Azərbaycanda bugünə kimi həbs olunan Milli Qəhrəmanların dosyesi
Xəbər verdiyimiz kimi, 2 gün əvvəl - martın 15-i ehtiyatda olan general-leytenant, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərov 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə iş adamı Elçin Əliyevin qətlində şübhəli bilinərək həbs olunub.
PİA.az xəbər verir ki, Rövşən Əkbərovun həbsindən əvvəl Azərbaycanda daha 2 Milli Qəhrəman - 1994-cü ildə Surət Hüseynov, 2001-ci ildə isə Rasim Əkbərov həbs olunublar. Həbs olunduqdan sonra hər 2 şəxsin Milli Qəhrəman adı onlardan geri alınıb.
Bugünə kimi həbs olunan Milli Qəhrəmanlar haqqında qısa məlmuatı təqdim edirik:
Surət Davud oğlu Hüseynov 19 fevral 1959-cu ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1977-1979-cu illərdə Sovet ordusunda xidmət edib. 1983-ci ildə institutu bitirib Pyatiqorsk (Rusiya) şəhərinə köçüb, daha sonra Azərbaycana qayıdıb və 1984-cü ildən Şəki tədarük idarəsinin çeşidləyicisi, 1986-cı ildən Yevlax rayonunun yunun ilkin emalı fabrikinin böyük nəzarətçisi, sex rəisi, 1989-cu ildən həmin fabrikin direktoru vəzifələrində işləyib.
1992-ci ilin əvvəllərində könüllü batalyon yaradıb və Qarabağdakı döyüş əməliyyatlarına maliyyə dəstəyi verib. 1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrində çalışıb. Prezident Əbülfəz Elçibəyin 8 avqust 1992-ci il tarixli Fərmanına əsasən Qarabağda olan 40 minlik silahlı qüvvə yeni yaradılan 2-ci Ordu Korpusuna tabe etdirilib və Surət Hüseynov korpusun komandanı təyin edilib. 9 oktyabr 1992-ci ildə Surət Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
1993-cü ilin aprel ayında – Kəlbəcərin işğalından sonra, Hüseynov rəsmi Bakıya tabe olmur və nəticədə 1993-cü il iyunun 4-də Gəncədə yerləşən hərbi hissənin tərksilah edilməsi haqda əmr verilir. Uğursuzluğa düçar olan əməliyyat hər iki tərəfdən 35 nəfərin həlak olması ilə nəticələnir. Bundan sonra Sürət Hüseynov tərəfdarları Bakıya doğru istiqamət alır və prezident başda olmaqla AXC iqtidarının istefasını tələb edirlər.
Surət Hüseynov 1993-cü il iyununda dövrün Milli Məclisin sədri və prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyev tərəfindən baş nazir təyin olunub.
1994-cü il oktyabrında Surət Hüseynovun yenidən silahlə çevriliş cəhdində ittiham olunur. Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırıldı.
1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.
Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də president İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.
Həbsdən azad olandan sonra Türkiyə başda olmaqla xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb.
Rasim Ağa oğlu Əkbərov 1957-ci ildə anadan olub. Rasim Əkbərov 19943-2000-ci illərdə Goranboy rayonu İcra hakimiyyətinin başçısı olan “Ağa dayı” kimi tanınan Ağa Tahir oğlu Əkbərov oğludur. Onu da bildirək ki, Ağa Əkbərov ötən ilin noyabr ayında vəfat edib.
Rasim Əkbərov eyni zamanda Milli Məclisin sabiq deputatı, məşhur “91-lər”dən biri olan Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin dekanı olmuş Səfiyar Musayevin kürəkəni olub. Qeyd edək ki, Səfiyar Musayev 1999-cu ildə vəfat edib. Polkovnik-leytenant rütbəsi daşıyan Rasim Əkbərov Goranboy rayonundakı "N" saylı hərbi hissənin sabiq komandiri olub. Prezident Əbülfəz Elçibəyin 23 iyun 1992-ci il tarixli 6 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Rasim Əkbərov 2000-ci il fevralın 8-də dövlət çevrilişinə cəhd maddəsi ilə təqsirli bilinərək, 15 illik həbs cəzası alıb. Pezident Heydər Əliyevin 18 iyul 2001-ci il tarixli 537 saylı Fərmanı ilə Rasim Ağa oğlu Əkbərov Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilib.
Rasim Əkbərov Prezident İlham Əliyevin 26 avqust 2008-ci il tarixində imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb. Hazırda Goranboy rayonunda yaşayan Rasim Əkbərovun bizneslə məşğul olduğu bildirilir.
Əkbərov Rövşən Telman oğlu 4 iyun 1965-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci oildə 42 saylı orta məktəbin birinci sinfinə gedib. 1979-cu ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olub.1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. 1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilir. 1987-ci ildə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilir.
1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə dönür. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir.1993-95-ci illərdə hərbi hissədə bölük komandiri olub. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Rövşən Əkbərov 1995-ci il mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak edib. General-leytenant rütbəsinə qədər yüksələn Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olub.
2002-ci ildən general-leytenantdır. 2011-ci ilin fevralında Ordu korpuslarından birinin komandiri təyin olunub. 2020-ci ildə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb. 16 mart 2021-ci ildə həbs edilib.
Qeyd edək ki, bugünə kimi Azərbaycanda 129 nəfərə Milli Qəhrəman adı verilib və onlardan 2-sinin adı geri alınıb. (yeniavaz.com)