Bakıda şagirdlərin önündə baş verən polis-vətəndaş insidentinin TƏFƏRRÜATI - YENİLƏNİB + VİDEO
Məktəbin qarşısında yol polisi ilə sürücü arasında yaşanan insidentin təfərrüatı bəlli olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə başını divara vuraraq özünə xəsarət yetirməyə çalışan şəxsin kimliyi müəyyənləşib:
"Həmin şəxs taksi sürücüsü Şükürlü Rüfət Umud oğludur.
"Oper Astra" markalı 90-RR-384 dövlət nömrə nişanlı avtomobilin sürücü olan R.Şükürlü yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşları tərəfindən ona cərimə tətbiq edilib.
Cərimə yazıldıqdan sonra şəxs özünə xəsarət yetirmək məqsədilə başını divara vurmağa çalışıb. Polis əməkdaşları isə onu sakitləşdirməyə çalışıb. Sosial şəbəkədə şəxsin övladlarını təhsil müəssisəsindən götürməyə gəldiyi qeyd edilsə də, araşdırma zamanı məlum olub ki, uşaqlar onun deyil. Sadəcə olaraq ailə tərəfindən uşaqların təhsil müəssisəsinə aparılması üçün tutulan taksi sürücüsüdür.
Hadisədən sonra aidiyyəti üzrə polis əməkdaşları tərəfindən məktəblilərin təhlükəsizliyi təmin edilib və onlar yaşadıqları ünvanda ailələrinə təhvil verilib".
***
10:22
Bakıda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşı ilə vətəndaş arasında insident yaranıb.
Oxu.Az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. İlkin məlumata görə, 60 nömrəli məktəbin qarşısında avtomobili saxlayan valideyn övladını götürmək istəyib. Bu zaman polis əməkdaşları ilə mübahisə yaşanıb.
Videogörüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirələrə səbəb olub. İnsanlar uşaqların gözü önündə bu cür hadisənin yaşanmasını qınayıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildirilib ki, qeyd edilən hadisə zamanı "Opel Astra" markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlaması digər maşınların hərəkətinə maneə yaradıb:
"Sürücüyə ərazidə olan yol polisləri bir neçə dəfə xəbərdarlıq ediblər. Amma sürücü buna məhəl qoymayıb. Daha sonra polislər sürücü barəsində inzibati protokol tərtib ediblər. Bu zaman sürücü yol polisləri ilə mübahisə edib və onları təhqir etməyə başlayıb. Daha sonra sürücü özünə xəsarət yetirmək üçün yaxınlıqda yerləşən orta məktəbin divarına baş nahiyəsini vurmağa çalışaraq, guya polis əməkdaşlarının onu döydüyü barədə həqiqətə uyğun olmayan görüntü yaratmağa çalışıb. Amma yol polislərinin çevikliyi sayəsində videodan da göründüyü kimi sürücünün özünə xəsarət yetirməsinə imkan verilməyib.
Daha sonra sürücü ərazi üzrə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aparılıb. Onun barəsində araşdırmalar aparılır. Qeyd edək ki, sürücünün guya uşaqlarının gözü önündə polislər tərəfindən döyülməsi barədə sosial şəbəkələrdə yayılan fikirlər tam yalnış və yoxlanılmadan tirajlanan məlumatlardır. Həmin uşaqların qaydaları pozan sürücü ilə heç bir əlaqəsi yoxdur. Hadisə məktəbin yaxınlığında baş verdiyindən uşaqlar da lentə alan şəxs tərəfindən görüntülənib. Həmin sürücü qəsdən ajiotaj yaradaraq məsuliyyətdən yayınmaq üçün bu cür şouya əl atıb".