Polis maska taxmayan qadınlara niyə cərimə yazmır? Və ya qadınlar virus yaymır? - DİN-dən açıqlama
Pandemiya dövründə qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskalardan istifadə vacibdir. Lakin bəzi hallarda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən insanlara da rast gəlirik. Hətta bu barədə irad bildirəndə belə qəribə reaksiyalar göstərənlər olur. Məsələ burasındadır ki, ictimai nəqliyyatda maska taxmayan kişilərə polis İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə yazır. Burada qeyri-adi heç nə yoxdur. Lakin maska taxmayan qadınlara şifahi formada xəbərdarlıq edilir. Bu barədə polisə "bəlkə o qadın koronavirus xəstəsidir" deyə irad bildirəndə isə "axı mentalitetimiz var, o qadındır, ona necə cərimə yazım" kimi cavabla qarşılaşırıq.
Bəs görəsən, qadınlar koronavirus yaymır? Onlarla insanın həyatını mentalitetə qurban vermək nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev cavablandırıb. O bildirib ki, qanunvericilikdə cins ayrı seçkiliyi yoxdur:
"Əmələ görə bərabər formada inzibati tərkibi yaranır və məsuliyyət nəzərdə tutulur. Hər kəs qapalı məkanlarda tibbi maskalardan istifadə etməlidir. Nəzarət qaydasındadır. Gücləndirilmiş tədbirlərimiz davam etdirilir”.