““Bayraqtar” dumanda və qarda erməniləri yenə sərrast vuracaq”-Rusiya nəşri
Hərbi ekspertlər bildirir ki, yaxınlaşan qış mövsümünə baxmayaraq, Azərbaycan ordusu PUA-lardan istifadəsini davam edəcək, üstəlik qışda düşmən qüvvələrinin meşəlik sahəni örtük kimi istifadə etməsi daha çətin olacaq...
Şuşada oktyabrın sonu qar yağırdısa, indi...
Havaların soyuması və yaxınlaşan qış mövsümü Azərbaycanın müzəffər Ordusunun Qarabağdakı dağlıq zonalarda hərbi əməliyyatlarına hansı çətinliklər yarada biləcəyi son günlər maraq edilən mövzular sırasındadır.
Son illərdəki iqlim dəyişiklikləri şübhəsiz ki, Qarabağın dağlıq hissəsinə də təsirsiz ötüşməyib. Məsələn, işğaldan əvvəlki illərdə hərbi əməliyyatların indi aktiv fazada olduğu Şuşada adətən, oktyabrın sonu və noyabrda qar yağırdısa və bu qar hətta şəhərin quzey hissələrində mayadək yerdə qalırdı. Amma işğal səbəbindən son 30 ildə bu bölgədə dəqiq araşdırma aparmaq mümkün olmasa da, müşahidələr qlobal istiləşmənin Qarabağın dağlıq zonasına da təsirsiz ötüşmədiyini göstərir. Qeyd edək ki, Şuşanın yüksək zirvəsi 2725 metr olan Böyük Kirs dağıdır ki, burada əvvəlki illərdə hətta yay aylarında da qar olurdu. Şuşanın ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda -4 °C-dən -1 °C-yədəkdir. İllik yağıntı işğaladək təxminən 700–800 mm. olub. Bu iqlim təkcə Şuşada deyil, Qarabağın digər dağlıq zonaları üçün də ümumən xarakterik hesab olunurdu.
Azərbaycan Ordusunun sentyabrın 27-də əks-hücuma başlayan gün dağlarda gündüz 14-18 dərəcə, axşam 7-12 dərəcə isti olub. Hərbi əməliyyatların başlamasından bir ay ötdükdə-oktyabrın 27-də dağlıq zonalarda havanın temperaturunda xüsusi dəyişiklik olmayıb. Noyabr ayının hava proqnozunda isə hərbi əməliyyatların davam etdiyi bölgələrdə-Şuşa, Xocalı, Ağdərə zonasında temperaturun 10-3 dərəcə istilik təşkil edəcəyi proqnozlaşdırılır.
“Qarabağdakı müharibənin qış kampaniyası Ermənistan üçün xoşagəlməz sürprizlər vəd edir”
Rusiyanın nüfuzlu “Moskovskiy komsomolets” qəzeti “Qarabağdakı müharibənin qış kampaniyası Ermənistan üçün xoşagəlməz sürprizlər vəd edir” sərlövhəli yazıda bu məsələyə diqqət yetirib.
Bildirilir ki, hərbi əməliyyatlar başlayandan xeyli texnika itirən və işğaldakı ərazilərin xüsusilə cənub zonasından Laçınadək geri çəkilən Ermənistan qış mövsümünə sanki özünün “xilası” kimi baxır. Amma ekspertlər deyir ki, Ermənistanın mümkün qədər müqavimət göstərərək, havaların soyumasına ümid etməsi yanlış xəyaldan başqa bir şey deyil. Mütəxəssislərin fikrincə, cəbhənin konfiqurasiyası və qüvvələrin hesablanmasının təhlili göstərir ki, qış mövsümü Ermənistan üçün deyil, əksinə Azərbaycan xeyrinə işləyən amildir.
“İrəvan şübhəsiz ki, müəyyən ümidləri qış mövsümünün yaxınlaşması ilə dağlıq ərazilərdə üstünlük təşkil edəcək güclü yağış və dumana bağlayırlar. Ermənistan ümid edir ki, bu cür hava şəraiti Azərbaycan qoşunlarının irəliləməsini əngəlləyə, o cümlədən dağ yolları boyunca möhkəmlənmə, döyüş sursatı, yanacaq, sürtkü yağları və digər zəruri ehtiyatların çatdırılmasını çətinləşdirə bilər” deyə, məqalədə bildirilir. Ekspertlər isə İrəvan üçün belə bir “ssenarinin” heç nəyi dəyişməyəcəyinə inanırlar: “Çünki hətta ermənilərə tərəf kimi görünən hərbi jurnalistlər etiraf edirlər ki, erməni ordusunun şəxsi heyətinin formalaşmasında ciddi problemlər, həmçinin fərarilik var. İkincisi, müdafiə mövqeyində olan erməni ordusunun möhkəmlənmək üçün şəxsi heyət və təminatda ciddi çətinliklər yaşanır.
Üstəlik, müdafiəni qurmaq və qüvvələrin uğurlu konsolidasiyası və ordunun zəruri təminatı təhlükə altındadır”. (Aydındır ki, söhbət Laçın koridoruna Azərbaycanın tam nəzarətə almaq istəyindən gedir-O.Ə).
Ekspertlər deyir ki, yağış və duman şəraitində Azərbaycanın geniş istifadə etdiyi PUA-ların daha işə yaramayacağı, bu səbəbdən də insanlı hücum təyyarələrini daha aktiv istifadə etmək məcburiyyətində qalacağı haqda Ermənistanın gözləntisi də yalnız xəyaldır. Belə ki, Bakının ordusuna aldığı “Bayraktar” pilotsuz təyyarələrində Wescam çoxkanallı optik-elektron sistemi var. Mütəxəssislər fikrincə, havanın dumanlı olması istər-istəməz “Bayraktar”ın əldə edilən məlumatlarının keyfiyyətinə təsir edə bilər. Lakin “Bayrakdar”da hava şəraitinin təsirini minimuma endirmək üçün xüsusi datçiklər var, həm də müxtəlif diapazonlarında işləyən sensorlardan istifadə olunur.
Qış dövrünün başlaması hərbi kampaniyanın gedişatına kritik təsir göstərməyəcək
Bildirilir ki, hava şəraitinə baxmayaraq, Azərbaycan ordusu PUA-lardan istifadəsini davam edəcək, üstəlik, qışda düşmən qüvvələrinin meşəlik sahəni örtük kimi istifadə etməsi daha çətin olacaq, İHA-lar onları daha tez aşkar edə biləcək. “Laçına nəzarəti ələ keçirmək və Şuşanın azad edilməsi qaçılmazdır və qış dövrünün başlaması hərbi kampaniyanın gedişatına kritik təsir göstərməyəcəkdir. Kampaniyanın qış dövrünə girməsi yalnız zahiri cəhətdən erməni tərəfinə təsir edir, lakin həqiqi hərbi baxımdan vəziyyət dəyişməyəcək - Azərbaycan qoşunları tədricən Qarabağın dərinliyinə doğru irəliləyəcək. Əslində zaman Ermənistana qarşı işləyir və üstünlük tamamilə fərqli iqtisadi gücə sahib olan Azərbaycanın tərəfindədir. Ümumiyyətlə, hava şəraiti Azərbaycan qoşunlarının irəliləməsini yalnız ləngidə bilər, lakin hərbi kampaniyanın strateji gedişatını dəyişdirə bilməz” deyə, mütəxəssislər bildirib.
“Biz əks-hücuma başlamadan bilirdik ki...”
Polkovnik Şair Ramaldanov Musavat.com-a açıqlamasında hava şəraiti ilə bağlı narahatlığa əsas görmür: "Ordu yalnız yaz və yay aylarında döyüş üçün hazırlanmır. Ordu ilin bütün fəsillərində döyüş tapşırıqlarını yerinə yetirmək üçün hazırlanır. Prinsip etibarı ilə Silahlı Qüvvələrimiz qışda da döyüş tapşırıqlarını yerinə yetirib, yəni dağlarda, postlarda və s. Belə baxsaq, ordumuzun əsas hissəsi demək olar ki, dağlıq, meşəlik zonalarda xidmət aparır. Yəni təmas xətti daha çox dağlıq zonasında gedir. Təminat məsələlərinə gəlincə, bilirsiniz ki, Azərbaycan Ordusunun hələ döyüşlər başlamadan payız və qış fəslinə keçilməsi ilə bağlı tədbirlər görülmüşdü. Hər payızın əvvəlində payız və qış fəslinə keçməklə əlaqədar tədbirlər görülür. İsti paltar və s. həmin payız və qış fəslinə keçiddə təminat məsələləri ilə təmin olunur. Ordu döyüşür. Biz bilirik ki, qarşıda hansı relyefdir, ərazidir. Kimsə bu başlayan müharibənin nə zaman bitəcəyini deyə bilməz. Biz bunu bilirdik və onun üçün də lazım olan bütün ehtiyatları görmüşük və görülməkdədir. Ordumuz bu şəraitdə istər dağlarda, istərsə də meşələrdə olsun, döyüş tapşırıqlarını hər an icra etməyə hazırdır. Biz əks-hücuma başlamadan bilirdik ki, hansı ərazidə döyüşəcəyik, hansı çətinliklərlə rastlaşacağıq və bunun qarşılığında hansı hazırlıqlarımızı görməliyik”.
Orxan ƏLİYEV,