Samir Şərifov vaksinlərin alınmasından danışdı
Bugünədək bütün vaksinlərin alınması ilə bağlı xərclər dövlət büdcəsindən qarşılanıb.
Bunu Trend-ə özəl açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
Samir Şərifov bildirib ki, növbəti il üçün də müvafiq tədarük edilib:
"Vaksinlər hər zaman diqqətdə saxlanılır. Vaksinlər əvvəldən sifariş olunduğuna görə cari ildə onlar üçün vəsait ödənilib, daha doğrusu ödənilməsi nəzərdə tutulub. Vəsaitin bir hissəsi hələ ödəniləcək. Vaksinlərin bir partiyası ölkəyə bu il, əsas hissəsi isə gələn il gələcək. Vəziyyətə baxılaraq əlavə vəsaitin ayrılması da mümkün ola bilər," - deyə nazir əlavə edib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək. Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.