azia.az
azia.az

Quduz küçə itləri problemi - çıxış yolu nədir?

19-10-2019, 11:17


Hüquqşünas: “Həyətdə saxlanılan itə görə məsuliyyəti sahibi daşıyır”
Sentyabrın 15-də Masallıda it dişləməsindən 4 yaşlı uşaq dünyasını dəyişib. Araşdırmalar zamanı məlum olub ki, azyaşlı Masallı rayon Mərkəzi Xəstəxanasında dərhal nəzarətə götürülüb və ona 4 dəfə peyvənd vurulub. Oktyabrın 10-da Bakıya gətirilən yaralıya xəstəxanada növbəti dəfə peyvənd olunsa da, oktyabrın 16-da vəfat edib. Faktla bağlı araşdırmalar aparılır.

Sual yaranır: əgər uşağa peyvənd vurulubsa, niyə dünyasını dəyişib? Digər məsələ, həyət itləri də məcburi qaydada peyvənd olunmalıdırmı?

Mövzu ilə bağlı pediatr Vaqif Qarayev “Yeni Müsavat”a danışıb:

“Ümumiyyətlə quduzluq xəstəliyi təkcə bizdə deyil, dünyanın heç bir ölkəsində sağalmır. Çünki bu xəstəlik birbaşa beyni zədələyir və insan sağalmır. Bu məsələdə belə bir məqam var, itin xəsarət yetirdiyi yer beyinə nə qədər yaxındırsa, xəstəliyin başlanma ehtimalı daha çox olur. Məsələn, əgər it sifəti parçalayıbsa, xəstəlik 1 neçə saatdan sonra, əli dişləyibsə bir gün sonra, ayaq nahiyəsini dişləyibsə bir neçə gündən sonra başlayır. Yəni, virusun beyinə çatması məsələsi var.

Beləliklə, xəstəlik başlamadan şəxsə peyvənd vurulmalıdır".

Vaqif Qarayev ile ilgili görsel sonucu

Həkim: “İtin xəsarət yetirdiyi yer beyinə nə qədər yaxındırsa, xəstəliyin başlanma ehtimalı daha çox olur”

Vaqif Qarayev hadisə ilə bağlı ilginc məlumatlar da açıqlayıb:

“Aldığım məlumata görə bu hadisə zamanı ailədə digər uşağa, evin qız övladına da it hücum edib. Lakin it qızın sadəcə ayağını sıyırıb. Məlum olduğu kimi quduzluq virusu itin ağız suyunda, seliyində olur və qanla bədənə keçir. Bu hadisədə də it uşağın bacısının ayağını cızıb və ağzı dəyməyib. Deyilənə görə həmin it bir gün əvvəl qonşuluqdakı digər itlərlə boğuşub. Geri qayıdan it çox kefsiz olub. Səhəri gün isə it uşaqlara hücum edib. Bir gün sonra it ölüb. Bu məqam həmin ərazidəki insanlara bir SOS siqnalı olmalıydı ki, it niyə ölüb? İtin ölüsü müayinə edilməli idi. Həmçinin it dişləyən uşağa nə vaxt peyvənd vurulduğu da məlum deyil. Düşünürəm ki, bu proses gec aparılıb, buna görə də uşaq dünyasını dəyişib”.

Əlövsət Allahverdiyev ile ilgili görsel sonucu

Hüquqşünas Əlövsət Allahverdiyev isə bildirdi ki, həyət iti sahibli it hesab olunduğundan bütün məsuliyyət onun sahibinin üzərinə düşür:

“Fərqi yoxdur, bu it evdə saxlanılırsa, deməlic sahibli itdir. Ev heyvanlarının saxlanılması ilə bağlı xüsusi qaydalar, müddəalar var. Həmin itlər vaxtlı-vaxtında peyvənd olunmalıdır. İctimai yerlərə çıxarılanda isə ağızlıqlar geyindirilməlidir.

Sahibli it kiməsə hücum edərsə bunun məsuliyyətini həmin itin sahibi daşıyır. Bununla da bağlı qanunda xüsusi müddəalar var".

Onu da qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Tural Hüseynov 4 yaşlı uşağın ölməsi ilə bağlı hadisəyə təəssüfləndiyini bildirib və aidiyyəti qurumları bu məsələdə diqqətli olmağa çağırıb: “Hörmətli hüquq müdafiəçiləri, aidiyyəti qurum rəhbərləri. Baş vermiş hadisə çox ürək ağrıdan haldır. Sahibsiz it bir ailəyə faciə gətirib. Mən bu məsələdə aidiyyəti qurumlarla yanaşı, ictimaiyyətə də səslənmək istəyirəm. Küçələrdə sahibsiz itlərə daha ciddi nəzarət olunmalıdır ki, bu cür faciələrin qarşısı alınsın. Bu işdə hər bir vətəndaş fəal olmalıdır. Küçələrdə sahibsiz it görərkən aidiyyəti qurumlara, cəmiyyətlərə məlumat verək, özümüzü və ailə üzvlərimizi qoruyaq. Sahibsiz itlərin insanlara hücumuna biganə yanaşmayaq”.

T.Hüseynov qeyd edib ki, bu cür xoşagəlməz hallar paytaxtdakı gəzinti park və istirahət yerlərində də baş verir: “İstirahət parklarında, gəzinti yerlərində ağzı qəfəssiz itlər gəzdirilir və bu da həmin ərazilərdə xoşagəlməz hallarla nəticələnir. Aidiyyəti qurumlar bu cür halların qarşısını almalıdır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi