Sabiq nazir müavini və oğlunun 93 min manat borcu var - Ali Məhkəmədə də uduzdular
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası "Dəmirbank" ASC və keçmiş Nəqliyyat nazirinin müavini Arif Əsgərovla bağlı iddaya baxıb.
Azia.az-ın əldə etdiyi məlumata görə, "Dəmirbank" ASC Arif Əsgərov və oğlu Elnar Əsgərova qarşı kredit müqaviləsi üzrə mübahisələrlə bağlı iddia qaldırıb. Məhkəmə kassasiya şikayətini təmin edilmədən, qətnaməni isə dəyişdirmədən saxlayıb.
Qeyd edək ki, 2004-2015-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2015-ci ilin fevralından 2017-ci ilin fevralına (nazirlik ləğv olunana qədər) qədər Nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərov və oğlu Elnar Əsgərov bank kreditinin ödənilməməsinə görə məhkəməyə verilib. Məhkəmə ata-oğul əsgərovlardan müştərək qaydada 92 min 622 dollar tutulması barədə qərar çıxarıb. Sabiq nazir müavini və oğlunu məhkəməyə bir müddət əvvəl lisenziyası ləğv olunmuş "Dəmirbank" verib.
Əsgərovlar Binəqədi Rayon Məhkəməsinə çağrılsalar da, getməyiblər. Ona görə də barələrində qiyabi qətnamə çıxarılıb. Qərar çıxarılandan sonra isə Arif və Elnar əsgərovlar şikayət veriblər ki, bu işə Binəqədi Rayon Məhkəməsində yox, İnzibati-İqtisadi Məhkəmədə baxılmalıydı. Ancaq onların bu vəsatəti təmin olunmayıb.
Qərardan verilən apellyasiya və kassasiya şikayətləri də nəticəsiz qalıb. Bankdan krediti 2015-ci ilin noyabrında Elnar Əsgərov götürüb, atası isə zaminlik edib. Ona görə də bank Elnar Əsgərovla yanaşı, sabiq nazir müavinini də məhkəməyə verib.
Əsgərovlar ailəsinin adı bundan öncə də dəfələrlə müxtəlif qalmaqallarda hallanıb.
BiG.Az