azia.az
azia.az

Elçibəy əsgərləri - "Mir Şahinin vaxtı"nda

19-06-2019, 17:42


Azərbaycanın məruz qaldığı çaxnaşma, parçalanma Ermənistana imkan verirdi ki, ta Gəncəyədək gəlib çıxsın
Elçibəy əsgərləri - "Mir Şahinin vaxtı"nda
"26 il əvvəl Azərbaycanda qızmar bir yay yaşanırdı. Daha doğrusu, yaşanmırdı, ölünürdü. Bu yayda ölkə yanmağa başlamışdı. Tüstü dövlətin başından çıxırdı. Hər şeyin sonu başlanmışdı. Sələfini çevriliş yolu ilə devirən Elçibəy komandası özü çevriliş aqibətilə üz-üzəydi. Qeyri-peşəkarların bir illik fərsiz idarəçiliyi vəziyyəti o həddə gətirib çıxarmışdı ki, artıq ölkə demək olar ki xaosa yuvarlanmışdı". AzNews.az xəbər verir ki, bu sözləri "Mir Şahinin vaxtı" verilişinin aparıcısı, REAL TV-nin Baş direktoru, telejurnalist Mir Şahin deyib.
Onun sözlərinə görə, kütləvi etimadsızlıq, etibarsızlıq Azərbaycanı bir dövlət kimi bitirməkdəydi:

"Təşkilatçılıq qabiliyyəti və professinallığına görə yox, meydanda daha çox və daha hündürdən qışqırdığına görə Ali və regional hakimiyyətə gətirilən şəxslər ilk sınaqdaca öz postlarını qoyub qaçmağa başladılar. Əslində nə baş vermişdi: Azərbaycan Ordusunun 709-cu korpusu adlanan bir silahlı birləşmə var idi. Korpus komandiri Qarabağ müharibəsində ad çıxarmış polkovnik Surət Hüseynov idi. Prezident Elçibəyin əmrilə üstəlik Milli Qəhrəman adına da layiq görülən Surət Hüseynov öz nüfuzu ilə rəsmi Bakıya, onun avtoritetinə hərtərəfli uduzan isteblişmentə ciddi baş ağrısı vəd edirdi. Surət Hüseynovu mühüm mövqeləri buraxıb geri çəkilməkdə günahlandıraraq xalqın gözündən salmağa çalışan, Kəlbəcərin süqutunu faktiki olaraq bu korpus komandirinin ayağına yazmaqla özlərini məsuliyyətdən kənar saxlamaq istəyən hakimiyyət qüvvələr nisbətini düzgün qiymətləndirə bilmədi. İdeoloji cəbhədə böyük hesabla uduzan Elçibəy rejimi açıq qarşılaşmadada sarsıdıcı zərbə aldı. Tarixdə Gəncə qiyamı kimi qalan hadisəni hətta bu gün də o zamankı hakimiyyətin süqutunun əsas səbəbi kimi təqdim edənlər var. Əslində isə Gəncədə baş verənlər səbəb deyil, ölkəni bürüyən böhran pristuplarının, dövləti qəzanın, daxili təlatümlərin təbii nəticəsi idi. İqtisadi aşınma, orduda demoralizasiya, mənəvi düşkünlük... Bütün bunlar Azərbaycanda əsil idarəolunmazlıq yaratmışdı. Rejim ölkədəki saysız uğursuzluqlarını arxa plana keçirmək üçün həm günah keçisi axtarır, həm də bununla xalqın başını bir müddət qatacağına ümid edirdi. Daha bir zəruri qeydim olacaq. Amma əvvəlcə bu kadrlara diqqətlə baxın. Bu əsgərlər Azərbaycan ordusunun əsgərləridir. İqtidarın birbaşa nəzarətində olan, hökumət qoşunları.​

Surət Hüseynovun nəzarətində olan 709-uncu korpusun şəxsi heyəti isə öz səliqə-səhmanı, intizamı, təminat və təchizatı ilə seçilirdi. Onlar bütün göstəricilər üzrə hökumət qoşunlarını üstələyirdilər. Onlar mülki polkovniki həm də müntəzəm olaraq hiss etdikləri qayğıya görə sevirdilər. Belə bir qeyri-bərabər qarşılaşmada, ümumxalq etinasızlığı, hərtərəfli sükut protesti, cəmiyyətdəki “nə vecimə, vətəndaşdakı cəhənnəməki ovqatı fonunda Elçibəy rejimi təbii ki, məğlub olacaqdı. Amma hakimiyyət məğlubiyyətlə barışmağa hazır deyildi. Ona görə də tərs 709-u ya tabe, ya da məhv etmək planı işə salınmalıydı ki, bir müddət cəmiyyəti nəyləsə maraqlandırmaq mümkün olsun. Surət Hüseynovu korpusdan kənarlaşdırmaq, bununla da özlərini güclü və mütəşəkkil silahlı müxalifətdən sığortalamaq əsas məqsədə çevrildi. Qeyri-peşəkarlardan, daha çox poetik təşəkkürə hesablanan idelogiya daşıyıcılarından təşkil olunmuş rejimə elə gəlirdi ki, blits-harayla Surəti zərərsizləşdirmək mümkün olacaq və bununla da Qarabağ probleminin həllində güzəştsiz mövqe tutan dikbaş polkovnikdən yaxalarını qurtaracaqlar. Surət Hüseynovu danışıqlarla yola gətirmək mümkün olmadı. Son görüşə gələn hakimiyyət rəsmiləri isə Girov gütürüldülər. Girov götürülənlər arasında Baş prokuror İxtiyar Şirinov da var idi. Və o tarixə düşəcək addım atdı. Ya öz Prezidentinin həbsinə sanksiyanı, ya da öz ölümünü!-ü seç tələbi qarşısında Baş Prokuror ölümü seçdi... Bütün bunlar dövlətin qanun şəklinin nə qədər miskin və bərbad olmasından xəbər verirdisə, separatçıların artıq parçaladıqları dövlətin, və indi nə qədər dəhşətli səslənsə də o zamanın saatıyla yanaşsaq, artıq keçmişləşən Azərbaycanın hər bucağında at oynatması, əlinə keçəni ağzına soxması, harda qırıldı-qırıldı psixologiyasının heyvani refleksi altında talançılıq sonun başlanğıcı, yox e sonun sonu idi. Ləzgistan öz zurnasını çala-çala Şimala vağzalı köçü, Talış Muğan isə öz Əlikram Hümbətovunu çala-çala siyasi ləvəngi hazırlamışdı. 26 il əvvəlin “Erməni Biləsuvardan bu yana keçməməlidir!” şüarını ömrümün axırınadək unutmayacam. Bu, separatçı Hümbətovun Azərbaycana münasibətinin göstəricisi idi. Əkiliş qrupumuzun öz torpağımızda Qusarda girov götürüb Dağıstana, Sadvalçı Qəhrəmanovun əmrilə onun rus dram teatrındakı qərargahına ifadə almaq üçün aparılması da səhnədə hansı qanlı faciənin oynanmasına işarə idi. 1993-cü ilin ac-yalavac vətəndaşı çörəyi laaap Böyük Vətən müharibəsi dövründə olduğu kimi səhər saat 5-də növbəyə durub almağa başlamışdı. İnsanlar hər addımda üzləşdikləri əli silahlıların qanunsuz tələbləri altında ağla gəlməz tapşırıqları belə yerinə yetirməyə amadə idilər. Ölkə çox qaranlıq idi. Kimin əli kimin cibində idi, bəlli deyildi. Təsəvvür edin, nüfuzlu hissə komandiri öz silahlı dəstəsilə əvvəlcə gizli yolla bir yüksəkliyə qalxır, oradan Bərdəni ermənilərin adından atəş altında saxlayır, sonra isə həmin yüksəkliyə hücum imitasiyası edir, qəhrəman kimi qayıdır və xalqdan əvəzini tələb edir. Hər rayonun özü ayrıca bir liliput dövlətə çevrilmişdi. Yəni Gəncədə baş verənlər sadəcə olaraq fəsad idi. Dövlətin qanunlarla idarəolunmazlığı özünü hər addımda biruzə verdikcə, Daxili İşlər naziri oğru qanunlarından sitat gətirirdi. Məsələn, rahatca deyilə bilərdi ki, səni və ailəni güllələyib məsuliyyəti də öz üzərimə götürərəm! Bax bütün bunlar Azərbaycanın parçalanmasının əsasları idi. Elçibəyi Surət Hüseynova sevgi yox, Elçibəyə etinasızlıq və laqeydlik yıxdı. Rayonların rəhbərlərinin bir-iki silahlı şəxsin qapını döyməsilə öz kabinetlərindən rahat fərarilik etməsi adi hal idi. Ən maraqlısı budur ki, asayişi qorumalı olan bir polis əməkdaşı belə qoruduğu icra binasının həyətində bir xəbərdarlıq atəşi belə açmamışdı. Şəxsən yoxlamışam. Bir güllə belə atılmamışdı. Surət Hüseynovun adamları sakitcə gəlir və deyirdilər ki, məsələn Fındıq bəy, kabineti boşalt! Bu Fındıq bəy də yeni icra başçısına, əmrsiz-filansız buyuran ağa naçalnikə xeyir-dua verir, sağ-salamat ailəsinin yanına qayıtdığına şükür edərək dabanına tüpürürdü. Ona görə də Elçibəy sonradan öz icra başçıları kimi öz kabinetini tərk edərək Kələkiyə qaçanda mən burda təəccüblü nəsə görmədim. Beləliklə, ölkə parçalanıb. İctimai düşüncə tərzi, milli məfkurə param-parça olub, böyük bir xalq elə hala düşüb ki, bu saat ondan ötrü nəyin necə olmasının əsla əhəmiyyəti yoxdur. Başlıcası budur ki, rejim getsin. Və indi gəlin bir məsələ barədə də danışaq. Söhbət Ermənistanla müharibə vəziyyətində olan Azərbaycandan gedir. İndi isə bir bu parçaya baxın. Vətəndaş müharibəsinin Gəncə hava limanı ətrafında gedən döyüşlərindəndir. Şakir Eminbəylinin çəkdiyi kadrlardır. Qardaşın qardaşa atəş açdığı, qardaş qanına qəltan etdiyi an.​

İndi ağzımızın isti olduğu, çoxumuzun bivec, bəzilərimizin, etinasız, bir başqalarının isə hətta vicdansızcasına unutduğu o kadrlar milli mənəvi ərazimizin heç vaxt qanı qurumayacaq hissəsidir. Azərbaycanın məruz qaldığı çaxnaşma, parçalanma Ermənistana imkan verirdi ki, ta Gəncəyədək gəlib çıxsın. Azərbaycan müstəqilliyini itirməyin beş dəqiqəlik məsafəsində idi. Məmurlara total nifrət elə bir vəziyyət yaratmışdı ki, 1990-cı ilin yanvarında Prezident Aparatının qarşısında simvolik olaraq qurulan dar ağaclarının gerçəyi Elçibəy məmurlarının boğazına biçilirdi. Biz sizi Azadlıq meydanında asacağıq! deyirdilər."


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi