YAP namizədi Laçınlı seçicilərlə görüşlərə Sumqayıtdan start verdi - FOTOLAR
121 saylı Laçın seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Mahir Abbaszadə bugün seçicilərlə ilk görüşünü keçirib.
Unikal.org xəbər verir ki, Sumqayıt şəhərinin N.Nərimanov adına Mədəniyyət Mərkəzində baş tutan görüşdə Sumqayıt və ətraf qəsəbələrdə məskunlaşmış 300-dən çox laçınlı məcburi köçkün iştirak edib.
Tədbirdə Mahir Abbaszadənin bundan öncəki deputatlıq fəaliyyəti müzakirə edilib, həyata keçirilmiş işlərə nəzər salınıb və seçiciləri narahat edən problemlər dinlənilib.
Görüş iştirakçıları Mahir Abbaszadənin 5-ci çağırış Milli Məclisin işində fəal iştirak etdiyini, seçicilərin qayğıları ilə daim maraqlandığını və həllinə çalışdığını vurğulayıblar.
Çıxış edənlər Mahir Abbaszadənin özünün də gənclik illərini məcburi köçkün olaraq Sumqayıtda, yataqxana şəraitində keçirdiyinə və bu baxımdan insanların qayğılarına yaxından bələd olduğuna diqqət çəkiblər.
Onun həmçinin ölkə əhəmiyyətli məsələlərlə, xüsusilə məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı Milli Məclisdə fəal mövqe nümayiş etdirdiyi, aparılan islahatların mahiyyəti barədə mətbuat və televiziya vasitəsilə cəmiyyətə mütəmadi məlumat verdiyi qeyd olunub.
Mahir Abbaszadənin parlament Komitələrinin işində, eləcə də beynəlxalq təşkilatlardakı parlament nümayəndə heyətlərinin tərkibində də fərqləndiyi bildirilib.
Sumqayıtda məskunlaşmış laçınlı seçicilər fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə Mahir Abbaszadənin namizədliyini dəstəklədiklərini deyib, onunla bağlı gözləntilərini ifadə ediblər.
Qeyd edək ki, Laçın rayonundan olan məcburi köçkünlər Azərbaycanın 58 rayonunda məskunlaşıb. Onların səsvermədə iştirakını təmin etmək üçün 121 saylı Laçın seçki dairəsinin ölkə üzrə 120 seçki məntəqəsi fəaliyyət göstərir. YAP-ın namizədi Mahir Abbaszadənin seçki qabağı kampaniya çərçivəsində laçınlıların sıx məskunlaşdığı bölgələrdə 15-dən çox görüş keçirəcəyi gözlənilir.