DİN rəsmisindən sərnişinlərdən maska tələb edilməməsinə REAKSİYA - "BNA-nın diqqətinə çatdırım ki..."
Qapalı məkanlarda, xüsusilə də ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlərin sayı çoxalır. Əsasən paytaxtda sərnişin avtobuslarında müşahidə olunan bu hal maskasız sərnişinlərin nəqliyyat vasitəsində qayda və tələbləri pozmasına səbəb olur ki, bu koronavirus (COVİD-19) infeksiyasının daha da geniş yayılmasına imkan yaradır.
Qeyd edək ki, daha öncə bu məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev saytımıza bildirib ki, avtobusda sürücünün sərnişindən tibbi maska istifadəsini tələb etmək səlahiyyəti yoxdur.
BNA rəsmisi bunu belə əsaslandırıb ki, əvvəllər pandemiyanın ilk vaxtlarında avtobus sürücülərinin nəqliyyat vasitəsinə daxil olan hər sərnişinə etdiyi maska xəbərdarlığı sonradan mübahisəyə çevrilirdi ki, bu da intervalda gecikmələrlə nəticələnirdi. Buna görə artıq sürücülərə avtobusa maskasız daxil olan sərnişinlərə hər hansı bir irad tutmaları barədə göstəriş verilməyib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev avtobus sürücülərinin maskasız sərnişinlərin avtobusa daxil olmasına icazə verməsi məsələsi ilə bağlı Redaktor.az-a bildirdi ki, çox vaxt avtobus sürücüləri özləri belə tibbi maskadan istifadə etmirlər:
“Bu məsələdə nəinki avtobus sürücüsü, hər bir vətəndaşın pandemiya şəraitində mövcud norma və qaydalara uyğun davranması zəruridir, vətəndaş məsuliyyətidir. Pandemiya şəraitində qapalı məkanlarda, ictimai nəqliyyatda və digər infeksiya riski olan ünvanların hər birində tibbi maskadan istifadə edilməsi, eləcə də sosial məsafə tələbi var ki, qayda və normalara ciddi əməl edilməlidir".
DİN rəsmisi bildirib ki, polis tərəfindən bütün respublika ərazisində bu istiqamətdə gücləndirilmiş qayda və nəzarət profilaktik tədbirlər davam etdirilir.
"Eləcə də diqqətə çatdırıram ki, hər gün onlarla ictimai nəqliyyatda hərəkət edən avtobus sürücüləri aşkarlanır ki, heç onların özləri tibbi maskadan istifadə etmirlər, yaxud düzgün istifadə etmirlər. Bu hallara rast gəlinir və bununla bağlı inzibati xəta tərkibi yaradan hala görə inzibati tədbirlərin görülməsi təmin olunur. Əgər ictimai nəqliyyatda avtobus sürücüsü özü maskadan istifadə etmirsə, bunu sərnişindən tələb edəcəkmi? Əlbəttə ki yox. Bu, olduqca mənəvi məsələdir. Bakı Nəqliyyat Agentliyi bildirir ki, belə bir səlahiyyət yoxdur. Bakı Nəqliyyat Agentliyinin diqqətinə çatdırım ki, tibbi maskadan istifadə etməyən avtobus sürücüləri barədə fikir ondan ibarətdir ki, bütün tədbirlərin keçirilməsində məqsəd pandemiya şəraitində qayda və tələblərə ciddi əməl edilməsi hər birimizin vəzifəsi olmalıdır. İctimai nəqliyyatda koronavirus infeksiyası ilə bağlı hər gün aktiv koronavirus xəstəsi aşkarlanırsa, bu, artıq vəziyyətin ciddiyətindən xəbər verir. Ona görə tövsiyə edirik ki, qapalı məkanlarda, ictimai nəqliyyatda hər bir vətəndaş, sərnişin tibbi maskadan istifadə ilə bağlı tələblərə əməl etməlidir. Polis tərəfindən gündəlik olaraq paytaxt ərazisində, respublikamızın digər bölgələrində gücləndirilmiş qaydada nəzarət profilaktik tədbirləri davam etdirilir. Sürücülər avtobusa daxil olan sərnişinlərə tibbi maska taxmağı tövsiyə edə bilər. Çünki sürücü avtobusda xüsusi olaraq avtobusu idarə edən şəxsdir və özü bundan istifadə etmirsə, sərnişindən bunu tələb etməyəcək. Bu məsələ bir-birinə bağlı olan haldır. Tövsiyə edirik ki, sürücülər, daşıyıcı şirkətlər də bu məsələ ilə bağlı mövcud norma və qaydalara əməl etsinlər. Bununla bağlı gündəlik monitorinqlər keçirilir. Elə daşıyıcı şirkətlər var ki, ümumiyyətlə onların xəttə buraxdığı avtobuslarda bu hala rast gəlinmir. Amma elələri var ki, buna əhəmiyyət vermirlər. Belə hallarda bununla bağlı müvafiq tədbirlər görülür, kütləvi şəkildə gündəlik olaraq reydlər aparılır”, - deyə Elşad Hacıyev bildirib.