İTV-nin yayım siyasəti kimləri narahat edir? - Tənqidə öyrəşməyənlərin menyusuna
Bu gün Milli Məclisdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklə bağlı qərarı təsdiqləyib.
Maraqlısı odur ki, müzakirələr zamanı bəzi deputatlar İTV-nin yayım siyasətini tənqid edib. O İctimai Televiziyanın ki, son zamanlar verilişləri ilə Azərbaycan teleməkanında inqilabi dəyişikliklərə səbəb olub. İTV-nin efirində debatlar, ictimai müzakirələr, intellektual verilişlər tamaşaçıların gözünü oxşayır. Milli Məclis də səviyyəli və ziyalı insanların yer aldığı məkandır. Bu gün İctimai TV Azərbaycanda ən səviyyəli və mədəni televiziyalardandır. Burada bayağılığa, düşük şoulara, lazımsız qalmaqallara, şou xatirinə səviyyəsizliyə rast gəlinmir. İTV bununla həm də çox böyük kütlə ilə mübarizə aparır.
Belə olan təqdirdə görəsən deputatları bu səviyyədə olan bir televiziya niyə narahat etməlidir?
Səbəb çox aydındır. Bu deputatlar ictimaiyyəti yox, şəxsi maraqlarını güdür. Onların bir dərdi var: Nəyə görə İTV bizi efirə dəvət etmir? Nəyə görə İTV-nin efirində tənqidə yer ayrılır? Bu adamlar efirlərdə bəzəkli verilişlərə, şablon suallara, təriflərə o qədər alışıb ki, əksini görəndə şok keçirirlər.
Ancaq bəylər unudur ki, artıq o zaman deyil. Azərbaycan mediası yeni görkəm alıb, keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, mediamızda köklü islahatlar dövrüdür. "Tezis mətbuatı" yerini, tənqidi mediaya verir, cəmiyyət sosial şəbəkədə "at oynadan" söyüş bloggerlərə yox, ciddi mediaya inanmağa başlayır.
Bunun isə yolu sağlam tənqiddən, obyektivlikdən, qərəzsizlikdən keçir. Faktdır ki, cəmiyyətdə deputatlar ən çox tənqid olunan şəxslərdir. Bunun isə səbəbi heç də İTV deyil. Deputatlar günahı özündə axtarmaq yerinə onları ən mədəni şəkildə tənqid edən telekanala hücum edir. Bu hücuma isə ən gözəl cavabı tamaşaçılar verir. Sosial şəbəkələrdə onlarla insan İTV-ni müdafiə edir, onun doğru yolda olduğunu deyir.
Bu tənqidlərə ən gözəl cavabı isə İTV özü verdi: Həmin deputatların çıxışını öz sosial şəbəkə hesabında paylaşmaqla. Başlıq da çox unikaldır: İTV-də parlament günü. Azad mətbuat başqa necə olmalıdır ki? Fikir plüarizmi başqa necə olmalıdır ki? Cəmiyyətin istədiyi, arzuladığı media da məhz budur.
Bu gün efirinə çıxmadığına görə İTV-ni tənqid edən bəzi deputatlar bir az da cəmiyyəti düşündürən məsələlər haqda danışsa, yaxşı olar. Yox, əgər deputatlar yalnız medianı hədəf seçməyi qarşılarına məqsəd qoyubsa, o zaman tənqidi bütün günü sosial şəbəkələrdə söyüş söyən, insanları aşağılayan, alçaldan tik-tokerlərə, məşhurlara, fenomenlərə yönəltmək lazımdır. Cəmiyyətin üz qarası olan adamlar bəzi efirlərin ən yüksək kürsüsündə oturur, xalqa əxlaq dərsi verir.
Sosial şəbəkədə milyonluq auditoriyaya yığan bəzi modellər hansı işlərlə məşğuldur? Bu adamlar nəyə görə gənc qızlara qəhrəman kimi tanıdılır? Nəyə görə canlı yayımlarda söyüş söyənlər, övladını döyənlər, alçaldan, aşağılayan bu adamlar deputatların diqqətini cəlb etmir? Axı onlarla bağlı qanunu elə Milli Məclisdəki həmin deputatlar qəbul edib. Bu adamları nəyə görə narahat etmir? "Tiktok"da, "instagram"da əxlaqsızlıq təbliğ edilir, söyüş trendə çevrilir, efirlər isə onlarla mübarizə aparır. Nəyə görə mübarizə aparanlar baltalanır? Düşündürücüdür, deyilmi?
Çox təəssüf ki, bu gün Azərbaycanda reytinq əxlaqsızlıq ölçüsünə çevrilir. Bu da cəmiyyətimizi, gələcəyimizi məhv edir. İTV-yə isə həmin əxlaqsızlarla mübarizə apardığına görə təşəkkür düşür.