azia.az
azia.az

Paşinyanın boşa çıxan son “patronu” - İrəvan havadarlarını da bezdirdi

19-11-2021, 09:14

Paşinyanın boşa çıxan son “patronu” - İrəvan havadarlarını da bezdirdi
Paşinyanın boşa çıxan son “patronu” - İrəvan havadarlarını da bezdirdi
Sülh oyunları bitdi, Ermənistan üçün masaya oturmaq zamanı gəlir; rusiyalı ermənipərəst politoloq: “Əliyev və Paşinyan sülh sazişinin imzalanmasına doğru gedirlər...”
Ermənistanın Azərbaycana qarşı daha bir məkrli və uzaqgedən planı boşa çıxdı. Düşmən növbəti dəfə başından “dəmir qapaz” alaraq geri oturduldu, əlavə bir neçə strateji məntəqəni (yüksəkliyi) qaytardıq, düşmən yenə xeyli canlı qüvvə və hərbi texnika itirdi.

Azərbaycan dövləti bununla qarşı tərəfə və onu himayə edənlərə anlatdı ki, Bakı ilə sülh anlaşmasının alternativi yoxdur, olmayacaq. Varsa da, yalnız belə ola bilər: revanşizmə sürüklənən erməni xalqının yeni acıları şəklində! Qalır indi ibrət götürmək və təcili şəkildə sərhədlərin delimitasiyası və demarkasiyasına başlamaq - hansı prosesi ki, rəsmi İrəvan aylardır süni şəkildə uzadır...

*****

“Beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycanın daimi şikayətlərindən, sadəcə olaraq, yorulub. O, hər iki tərəfi, nəhayətb öz aralarında razılığa gəlməyə və ortaq dil tapmağa çağırır. Niyə bizə elə gəlir ki, bütün dünya bizim problem və qayğılarımızla yaşamalıdır? Bəlkə bir az öz problemlərimizi özümüzün həll etməyimizin zamanı çatıb? Bu, təxminən dünya ictimaiyyətinin bizə mesajıdır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri srağagün kapitulyant ölkənin baş naziri Nikol Paşinyan son olaylarla bağlı “Parlament saatı”nda çıxışı zamanı söyləyib.

Əlbəttə ki, Nikol Azərbaycanın da adını bu xüsusda hallandırmaqla son faciəvi olaylar fonunda özünü təmizə çıxarıb sığortalamaq, bədbəxt erməni xalqına isə təsəlli vermək istəyir. Çünki Azərbaycan heç kimə şikayət zad-eləmir, Bakının istədiyi tək şey tam şəkildə öz haqqına qovuşmaq, Ermənistanla beynəlxalq hüquq əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlərin qarşılıqlı şəkildə tanınması əsasında sülh müqaviləsi imzalamaqdır.

*****

Beləcə, Ermənistan rəhbəri əslində etiraf edir ki, özlərinin həyasız və əsassız iddiaları üzərində qurulan şikayətləri ilə artıq dünya birliyini, Rusiya başda olmaqla, hətta müttəfiq və havadarlarını da bezdiriblər. Gerçəkdən də “əzabkeş xalq” nə vaxtadək bu qəbildən hoqqalarla hamının zəhləsini tökəcək? Axı Ermənistan özünü faktiki bütün qonşularına qarşı qoymaqla uzun müddət mövcud ola bilməz.

Diqqətçəkici məqam həm də odur ki, başı növbəti dəfə daşa dəyən Nikol Paşinyan 16 noyabr sərhəd avantürası iflas olandan sonra bu sözləri deyir. Ardınca isə o, yenə sülhdən danışıb. Hətta iddia edib ki, Azərbaycanla saziş imzalamağa hazırdır. Ancaq necə?

Sitat: “İrəvan Bakıya sülh müqaviləsi bağlamağı təklif edirdi və edir. Ümumilikdə indi və keçmiş bütün danışıqlar paketlərində ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan danışıqlar prosesinin bütün məqsədi sülh sazişinin imzalanmasına nail olmaqdır. Eyni zamanda sülh sazişi imzalanmazdan əvvəl sənədin mətni razılaşdırılmalıdır ki, bu da öz növbəsində böyük iş tələb edir”.

*****

Göründüyü kimi, Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsini yenə ilk növbədə Minsk Qrupu çərçivəsində təsəvvür edir. Yəni onu “Qarabağ”, “status” məsələsinə bağlamaq istəyir. Bilə-bilə ki, rəsmi Bakı buna heç vaxt razı olmayacaq. Demək, növbəti dəfə vaxtı uzatmaq niyyətindədir. Yaxşı bilə-bilə ki, vaxtı uzatmaq Ermənistanın yeni “dəmir yumruqlar” yeməsinə gətirəcək.

Biz hələ onu demirik ki, Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası əksini tapıb. Yəni sülh sazişi hazır olsa belə, sabah durub deyə bilər ki, bunu imzalaya bilmərəm, çünki “xalqın qəbul elədiyi” konstitusiyaya ziddir. Demək, hərb variantı təzədən gündəmə gələcək. Hərçənd 10 noyabr kapitulyasiya sənədini imzalamaqla Ermənistan faktiki işğalçı olduğunu boynuna alıb və dolayısıyla olsa da, ölkəmizin ərazi bütövlüyünü tanıyıb. Çünki həmin sənəddə separatçı rejimin imzası yoxdur.

Bütün hallarda bu, Azərbaycanın yox, Ermənistanın, onun toplumunun problemidir. Ölkəmizə, qardaş Türkiyəyə qarşı on illərdir ərazi iddiaları ilə yaşayıb bunu “sənədləşdirəndə”, “Böyük Ermənistan” xülyasını öz konstitusiyalarında əks etdirəndə gərək bütün bunların bədəlini də yaxşı hesablayaydılar ki, indi yuridik cəhətcə də axmaq və qəliz duruma düşməyəydirlər.

Yazı hazırlanarkən məlum oldu ki, Paşinyan hökumətin dünənki iclasında Rusiya Müdafiə Nazirliyinin Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasına başlanmaqla bağlı təkliflərinin İrəvan üçün məqbul olduğunu deyib və yeni müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı Sergey Şoyqu ilə təfərrüatları dəqiqləşdirməyi tapşırıb.

Deyəsən, buz sınır. Sınırmı?..

*****

MN son vəziyyəti açıqladı: Qarşı tərəf təşviş içində mövqelərini tərk edir - JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

“Siyasi baxımdan 2020-ci il noyabrın 10-da üçtərəfli sazişi imzalayan Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevə müharibənin yenidən başlaması sərfəli deyil. Bütün əlamətlərdən görünür ki, onlar sülh sazişinin imzalanmasına doğru gedirlər”.

Bu fikri rusiyalı ermənipərəst politoloq Stanislav Tarasov erməni KİV-dəki məqaləsində yazıb.

Beləcə, artıq Ermənistanı uzun illər nəyinsə qarşılığında himayə edən bəzi rusiyalı tanınmış ekspertlər də təngə gəlib və İrəvan üçün Bakı ilə hərtərəfli sülh sazişi imzalamaqdan savayı yol görmürlər. Əks halda Ermənistanı daha ağır itkilərə tuş gələcəyi barədə xəbərdar edirlər.

*****

“Müharibə başlayacağı təqdirdə Ermənistan Zəngəzuru da itirə bilər”.

Bunu isə “Trend”ə digər rusiyalı politoloq, teleaparıcı və ictimai xadim, Qarabağ məsələsində həmişə ədalətli mövqeyi ilə tanınan Maksim Şevçenko Ermənistanın Azərbaycanla sərhəddə təxribatçı addımlarını şərh edərkən deyib.

“Bu qarşıdurmalar 2020-ci il müharibəsindən sonrakı siyasi prosesin başa çatmamasının nəticəsidir. Mən əminəm ki, erməni cəmiyyətinin daxilində revanş arzusu, məğlubiyyət acısı və gəlib onları xilas edəcək xarici müttəfiq arzusu var. Nasist Almaniyası məğlub olmağa başlayanda, artıq 1943-cü ildə onların müqəddəratı həll olunmuşdu. Amma yenə də onlar sonadək ümid edirdi ki, Stalinlə Ruzveltin arası dəyəcək, hansısa möcüzə silah peyda olacaq. Təxribatçılara müqavimət göstəmək lazımdır, amma eyni zamanda sülh prosesi yolu ilə addımlamaq, o cümlədən erməni cəmiyyətinə bu yolu getməkdə kömək etmək də lazımdır”, - deyə M.Şevçenko bildirib.

Sərhəd döyüşünün şifrələri: Paşinyan B planını işə salır - TƏHLİL

Politoloq hesab edir ki, Ermənistan müharibə başlayacağı təqdirdə çox şey itirə bilər. “Azərbaycan bu iki gündə açıq şəkildə göstərdi ki, erməni tərəfinin hay-küyü Ermənistanın Zəngəzuru itirə biləcəyinə də gətirib çıxara bilər. Ermənistan hesab edir ki, Rusiya Azərbaycanın üzərinə gedəcək. Bu, sadəlövh hesablamadır. Eyni zamanda cinayətkar hesablamadır. Çünki Rusiyanı regiondakı maraqların daxilinə cəlb edir. Rusiya müdaxilə etməyəcək, Ermənistana görə döyüşməyəcək”, - politoloq xəbərdarlıq edib.

Bundan başqa, M.Şevçenko Ermənistan tərəfinin guya Rusiya ilə Türkiyə arasında qarşıdurmanın qaçılmazlığı barədə bəyanatlarını da şərh edib. “Erməni tərəfi daim deyir ki, Rusiya ilə Türkiyə arasında qarşıdurma qaçılmazdır. Mən belə hesab etmirəm. Biz tam normal əməkdaşlıq görürük. Biz prezident Putinlə prezident Ərdoğanın görüşlərini, telefon danışıqlarını görürük. Rusiya Türkiyədə böyük atom elektrik stansiyası tikir, Türkiyəyə Rusiyanın ən müasir silah sistemlərinin satışı ilə bağlı danışıqlar aparılır. Ona görə də bunlar təhlükəli illüziyalardır və bir neçə gün əvvəl Daşaltı kəndində qeydə alınmış terror-təxribat əməllərinə gətirib çıxara bilər. Siyasətdə illüziyadan təhlükəli heç nə yoxdur”, - deyə o, fikrini tamamlayıb.

Erməni xalqının və onu rəhbərlərinin ən böyük faciəsi də məhz illüziyalarla yaşamaqdır. Ancaq İrəvanın ifasında sülh oyunları və tamaşaları artıq bitib, Paşinyan sonuncu “patronu”nu da atıb. İndi masaya oturmaq zamanıdır...

Analitik xidmət,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi