azia.az
azia.az

2,5 milyon manata Malta vətəndaşlığı alan azərbaycanlılar - ARAŞDIRMA

14-01-2021, 00:37


Malta “qızıl pasport” sahiblərinin adını açıqlayıb. 2019-cu ildə 3 min xarici ölkə vətəndaşı Malta vətəndaşlığı alıb.
2,5 milyon manata Malta vətəndaşlığı alan azərbaycanlılar - ARAŞDIRMA
Azia.az Bizim.Media-ya istinadən xəbər verir ki, siyahıdakı 300 nəfərin ad və soyadına baxanda onların keçmiş SSRİ ölkələrinin vətəndaşları olduğu məlum olur.

Əvvəllər Malta hökuməti sərmayə müqabilində vətəndaşlıq verdiyi şəxslərin adlarını məxfi saxlayırdı. 2019-cu ildə Malta vətəndaşlığı alan məşhur oliqarxlardan biri də “Forbes”in milyarderlər siyahısında yer alan “Texnonikol”un yaradıcısı Sergey Kolesnikovdur.

Varlı ruslar arasında Malta pasportuna sahib olanlardan Adriana Melnikova, Sergey Boqdançikov, Vedernikov, Anton Strekalov, Andrey Zinovyev və gürcü Georgi Çumburidzenin adları var.

Qeyd edək ki, 2019-cu il ilə bağlı olan siyahıdakı adamlar 2020-ci ildən etibarən Malta vətəndaşıdır.

Ən yeni siyahıda azərbaycanlıların adına rast gəlinməsə də, 2018-ci ildə Malta vətəndaşlığı almaq üçün müraciət edib, 2019-cu ildə “qızıl pasport” alanlar arasında həmvətənlərimiz var:

Ayxan Bəylər Məmmədbəyli

Bəşir Yusif oğlu Cabbarov

Bəylər Firudin Məmmədov

Yusif Həsən oğlu Cabbarov

Xatırladaq ki, Azərbaycan vətəndaşlarının ikili vətəndaşlığı qadağan edilib. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 10-cu maddəsində ikili vətəndaşlıqla bağlı məsələyə konkret yanaşma əks olunub.

Belə ki, Azərbaycan vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin - dövlətlərin vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, ölkəmizin beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Konstitusiyamızın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

10-cu maddənin ikinci hissəsinə görə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı Xarici İşlər Nazirliyi (AR XİN) və Dövlət Miqrasiya Xidmətinə (AR DMX) 1 ay müddətində yazılı məlumat verməlidir.

Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qeyd edək ki, Malta öz pasportunu əcnəbilərə müəyyən şərtlərlə verir. Belə ki, Malta vətəndaşı olmaq istəyənlər əvəlcə həmin ölkənin Milli İnvestisiya Fonduna 650 min avro vəsait köçürməli, iqtisadiyyatına isə 150 min avro sərmayə yatırmalıdır.

Bununla yanaşı, Malta pasportunu daşımaq üçün 350 min avro da əmlaka xərclənməli, yaxud ildə 16 min avro pul verib, 5 illik kirayə müqaviləsi imzalanmalıdır. 2020-ci ilin oktyabrından sonra Malta vətəndaşlığını rezident formasında 1 ildən 3 ilə kimi verilir və artıq “qızıl pasport”a sahib olmağa çalışanlar dərin hüquqi yoxlamalara da məruz qalır.

Nəticədə onu deyə bilərik ki, Malta vətəndaşı olmaq üçün 2,5 milyon manata qədər pul lazımdır.

Malta vətəndaşlığı alan azərbaycanlıların kimliyi haqda araşdırmalarımız davam edir, yaxın günlərdə oxucularımızın diqqətinə tədim edəcəyik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi