azia.az
azia.az

Vətəndə vətənsizlik dərdi

1-10-2020, 15:39


Vətəndə vətənsizlik dərdi



Subut Mehdiyev: "Bakıdakı ermənilər hər şeylə təmin olunublar, normal şəraitləri var, hətta onlardan dövlət qulluğunda, vəzifələrdə işləyənləri də az deyil"



"Laçın RİH-in bəzi işçiləri yaxın adamlarının adına şişirdilmiş rəqəmlərlə sənədlər tərtib etməklə külli miqdarda maliyyə vəsaitini mənimsəyiblər"

Vətəndə vətənsizlik dərdi

Müsahibimiz "qlobxeber.az" internet portalının sahibi Subut Mehdiyevdir.

- Mayın 18-də Laçın rayonunun işğal olunmasının 19-cu ili tamam olur. Bu işğalda bir çox insanların adları hallanıb, bəzi faktlar açıqlanıb. Ancaq 19 ildir nəinki ölkə ictimaiyyəti, hətta laçınlılar belə, sözügedən işğal faktında müqəssirlərin konkret kimlərin olması barədə tam təfərrüata malik deyillər. Lakin Laçın xəyanətin qurbanı oldu...

- Şuşanın ardınca Laçının işğal olunmasının əsas səbəbi hakimiyyət uğrunda gedən amansız savaş oldu. Sapı özümüzdən olan baltalar həmin rayonların zəbt edilməsinin günahkarları idi. Başda Etibar Məmmədov olmaqla Xalq Cəbhəsinin hazırda ağızdolusu danışan bəzi rəsmiləri bu işğal faktında mühüm rol oynadılar. Çünki həmin vaxtlarda mən və mənimlə bərabər Laçın ictimaiyyətinin əksər nümayəndələrindən ibarət xüsusi dəstələr torpaqlarımızı qoruyur, vətənin keşiyində dayanırdıq. Laçının müdafiəsində dayanan könüllülər batalyonunun komandiri isə Arif Paşayev idi. Sonradan onu qanunsuz olaraq vəzifəsindən azad etdilər. Bizim də bütün zəhmətimiz və əziyyətimiz hədər getdi. Laçın işğal olundu. O zamanlar eşitdiyimə görə, Etibar Məmmədov tərəfindən qrup halında maşınlar və xüsusi adamlar göndərilmişdi. Həmin adamlar Laçında təbliğat aparırdılar ki, rayonu tezliklə boşaltmasalar, laçınlılara divan tutulacaq, onlar kütləvi şəkildə qırılacaq, girov götürüləcək və s. Bir sözlə, ikinci Xocalı faciəsinin baş verəcəyi barədə aparılan təbliğat rayonumuzda ciddi psixoloji gərginlik yaratmışdı. Həmin ərəfədə şəhid olanlar, əsir düşənlər oldu. Laçın və laçınlılar hakimiyyət uğrunda gedən savaş üzündən aparılan psixoloji müharibənin qurbanı oldu. Laçının və digər 6 rayonun, eləcə də Dağlıq Qarabağın işğal faktlarının araşdırılması ilə bağlı komissiyalar yaradılsa da, uzun illərdir konkret nəticələr ortada yoxdur. Bütün baş verənlərə görə də məsuliyyət Etibar Məmmədovun və haqqında bəhs etdiyim bəzi Xalq Cəbhəsi yetkililərinin üzərinə düşür və onlar layiqli cəzalarını almalıdırlar.

- İşğaldan sonra laçınlı məcburi köçkünlər respublikamızın ayrı-ayrı rayonlarında məskunlaşıblar. Laçında olarkən bir-birləri ilə sıx əlaqədə və təmasda olan əksər ailələr bu gün həm məsafənin uzaqlığı, həm də maddi çətinliklər üzündən bir-birlərinin evlərinə gediş-gəliş, qonaq qəbul etmək kimi məsələlərdə ciddi problemlərlə üzləşiblər. Başqa sözlə desək, bəzi laçınlı ailələr arasında əvvəlki istiqanlılıqdan əsər-əlamət qalmayıb, soyuqluq getdikcə artmaqdadır...

