyi kimi sənəd bir çox məsələlərin həllinə rəvac verəcək. Sənədə Qarabağdakı erməni hərbi birləşmələrinin çıxarılmasına, Ermənistanın Azərbaycanla sərhədlərini müəyyən etməsinə, Zəngəzur dəhlizinin açılmasına rəvac verəcək. Ümumiyyətlə imzalanan sənəd iki ölkə arasında bərabərhüquqlu, mehriban qonşuluq münasibətləri əsasında sıx əməkdşalığa xidmət edəcək”.