Türkiyə ilə viza rejimi sabahdan aradan qalxır
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq sentyabrın 1-dən Türkiyə vətəndaşlarının Azərbaycana gəlişi üçün viza rejimi ləğv ediləcək. Bundan əvvəl Azərbaycan vətəndaşları Türkiyəyə vizasız getsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu.
Prezident İlham Əliyevin Türkiyə vətəndaşlarına viza rejimini ləğv etmək barədə qərarı Türkiyə və Azərbaycan ictimaiyyətində alqışlanır. Eyni zamanda ekspertlər bildirir ki, viza rejiminin ləğvinin böyük siyasi, iqtisadi dvidentləri olacaq.
Politoloq Elçin Mirzəbəyli bu barədə “Yeni Müsavat”a şərhində bildirib ki, Azərbaycan prezidentinin Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən etibarən viza tələbinin ləğvi qərarı iki ölkə arasındakı münasibətlərin gerçək mahiyyətini əks etdirdiyi üçün mühüm əhəmiyyətə malikdir: “Türkiyə vətəndaşları üçün viza rejiminin aradan qaldırılmasının ciddi siyasi, iqtisadi, sosial əhəmiyyəti olacaq. Qardaş ölkənin vətəndaşlarının ölkəmizə rahat gəliş-gedişi turizmin inkişafına da əhəmiyyətli dərəcədə təsir edəcək. Baxmayaraq ki, azərbaycanlılar Türkiyədə istirahətə daha çox maraq göstərirlər, türklər də ölkəmizə daha çox gəlməyə can atacaqlar.
Politoloq Elçin Mirzəbəyli
Digər tərəfdən, onların tez-tez və kütləvi halda gəlməsi üçün şərait yaranır. Bu, ticarətə, mədəniyyətə, ümumilikdə ölkəmizə çox fayda verəcək. Viza rejiminin ləğvi qarşılıqlı əlaqələrin daha da inkişafına, iki dövlət arasında münasibətlərin möhkəmlənməsinə təkan olacaq. Bu həm də təhsil əməkdaşlığı baxımından çox səmərəlidir. Çünki iş adamlarının Azərbaycana səfərlərini, təhsil məqsədləri üçün ölkəmizə gələnlərin işini daha asan və sərfəli edir. Əsas isə odur ki, artıq Azərbaycan və Türkiyə bütün sferalarda əməkdaş, strateji tərəfdaş, ən əsası dost ölkə olmaları ilə bağlı bütün addımları atıblar. Bizi ortaq tarix, mədəniyyət, dil, din, dostluq, qardaşlıq və ümumi maraqlar birləşdirir”.
E.SEYİDAĞA,