- Sizinlə tamamilə razıyam. 73 minə yaxın laçınlı bu gün respublikamızın bütün regionlarında özlərinə yurd-yuva qurublar. Onların uzun illərdir mövcud olan çoxsaylı problemlərinin həlli istiqamətində müəyyən işlər görülüb. Dövlət tərəfindən laçınlılara çörəkpulu verilir, kommunal xərclərdən azad edilib və s. köməkliklər göstərilib. Ancaq əksər məsələlər hələ də çözülməmiş qalıb. Məsələn, dəfələrlə məsələ qaldırmağımıza baxmayaraq, məcburi köçkünlərə hələ də torpaq sahəsi verilməyib. 19 ildir torpaq sahəsindən məhrum olan laçınlılar əkin-biçinlə məşğul ola və özlərinin sosial-iqtisadi durumlarını yaxşılaşdıra bilmirlər. İş yerləri ilə bağlı çatışmazlıqlar var. Bütün bunlar da şübhəsiz laçın camaatının maddi vəziyyətini yaxşılaşdırmağa imkan vermir. Bu səbəbdən də qeyd etdiyiniz problem uzun illərdir həllini tapmır. Əvvəlki birlik getdikcə dağılır, gediş-gəliş kəsilir, sıx əlaqə və səmimi münasibət zaman-zaman pozulur. Bu gün pulsuzluq üzündən digər rayonlarda yaşayan qohumları, həmkəndliləri, həmyerliləri, hətta ailə üzvləri ilə telefon vasitəsilə əlaqə saxlaya bilməyən laçınlılar var. Bir faktı da qeyd edim ki, ötən il laçınlıların ən çox kompakt yaşadığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində subasmalar nəticəsində Laçından olan məcburi köçkünlərin evlərinə və təsərrüfatlarına kifayət qədər maddi ziyan dəydi. Ev quşları və ev heyvanları tələf oldu. Ancaq həmin zərərçəkmişlərə hələ də kompensasiya verilməyib. Ona görə də sadaladığım problemlərin çözülməsi üçün dövlət tərəfindən laçınlı məcburi köçkünlərə yaşamaq üçün normal şərait yaradılmalıdır.

Bundan ötrü bir sıra işlər görülməli, tədbirlər planı, yaxud dövlət proqramları hazırlanmalı və həyata keçirilməlidir. Problemlərdən biri də laçınlı məcburi köçkünlərin keçmiş SSRİ dövründə banklara qoyduqları əmanətlərin batması və bu günə qədər həmin pulları ala bilməməsi ilə əlaqədardır. Laçın rayonu işğal olunduqdan sonra batmış əmanətlərlə bağlı sənədlər də itdiyindən, yəni "əsirlikdə qaldığından" bu məsələnin çözülməsi də düyünə düşüb. Hətta cari ilin dövlət büdcəsində də qeyd etdiyimiz əmanətlərin qaytarılması məsələsi öz əksini tapmayıb. Məhz sözügedən maliyyə vəsaitlərinin qaytarılmaması üzündən də əmanət sahibi olan laçınlılar özlərinə normal şərait qura bilmirlər. Əgər həmin pullar qaytarılsa, əmanət sahibləri özlərinin həyat tərzini yaxşılaşdıra bilərlər. Ona görə də dövlət rəhbərliyi bu barədə ciddi düşünməlidir. Çünki batmış əmanətlərə ehtiyacı olanlar və bu pulları almaq arzusuyla yaşayan laçınlılar kifayət qədərdir.

- Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində fəaliyyət göstərən Laçın rayon İcra Hakimiyyətinin respublikamızın ayrı-ayrı rayonlarında məskunlaşmış laçınlılara maddi və mənəvi dəstəyi və bu istiqamətdə fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə, adıçəkilən icra orqanının fəaliyyətini qənaətbəxş hesab etmirəm. Çünki icra hakimiyyətinin bəzi sözçüləri vədlərlə laçınlıları aldatmaqla məşğul olurlar. Onlar məcburi köçkünlərlə görüşmək, onların problemləri ilə yaxından tanış olmaq və həlli vacib məsələləri çözmək əvəzinə, öz məqsədlərinə və şəxsi mənafelərinə xidmət edən təbliğat işlərini həyata keçirirlər. Adicə bir fakt deyim. Bir müddət öncə Laçın RİH məktəb direktorlarını və onların müavinlərini təzyiq və təsir göstərməklə Sumqayıtdakı mədəniyyət sarayına toplayaraq tədbir keçiriblər, adını da qoyublar ki, Laçın ictimaiyyəti ilə görüş keçirilib. Görüntü yaratmaq məqsədilə özlərini reklam etdirirlər. Ancaq laçınlıların çoxsaylı problemlərinin həlli istiqamətində çox az iş görürlər. Onlar vətəndaşlara deyil, özlərinə xidmət edirlər. Dövlət başçısı sahibkarlığın, kənd təsərrüfatının və aqrar sektorun inkişafına dəstək məqsədilə maddi yardımın ayrılması barədə sərəncam imzalayıb. Amma Laçın RİH-in bəzi işçiləri yaxın adamlarının adlarına süni və şişirdilmiş rəqəmlərlə sənədlər tərtib etməklə ayrılan külli miqdarda maliyyə vəsaitlərini mənimsəyiblər. Bununla bağlı kifayət qədər faktlar var. Hətta ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində antikorrupsiya tədbirləri həyata keçirilərkən müəllimlərə hədə-qorxu gəlinib ki, onlar Laçın rayonunun təhsil sistemində rüşvətxorluq və korrupsiya hallarının olmadığını desinlər. Vəzifələrini, yaxud iş yerlərini itirməkdən qorxan həmin müəllimlər isə rəhbərliyin dedikləri ilə razılaşmaq məcburiyyətində qalıblar. Hətta onların maaşlarından hər ay 5 manat tutulsa da, bu barədə ictimaiyyətə məlumat verməyə, hüquq-mühafizə orqanlarına şikayət etməyə risk etmirlər. Laçınlıların sağlamlıqlarının qorunması, onların müxtəlif yoluxucu xəstəliklərdən mühafizəsi istiqamətində aparılan işlərin səviyyəsi də çox aşağıdır.

