Əli Həsənov “söyüş müxalifəti”ndən danışdı: “Bütün sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir”
“Çox təəssüf ki, onlar anti-Azərbaycan dairələrinin əlində silaha çevriliblər. Bu anti-Azərbaycan dairələrinin maliyyələşməsini erməni təşkilatları təmin edir”.
Bu sözləri Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə açıqlamasında "söyüş müxalifəti"ndən danışarkən bildirib.
Ötən gün baş tutan iqtidar –müxalifət görüşünə münasibət bildirən Ə.Həsənov qeyd etdi ki, 1993-cü ildən başlayaraq Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş həmrəyliyi siyasəti yürüdülür: “Siyasi partiyalar Azərbaycanın aparıcı siyasi institutlarıdır. Orada təkcə siyasi partiyalar deyil, digər vətəndaş cəmiyyəti institutları, QHT-lər, KİV nümayəndələri, o cümlədən hakimiyyət təmsilçiləri də var idi. Belə tədbirlər bütün dövrlərdə aktual olub, Azərbaycan dövlətinin yürütdüyü siyasətə uyğun olub. Biz həmrəyliyi, milli birliyi Azərbaycanın alternativsiz reallığı kimi dəyərləndiririk. Bunun alternativini görmürük. Dialoqun əksi qarşıdurmadır, insanların , təşkilatların bir-birinə qarşı qanunların imkan verdiyi çərçivədə və ya qeyri-qanuni çərçivədə apardığı mübarizədir. Ona görə də, dialoqu yüksək dəyərləndiririk. Dünənki tədbirdə də konkret mövzu qoyulmuşdu, müzakirə onun ətrafında aparılırdı. Ancaq mən hesab edirəm ki, vətəndaş cəmiyyəti institutları, QHT-lər, KİV nümayəndələri fəaliyyətlərini bununla yekunlaşdırmayacaqlar, gələcəkdə başqa mövzularda, həm daxili, həm xarici siyasətlə bağlı mövzuları birgə masaya yatıraraq müzakirə edəcəklər”.
Jurnalistlərin “bu dialoqlar söyüş müxalifətinin qarşısını ala biləcəkmi” sualını cavablandıran Ə. Həsənov bildirdi ki, onlara müxalifət demək olmaz: "Təəssüflər ki, belə insanlar da var. Onlar ölkəni müxtəlif yollarla, müxtəlif səbəblərlə tərk edirlər və xarici ölkələrdə bir vasitə ilə sığınacaq tapır. Çox təəssüf ki, onlar anti-Azərbaycan dairələrinin əlində silaha çevriliblər. Bu anti-Azərbaycan dairələrinin maliyyələşməsini erməni təşkilatları təmin edir. Xarici ölkələrdə bu insanlardan Azərbaycana qarşı çox çirkin formada istifadə edirlər. Bu birinci növbədə Azərbaycanın və Azərbaycan xalqının adına ləkədir. Bu çox acı həqiqətdir. Mən ümid edirəm ki, o insanlar nə vaxtsa özlərində Azərbaycan xalqına xas dəyərlər nümayiş etdirərək bu yoldan çəkiləcəklər. Ancaq nə etmək olar, bu da onların seçimidir. Əgər onlar bu cür davranışları özlərinə bir həyat yolu seçiblərsə, qoy o fəaliyyətlərini davam etdirsinlər. Ancaq bütün sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir”.
Nərgiz LİFTİYEVA