"Kişi evində başqa kişi "tutur", arvadını, bacısını və ya anasını öldürür, bunun gender bərabərliyi ilə əlaqəsi yoxdur" - Partiya sədri
"Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmaq bir qədər risklidir. Ona görə də qadınlar bu məsələlərə çox da meyil göstərmirlər. Həmçinin qadınlar müəyyən vaxtlarda evdə uşaq tərbiyəsi ilə məşğul olurlar və s. Bu kimi səbəblərə görə qadınların siyasi aləmdə aktivliyi çox da müşahidə edilmir. Amma geniş mənada ölkədə gender bərabərliyi qanunvericiliklə qorunur. Hətta deyərdim ki, Azərbaycanda qadınların hüququ kişilərinkindən daha çoxdur".
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, gender bərabərsizliyi Azərbaycan üçün xarakterik deyil: "Son aylar daha da intensivləşən ailə zəminində baş verən cinayət hallarını da gender bərabərsizliyi ilə əlaqələndirmək olmaz. Kişi evində başqa kişi "tutur", adət-ənənəyə, milli mentalitetə görə arvadını, bacısını və ya anasını öldürür. Bu, milli adətlərlə, qeyrət məsələləri ilə bağlı baş verən cinayət hadisələridir. Həmin hadisələr zorakılıq kimi tənqid edilə bilər, lakin gender bərabərliyi ilə əlaqəsi yoxdur. Gender bərabərliyini dövlətin və cəmiyyətin məsələyə yanaşması müəyyən edir. Yəni, qadınlara qarşı zorakılığa qanunvericiliklə icazə verilmir".
S.Cəlaloğlu qeyd edib ki, Azərbaycan Demokratik Partiyasında idarəetmədə bir qadın fəaliyyət göstərir.