Qarabağda döyüş səhnəsi: “OSA” hədəfdən yayınır, ardınca “Harop” onu vurur
Azərbaycan ordusunun şanlı qələbəsi ilə başa çatan 44 günlük Qarabağ müharibəsi zamanı pilotsuz aparatların düşmənin hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirməsinə dair çoxsaylı epizodlar məlumdur. Bunlardan ən unikalı və uzun müddət beynəlxalq mediada, hərbi çevrələrdə müzakirə olunanı Azərbaycan Dövlət Sərhəd Xidmətinin istismar müddətini çoxdan başa vurmuş “An-2” (“kukruznik”) sovet mülki təyyarələrini pilotsuz uçan təyyarəyə çevirməklə düşmənin hava hücumundan müdafiə sistemlərinin yerini müəyyən etməsi, daha sonra onları “Harop” kamikadze-dronları ilə məhv etməsidir.
Məhz Qarabağ müharibəsindən sonra Rusiya istehsalı olan zenit-raket komplekslərinin kamikadze-dronlara və ya “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinə qarşı effektivliyi ciddi sual altına düşdü. Xüsusən də yaxın mənzilli hava hədəflərinə qarşı nəzərdə tutulan “Osa” zenit-raket komplekslərinin (hansı ki, ermənilərin hava hücumundan müdafiə sisteminin birinci eşalonunu məhz bu komplekslər təşkil edidi) müharibə aləti kimi yararsız olduğu təsdiqləndi.
Virtualaz.org xəbər verir ki, Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun “Osa” zenit-raket kompleksi ilə Azərbaycan ordusunun “Harop” kamikadze-dronu arasında ikincinin xeyrinə başa çatan qarşılaşmaya dair ermənilərin çəkdikləri görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərə əsasən “Osa” heyəti havada dövrə vurub şikarını axtaran “Harop”u vurmaq üçün raket atır, amma raket hədəfdən yayınır. Ardınca “Harop” həmin zenit-raket kompleksini məhv edir...