azia.az
azia.az

İt dişləyən 10 yaşlı uşaq quduzluqdan ölüb

9-07-2016, 06:32

İt dişləyən 10 yaşlı uşaq quduzluqdan ölüb Azərbaycanda quduzluğa yoluxan 10 yaşlı uşaq ölüb. Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova APA-ya açıqlamasında deyib ki, Salyan rayonunun Dayıkənd sakini olan 10 yaşlı İsmayılova Aqil İlkin oğlunu 20 gün əvvəl təhlükəli yerlərdən-baş, üz, ağzından it dişləyib. R.İsmayılova qeyd edib ki, dişləmə qeydə alınan gün uşaq Salyan rayon Mərkəzi Xəstəxanasına aparılıb, müayinələrə başlanıb, iynələri vurulub: “Lakin xəstəliyin inkubasiya (gizli) dövrü qısa olduğuna görə uşaqda immunitet yaranmayıb, nəticədə o quduzluğa yoluxub. Uşaq Bakıya gətirilərək 1 saylı uşaq yoluxucu xəstəxanada simptomatik müalicəsi aparılıb. Lakin bunlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və 10 yaşlı uşaq iyulun 7-də vəfat edib. Əgər insanda quduzluq qeydə alınırsa, onun heç bir müalicəsi yoxdur və ölümlə nəticələnir”.

R.İsmayılova əlavə edib ki, il ərzində qeydə alınan 17 minə qədər heyvan dişləmələrinin hamısı sağalır. Onun sözlərinə görə, çox nadir hallarda olur ki, inkubasiya (gizli) dövrü çox qısa olur: “Bu uşaqda da inkubasiya dövrü 14 gün olub və artıq əlamətlər başlayıb. Uşaqda immunitet yaranmadığından müalicə kömək etməyib. Bundan əlavə, dişləmə təhlükəli yerlərdən - üz, baş, barmaqlar, yuxarı ətraflardan olduğunda, bunlar beyinə yaxın olduğu üçün ölüm daha tez baş verə bilir”.

Şöbə müdiri əhaliyə müraciət edərək valideynləri uşaqlarını və özlərini naməlum heyvanlardan qorumağa çağırıb. Uşaqları sahibsiz buraxmasınlar. Hər hansı bir dişləmə olduqda dərhal həkimə müraciət etsinlər, iynələri sxem üzrə vurdursunlar. Öz heyvanlarını vaxtından peyvənd etdirsinlər.

Qeyd edək ki, bu fakt 2016-cı ilin ilk 7 ayı ərzində qeydə alınan ikinci faktdır. İlk hadisə bu ilin may ayında Zaqatalada qeydə alınıb. Belə ki, Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova quduzluq əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, onu xeyli vaxt əvvəl yaşadığı kənddə küçə iti dişləsə də xəstəxanaya müraciət etməyib. Nəticədə P.Turacova Zaqatalada quduzluq xəstəliyindən vəfat edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi