Azərbaycanın Hərbi Hava Qüvvələri kosmosdan idarə olunur
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Hərbi Hava Qüvvələrinin (HHQ) Mərkəzi Komanda Məntəqəsində (MKM), o cümlədən Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsi Mərkəzi Rabitə Qovşağının Peyk Rabitəsi İdarəetmə Mərkəzində olub.
Bu barədə Müdafiə Nazirliyi bildirir. Müdafiə nazirinin müavini – HHQ komandanı general-leytenant Ramiz Tahirov müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş komanda məntəqəsinin fəaliyyəti barədə Baş Qərargah rəisinə məruzə edib. Bildirilib ki, ən yeni texnoloji avadanlıqla təchiz edilmiş MKM qarşıya qoyulan döyüş tapşırıqlarının HHQ tərəfindən operativ icrasını təmin edir.
Qeyd edilib ki, Vətən müharibəsi dövründə komanda məntəqəsindən döyüşlərin fasiləsiz idarə olunması və ordu aviasiyasının döyüş tapşırıqlarının uğurlu icrasına nəzarət həyata keçirilib. Bu da Azərbaycan HHQ-nin döyüş əməliyyatları boyunca düşmən üzərində hava üstünlüyünün saxlanılmasını təmin edib.
Sonra Baş Qərargah rəisi Peyk Rabitəsi İdarəetmə Mərkəzində olub. Bildirilib ki, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla peyk rabitə sistemi əsasən “Azərkosmos” ASC-nin peyki üzərindən fəaliyyət göstərir.
Baş Qərargah rəisi azad olunmuş ərazilərimizdə yerləşən qoşunlarımızın dayanıqlı və təhlükəsiz rabitəsinin təmin edilməsi ilə bağlı Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.