"Xəzər" MTK işçi haqqını necə yeyir... - GİLEY
Oğlu tikinti şirkətində baş vermiş hadisə nəticəsində I qrup əlil olan Almaz Hüseynli “Yeni Müsavat”a müraciət edərək MTK tərəfindən onlara verilməli olan, ödənməyən xəstəyə qulluqetmə haqqı və mənəvi ziyanla bağlı iddiasının məhkəmədə təmin edilməməsindən şikayət edib.
Şikayətçi mətbuata müraciət edərək bildirir ki, hazırda ödənməyən xəstəyə qulluqetmə haqqı və mənəvi ziyan tələbi ilə bağlı mülki iş Apellyasiya Məhkəməsinin icraatındadır.
Belə ki, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə oğlunu ömürlük əlil edən cavabdeh tikinti şirkətinə qarşı qaldırdığı sözügedən iddia tələbindən kənara çıxılıb, maddi və prosessual hüquq pozuntusu nəticəsində qismən təmin edilib. Mənəvi ziyan isə təmin edilməyib.
Şikayətçi deyir ki, ödənməyən xəstəyə qulluqetmə haqqı tələbi irəli sürüləndə konkret məbləği tələb edib. Cavabdehin təqsirindən 1-ci qrup əlil etdikləri xəstəyə qulluq etdiyi üçün hər aya 500 manat, ödənməyən 9 il 3 aylıq zaman üçün isə 500 manatdan 55.500 manat tələb edib. Lakin 1-ci instansiya məhkəməsi 2019-cu ilin noyabr ayından başlayaraq sonrakı illər üçün hər il yaşayış minimumuna uyğun olaraq aylıq xəstəyə qulluqetmə haqqına uyğun hesablayıb.
A.Hüseynli bunu kobud prosessual hüquq pozuntusu adlandırır. Bundan başqa isə övladı I qrup əlil olan ailəyə dəyən mənəvi ziyan ümumiyyətlə ödənməyib:
“Mən hakimlərə müraciət edirəm ki, məhkəmədə hüquqlarımızı qorusunlar. Mənim maddi və mənəvi ziyanın təmin olunmasına çox böyük ehtiyacım var. Oğlum hazırda müalicə edilməlidir, ancaq xəstəyə qulluq haqqı ödənmədiyindən maddi vəziyyətim aşağıdır. Eyni zamanda oğlum daimi bərpa müalicələrindən kənarda qalıb. Mənzilim yaşayış üçün yararsızdır, onu normal vəziyyətə gətirmək üçün bu vəsaitə ehtiyacım var”.
Şikayətçi deyir ki, oğlu əlil olduqdan sonra, özü də işləməyib və ona qulluq etmək üçün evdə qalmağa məcbur olub. Bu səbəbdən əlavə bir gəlir yeri olmayan ailə, yuxarıda sözügedən təzminatlara gözünü dikib.
Musavat.com bildirir ki, yazıda haqqında bəhs edilən tikinti şirkəti "Xəzər" MTK-dı. Redaksiya qarşı tərəfin mövqeyini dinləməyə və çap etməyə hazırdır.