azia.az
azia.az

“Qaçqınkom”dan məcburi köçkünlərin etiraz aksiyasına reaksiya

3-06-2020, 11:20

“Qaçqınkom”dan məcburi köçkünlərin etiraz aksiyasına reaksiya

İbrahim Mirzəyev: “Dövlət Komitəsinin sədri tərəfindən onlara geniş izahat verilib”
İyunun 1-də məcburi köçkünlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) qarşısında aksiya keçirməyə cəhd ediblər. Bu barədə “Turan” İnformasiya Agentliyi məlumat verib.

Aksiya iştirakçıları mayın 28-də açılışı olan məcburi köçkünlər üçün salınmış “Qobu-3" yaşayış kompleksində onlara mənzil verilməməsinə etiraz ediblər.

Aksiya iştirakçılarından biri deyib ki, onlara illərlə söz verilsə də, mənzil verilmir.

“Ailəmlə Xırdalanda kirayədə qalırdım. İndi kirayə pulunu verməyə gücüm çatmır deyə uşaqlarımla bir qadının yanında qalıram. Yoldaşım ağciyər xəstəsidir, hazırda xəstəxanada müalicə alır. Özüm isə başqalarının evlərini yığışdırıram və bununla dolanıram. Elə şəraitdə yaşayıram ki, siçanlar uşağımın əlini yeyib. Evi olan adamlar ev alıb, mən isə küçədə qalmışam. Evimi istəyirəm”, - o qeyd edib.

Rövşən Rzayev Bakıda yanğın baş verən binaya baş çəkib

Aksiya iştirakçılarının qarşısına çıxan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə bildirib ki, qaçqınlar və məcburi köçkünlər üçün tikilən evlərin bölgüsü ədalətlə aparılır: “Son iki ildə məcburi köçkünlər üçün qəsəbələr tikilir və tam ədalətli şəkildə köçkünlərə evlər verilir. Buraya insanlar dözümsüzlük edib gəliblər. Bu adamlar buraya gəlməməli idi. Onlara deyilib ki, ilin sonunda Abşeron rayonunda ev veriləcək. Bizdən izahat alandan sonra jurnalistlərə niyə şikayət etmələrinin səbəbini bilmirəm. Onlar karantin rejimini pozurlar”.

R.Rzayevin sözlərinə görə, məcburi köçkünlər üçün yaşayış evlərinin tikilməsi prosesi davam etdirilir: ““Qobu-3" kompleksində 1336 mənzil var, Bakı şəhərində isə 52 min köçkün insan yaşayır. Onlardan 23854 ailə yataqxanalarda, yarıtikili sahələrdə, məktəblərdə, uşaq bağçalarında, sanatoriyalarda yaşayır. İlk növbədə onlar köçürüləcək. ”Yol xəritəsi" hazırlanıb. Ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına və “Yol xəritəsi”nə uyğun olaraq komitə köçürülməni davam etdirəcək. Sentyabr ayınadək Ramanı, Xocahəsən qəsəbələrində, Sumqayıtda tikinti davam etdiriləcək və 3084 mənzil təhvil veriləcək. Maştağa və Kürdəxanı yolunda 576 ailəlik mənzillər olacaq, Suraxanıda 270 ailəlik qəsəbə salınacaq. Qəsəbələr tikildikcə insanlara tam ədalətli və qərara müvafiq olaraq təhvil veriləcək".

Aksiyanın səbəbləri barədə “Yeni Müsavat”a mötəbər mənbələrdən məlumat daxil olub. Həmin məlumatda etiraz edənlərin əksəriyyətinin Texniki Universitetin yataqxanasında yaşadıqları bildirilir. Onlardan bəzilərinin kiçik obyektlərinin olduğu və bunun müqabilində köçürüləcəkləri yerdə onlara obyektlər verilməsini tələb etdikləri iddia olunur. Ailə üzvlərinin çoxluğu ilə əlaqədar veriləcək mənzillərin otaqlarının sayının çox olmasını tələb edənlərin də olduğu qeyd edilir.

“Qaçqınkom”un Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev baş verənlərin aksiya kimi təqdimatının əleyhinədir: “1 iyun 2020-ci ildə bir qrup məcburi köçkün sosial problemlərinin həlli məqsədilə Dövlət Komitəsinə gəlib. Onların müraciəti əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olub. Dövlət Komitəsinin sədri tərəfindən onlara geniş izahat verilib. Bildirilib ki, köçürülmə mərhələli şəkildə, ilk növbədə Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı olması barədə rəy verilmiş obyektlərdə məskunlaşmış məcburi köçkünlər köçürülməklə aparılır. 28 may 2020-ci ildə açılışı olmuş ”Qobu park 3" yaşayış kompleksinə Yasamal rayonu ərazisində “Kaktus” restoranının arxasında yerləşən Azərbaycan Texniki Universiteti və Memarlıq və İnşaat Universitetinin yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək. Başqa obyektlərdən məcburi köçkünlərin bu kompleksə köçürülməsi nəzərdə tutulmayıb. Nəzərinizə çatdırırıq ki, ildən-ilə mənzil-məişət şəraiti yaxşılaşdırılan məcburi köçkünlərin sayı artır. Bu il 7 mindən çox köçkün ailəsi yeni mənzilə köçürüləcək. Bakı şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər planı - “Yol xəritəsi”nə uyğun olaraq 2020-2024-cü ildə həyat üçün təhlükəli vəziyyətdə yaşayan 23 850 məcburi köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Qəbulda iştirak etmiş hər bir köçkünün müraciəti qeydə alınıb. Müraciətlər aidiyyəti şöbələr və komissiya tərəfindən qanunauyğun formada araşdırılacaq və nəticəsi barədə onlara məlumat veriləcək. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərə mənzillər Dövlət Mənzil Fonduna aid, komitənin balansında olan yaşayış komplekslərində verilir. Yeni qəsəbənin inşası üçün harada torpaq sahəsi ayrılırsa, tikinti işləri orada aparılır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi