Əli Əliyevin həbsinə etiraz bəyanatına kimlər imza atmayıb? - SİYAHI
Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin yaydığı bəyanat bəzi şəxslər arasında çaşqınlıq yaradıb. Belə ki, bir çoxu sözügedən bəyanatın mətni ilə tanış olmadığını və bu səbəbdən də adlarının siyahıya salınmasına təəccübləndiyini deyib.
KONKRET.az məsələ ilə bağlı adları bəyanatda qeyd olunan şəxslərdən bəziləri ilə əlaqə saxlayaraq, onların münasibətini öyrənib.
Ümid Partiyasının sədri İqbal Ağazadə: “Bizə də bəyanat göndərilməyib. Bu, yaxşı hal deyil. Bəyanatın mətnini imza atan tərəflərə göndərmək lazımdır ki, tanış olsunlar. Mən təbii ki, Müdafiə Komitəsinin üzvlərinə növbəti dəfə sənədləri göndərmələri barədə fikirlərimi bildirəcəm. Bilirsiniz, partiya elə bir qurumdur ki, onun adından yalnız sədr imza ata bilər. Yəni hər hası Müdafiə Komitəsi bəyanat yayarsa, sədr mütləq əvvəlcədən tanış olmalıdır. İndi texnologiyalar o qədər inkişaf edib ki, heç nəyi əllə gətirməyə ehtiyac yoxdur. Ən azından votsapla göndərmək olardı. Amma Əli Əliyev həbsdədir deyə, mən bu məsələyə bir az fərqli yanaşıram. İstərdim ki, Əli Əliyev dərhal həbsdan azad olunsun. Ona görə də buna yumşaq reaksiya verirəm. Və bunu ilk dəfə sizin vasitənizlə deyirəm”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu: “Partiya olaraq Müdafiə Komitəsinə üzvük. Ancaq iclaslarda mən yox, müavinim Daşqın Nuriyev iştirak edib. Mən bəyanatın mətnini mətbuatdan oxumuşam. Şəxsən orada yazılanlardan öncədən xəbərim olmayıb. Müavinimlə görüşə bilmədiyim üçün, o da mənə məlumat verməyib. Heç bir bəyanata imza atmamışam. Bəyanatın mətni ilə tanış olsaydım, öz fikir və iradlarımı da əlavə edərdim. Bu səbəbdən də ən azı partiyamızın adı qeyd olunmalı idi, mənim yox. Çünki orada olmamışam və bəyanatın mətni ilə tanış deyiləm”.
Ssenarist və kinodramaturq Eldəniz Quliyev: “Mən sözügedən bəyanatın mətni ilə şəxsən tanışam. Bu bəyanatda adımın qeyd olunmasından xəbərim var. Baxmayaraq ki, Əli Əliyevlə münasibətlərim elə də yüksək səviyyədə deyil, lakin bu məqamda onu müdafiə etmək lazımdır”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı: “Mən Əli Əliyevlə bağlı heç bir sənədə qol çəkməmişəm. Mənə asdımı siyahıya yazmaları üçün zəng vurmuşdular, amma bundan mən imtina etdim. Və bildirdim ki, əgər hər hansı müraciət olarsa, mətnini mənə göndərərsiniz, bəyənsəm, qol çəkərəm. Amma mənə heç bir mətn göndərilməyib, nə bəyənmişəm, nə də qol çəkmişəm”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu: “Bəyanatın mətni ilə tanış deyiləm. Ancaq məndən soruşublar, dəstək vermişəm. Adımın ora salınması elə də mühüm məsələ deyil ki, bunun üzərinə gedim. Dəstək vermək lazımdır və bu barədə fikirlərimi çıxışlarımda da bildirmişəm”.
ATU-nun professoru, tibb elmləri doktoru Adil Qeybulla: “Əli Əliyevin Hüquqlarını Müdafiə Komitəsində iştirak etməmişəm. Amma mənə onun müdafiə komitəsinin üzvü kimi müraciət etdilər, razılıq verdim. Bu bəyanatdan xəbərim yoxdur, oxumamışam və imza atmamışam. Şəxsən bu barədə birinci dəfə sizdən eşidirəm”.
Ağ Partiyanın sədr müavini Cavanşir Abbaslı: “Ağ Partiya rəhbərliyinin bəyanatdan məlumatı olmayıb”.