Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun təməli qoyulub
Azia.az-a verilən məlumata görə:Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin Rusiya Federasiyasının “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov iştirak ediblər.
Tədbir iştirakçılarına məlumat verilib ki, istehsal gücü ildə 1000 ədəd avtomobil olan zavodda 100 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dəyəri 14 milyon manat olan layihə üzrə Anlaşma Memorandumu ötən ilin aprelində imzalanıb. Layihənin icraçısı olan “Azərmaş” ASC-yə Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı statusu verilib. Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun yaradılması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradacaq.
Sonra tədbir iştirakçıları zavodda istehsal edilməsi nəzərdə tutulan avtomobil modelləri və Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.
İştirakçılara məlumat verilib ki Hacıqabul Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. 20 hektar ərazidə yaradılmış Sənaye Məhəlləsi 10 min kvadrat metr olan 4 istehsal təyinatlı binadan, 937 kvadrat metr olan inzibati və texniki binalardan ibarətdir. Hacıqabul Sənaye Məhəlləsinin inzibati binasında toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və Sənaye Məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika, tibbi xidmətlər göstəriləcək. Hacıqabul Sənaye Məhəlləsində ümümi dəyəri 60 mln. manatdan çox olan 7 layihə üzrə maşınqayırma, kompozit materialları, avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, gübrə, plastik qablar, tikinti materialları istehsalında istifadə olunan avadanlıqların istehsalı sahələri yaradılıb. Bu layihələr çərçivəsində 900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və istehsala digər hazırlıq işləri aparılır.
Sonra Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Rusiya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrin genişlənməsinin Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, təkcə ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasına 3 dəfə səfər edib, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib, iqtisadiyyatın bir sıra sahələrində Azərbaycan və Rusiya əməkdaşlığına dair dəyirmi masalar təşkil olunub.
Görüşdə qeyd edilib ki, Azərbaycan-Rusiya əlaqələrinin əsas istiqamətlərindən biri də iqtisadi-ticarət və qarşılıqlı investisiya qoyuluşlarıdır. Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycana 4,2 milyard dollardan artıq sərmayə yatırıb.
İqtisadiyyat Nazirliyi
“SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı və s. qarşılıqlı investisiya qoyuluşu sahəsində önəmli layihələrdir.
Azərbaycanın sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, rabitə, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri bir sıra layihələrdə podratçı qismində də iştirak edirlər. Nəqliyyat-tranzit yükdaşımaları sahəsində ikitərəfli əməkdaşlığın uğurlu istiqamətlərindən olduğunu vurğulayan Şahin Mustafayev mühüm layihələrdən olan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini diqqətə çatdırıb, Rusiya ilə birgə həyata keçirilən Samur çayı üzərindən körpünün tikintisinin iqtisadi-ticarət, nəqliyyat-tranzit əməkdaşlığının inkişafına önəmli töhfə verəcəyini qeyd edib.
Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin dost və qonşu ölkələr olan Rusiya və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən intensiv görüşlərinin və imzalanmış sənədlərin ölkələrimiz arasında əməkaşlığın inkişafına böyük stimul verdiyini vurğulayıb. Maksim Oreşkin iqtisadi sahədə əlaqələrin inkişafı üçün böyük potensialı qeyd edərək bu gün təməli qoyulan “QAZ” avtomobilləri istehsalı zavodunun uğurlu layihə olacağını diqqətə çatdırıb. İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşən rusiyalı nazir Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan məmnunluğunu ifadə edib.
Görüşdə Azərbaycan və Rusiya arasında iqtisadi-ticarət, nəqliyyat-tranzit, sənaye, kənd təsərrüfatı, humanitar və s. sahələrdə əməkdaşlığın inkişafı, birgə müəssisələrin yaradılması məsələləri müzakirə edilib.
Aybəniz Abdulova