Daha bir Azərbaycan-Türkiyə hərbi təlimləri başladı: “Mustafa Kamal Atatürk-2021”...
Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iyunun 28-dən Bakıda “Mustafa Kamal Atatürk - 2021” birgə döyüş atışlı taktiki təlimi başlayıb. Bu barədə Müdafiə Nazirliyi bildirir.
Məlumata əsasən Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.
İyunun 30-dək davam edəcək təlimə 600 nəfərədək şəxsi heyət, 40-dək tank və digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan, 7 ədəd döyüş və nəqliyyat helikopteri, 3 ədəd müxtəlif təyinatlı pilotsuz uçuş aparatı, 50-dək avtomobil texnikası cəlb olunub.
Xatırladaq ki, bu günlərdə Naxçıvanda Azərbaycan-Türkiyə birgə komanda-qərargah təlimləri başa çatıb. Həmin təlimlərdə “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri də tətbiq olunub.