- Milli Məclisdəki deputatınız Nazim Fərəcovun fəaliyyətini necə qiymətləndirirsiniz? Millət vəkili Laçın ictimaiyyətinin problemlərinin həllində rol oynaya bilirmi?

- 73 minə yaxın Laçın əhalisinə xidmətdən söhbət gedirsə, Nazim Fərəcovun bir deputat kimi fəaliyyəti məni qane etmir. Çünki onun parlamentdə hər hansı bir laçınlının, yaxud laçınlı məcburi köçkünlərin problemləri barədə danışdığını eşitməmişəm. Amma guya onu laçınlılar Milli Məclisə üzv seçiblər və o, laçınlıların millət vəkili kimi yuxarıda sadaladığımız problemləri parlamentdə qaldırmağa, müzakirə etməyə və onların həllinə nail olmağa çalışmalıdır.

- "Aydın Fikir" qəzetinin baş redaktoru və təsisçisi, eləcə də "qlobxeber.az" internet portalının sahibi kimi Laçın və laçınlı məcburi köçkünlərin problemləri ilə bağlı qəzetinizdə və saytınızda yer ayırırsınızmı?

- Əlbəttə. Həm məcburi köçkün olduğumdan, həm də uzun illərdir mətbuat aləmində çalışdığımdan laçınlılarla bərabər, işğal olunmuş digər rayonlardan didərgin düşənlərin problemlərini çox yaxşı bilirəm. Həm onların, həm də bütün Azərbaycan xalqının xidmətində həmişə dayanmışam. Problemləri qəzetimizdə və saytımızda təmənnasız yaymışam. üstəlik, həmin problemlərin həlli istiqamətində əlimdən gələni etməyə çalışmışam, aidiyyəti qurumlar qarşısında məsələ qaldırmışam. Bu gün də bu ənənəi davam etdirirəm. Ancaq bir KİV nümayəndəsi və məcburi köçkün kimi məni daha çox narahat edən məsələlərdən biri də ermənilərə qarşı hansı mövqenin tutulması ilə əlaqədar Azərbaycan ictimaiyyətində yaranmış fikir ayrılığı və təzadlardır.

Problem ondadır ki, bəziləri ermənilərlə barışmağı, onlarla dost olmağı təklif edir. Digərləri, xüsusilə də şəhid və döyüşçü ailələrinin nümayəndələri isə nəsillikcə və ömürlük düşmən olacaqlarını deyirlər. Lakin bu vəziyyəti araşdırmağa ciddi ehtiyac yaranıb. Düşmənçiliyi dostluqla, qonşuluqla əvəzləmək istəyiriksə, şəhidlərimizin ruhlarına, şəhid ailələrinə, torpaqlarımızın azadlığı uğrunda fiziki sağlamlıqlarını itirmiş şəxslərə, onların ailə üzvlərinə və eləcə də digər döyüşçülərə nə cavab verə bilərik? Bu gün Bakıda on minlərlə erməni yaşayır və onlar uzun illərdir ölkəmizdədirlər. Ancaq Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur. Paytaxtdakı ermənilər hər şeylə təmin olunublar, normal şəraitləri var, hətta onlar arasında dövlət qulluğunda, vəzifələrdə işləyənlərin olduğu da söylənilir. Lakin onların həyat tərzi ilə müqayisədə bizim şəhid və əlil ailələrinin maddi və sosial-iqtisadi durumları çox aşağı səviyyədədir. Məlumdur ki, həmin ermənilər öz qohumlarına güllə atmazlar. Amma onları üzə çıxarmaq hökmən lazımdır. Onları məcbur etmək lazımdır ki, Ermənistanda, yaxud Dağlıq Qarabağda yaşayan ermənilərə müraciət esinlər ki, separatçılar silahlarını yerə qoysunlar və ölkəmizi tərk etsinlər. Azərbaycan ictimaiyyəti də bu işdə maraqlı olmalıdır.





Təbriz VƏFALI



Təzadlar.- 2011.- 17-19 may.- S.10.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi