Quliyevin yüksək vəzifədə işləyən övladları - Qalmaqallı videodakı oğlu imiş....
Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin ailə üzvləri də vəzifəli şəxslərdir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, N.Quliyevin bir oğlu Ramin Quliyev Nərimanov rayon məhkəməsinin hakimidir. Məlumata görə, R.Quliyev 1978-ci ildə anadan olub. 2001-ci ildə hüquq sahəsində fəaliyyətə başlayıb. İlk olaraq 6 il Bakı Apelyasiya Məhkəməsində, sonra isə 3 il Suraxanı rayon məhkəməsində katib işləyib. Növbəti 3 il ərzində isə Ali Məhkəmədə nəzarətçi olub. 2013-cü ildən Nərimanov rayon məhkəməsində hakim işləyir.
Digər oğlu Ramal Quliyev isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqdir. O, bir müddət əvvəl banklardan birinin Mingəçevir şöbəsində rəhbər vəzifə tutub. Ramal Quliyevin adı da atası kimi mətbuatda mütəmadi hallanıb. Belə ki, Xalq artisti Aygün Kazımovanın qızı İlqarənin bir neçə il əvvəl yayılan videosunda Ramal Quliyev də olub. Sabiq başçı Nizaməddin Quliyev Goranboy rayonunda rəhbər olanda oğluna görə sahibkarlarla da problemi olub.
Həmin zaman mətbuat səhifələrində yayılan məlumata görə, N.Quliyevə rayonda abadlıq işlərini tanınmış biznesmen Müqayis Verdiyevə gördürüb. Bu iş üçün sahibkarın 256 min manat xərci çıxsa da, başçı ona cəmi 100 min qaytarıb. M.Verdiyev qalan 156 min manatı almaq üçün bəzi qurumlara mətbuata müraciət etdikdən sonra onun başçı ilə münasibətləri pozulmuşdu. Daha sonra N.Quliyevin şirkətinin adından edilən dələduzluqla bağlı şikayəti əsasında iş adamı M.Verdiyev həbs edilsə də, sonradan məhkəmədə bəraət alaraq azadlığa buraxılmışdı.İddiaya görə, N.Quliyevin oğlu Ramal bankda işləyərkən yarım milyonluq yeyintiyə yol veribmiş və bu zərərin ödənməsində başçıya goranboylu sahibkar M.Verdiyev maddi yardım edib. Daha sonra Ramalın ölkədən qaçdığı barədə məlumatlar yayılmışdı.
R.Quliyev isə bu barədə açıqlama verərək təkzib etmişdi:“Nə mən, nə də atam heç bir qanunsuz addım atmamışıq, heç atmarıq da. Heç bir adam hamı üçün yaxşı ola bilməz. Öz işimdəyəm və heç bir yerə qaçmamışam. Heç bir problem də yoxdur. Heç kimin haqqını yeməmişəm, yemərəm də.Yazıblar ki, guya atam məni xaricə qaçırdıb, pulları hansısa müğənniyə xərcləmişəm. Mənə qaranlıq qalıb ki, belə yalan xəbərləri haqqımda nə üçün yayırlar? Bir insafları olsun, Allah var başımız üstündə”.
Bu işlə bağlı istintaq davam edərkən vəkil Adəm Məmmədov da Ramal Quliyevin İlqarə Kazımova ilə olan münasibəti barəsində açıqlama yaymışdı. Nizaməddin Quliyevin bu yazıdan Vəkillər Kollegiyasına verdiyi şikayəti əsasında A.Məmmədov cəzalandırılmışdı.