"Kəndin 21 hektar örüş sahəsi mənimsənilib" - Rayon rəhbərliyi hara baxır?
Goranboy rayon "Qarasüleymanlı kənd sakini Nazım Orucov (ad şərtidir) tərəfindən "DogruXeber.az" redaksiyasına məlumat daxil olmuşdur.
Məlumatda bildirilir ki, "2000-ci ildən bəri keçmiş İcra başçısının müavini Ceyhun Həsənovun əmisi Namazov Yaşa Məhəmməd oğlu kəndin örüş sahəsi olan 21 hektar ərazini mənimsəyib, yarısını ərik bağı saldırıb, yarısını da buğda, yonca üçün əkin sahəsi edib. Kənd sakinlərini əraziyə buraxmır. Camaat mal-qarasını otarmağa yer tapmır. Vaxtilə qardaşı oğlunun icra hakimiyyətindəki yüksək vəzifəsinə güvənəndən kənd sakinlərinin gözünü qorxudub. Ceyhun Həsənov vəzifədən çıxsa da, "xof"u hələ də sakinlərin ürəyində qalır. Ona görə heç kim Yaşa Məhəmməd oğlu Namazova bu barədə nəysə deməyə risk etmir."
Yeri gəlmişkən, qeyd edək ki, sakinlərin sözlərinə görə Yaşa Namazovun qardaşı oğlu olduğu deyilən keçmiş müavin Ceyhun Həsənov "müavin olduğu vaxtlarda özünə xeyli sərvətlər toplayıb, bir deyil, bir neçə biznes qurub. Hətta, deyilənə görə şəxsi dəyirmanı, ticarət mərkəzi, bir neçə dükanları və sair saymaqla bitməyən xeyli sayda müxtəlif şəxslərin adına özəl iaşə obyektləri var və demək olar ki, hamısını icarəyə verib, icarədən gələn gəlirləri ilə dünyanın səfasını sürməkdədir".
Yeganə gəliri 3-4 baş mal-qarası olan binəva kəndlilər də heyvanların yemlərini təmin etmək üçün dəridən-qabıqdan çıxırlar. Haqları olan örüş sahəsi də 22 ildir Yaşa Namazovun "sərəncamındadır".
Adam deyir, "Burda mənəm, Bağdadda kor xəlifə ".
P.S: Qeyd edək ki, Qarasüleymanlı kənd sakininin dedikləri barəsində aidiyyatı üzrə Goranboy şəhər bələdiyyəsinin də açıqlamasını almaq üçün şəhər bələdiyyəsinin sədri Şəmsi Əliyevə zəng etdik.
Şəmsi bəy 21 hektar torpağın Namazov Yaşa Məhəmməd oğlunun pay torpağı olduğunu dedi.
21 hektar pay torpağı!
Sakinlərin örüş sahəsi iddiasına isə belə açıqlama gətirdi ki, "Ola bilsin sakinlər Yaşanın oğlu Müşfiq Namazovun idarəçiliyinə verilən 3 hektar örüş sahəsini deyirlər ", dedi.
- 'Kəndin örüş sahəsi kiminsə idarəçiliyinə necə verilə bilər ?" sualımıza isə, bələdiyyə sədri Şəmsi Əliyev rişxəndlə - "Olur, ay xanım, siz qanunlara diqqətlə baxın, olur. Mən də görmüşəm o sənədləri "- dedi.
Biz, "Tamam, sizin də bu cavabınızı olduğu kimi dərc edərik və barəsində araşdırmalar aparılması üçün aidiyyatı qurumlara rəsmi müraciətlər göndərəcəyik", dedik və sağollaşdıq.
Şəmsi bəy isə sağollaşmadan öncə "3 hektardır, ola bilər aşağı-yuxarı olsun, amma 3 hektardır" -deyib, sonra sağollaşdı.
Qeyd - 1: Əldə etdiyimiz digər məlumata görə, Yaşa Namazovun camaat arasında "mənim arxamda o durub" dediyi, qardaşı oğlu Ceyhun Həsənov Yaşanın ögey qardaşının oğludur və hazırda soyuq münasibətləri var. Hətta, deyilənə görə küsülüdürlər.
Belə çıxır ki, Yaşa Namazov camaatın gözünü qorxutmaq üçün, yalan danışaraq, Ceyhun Həsənovun nüfuzundan sui-istifadə edib.
Hər halda bütün məlumatlar redaksiyamıza kəndin sakinləri tərəfindən göntərilib.
Qeyd - 2: Məsələnin araşdırılması və barəsində lazımi tədbirlər görülməsi üçün "DogruXeber.az" olaraq, aidiyyatı qurumlara göndərilməsi üçün tərəfimizdən müraciətlər hazırlanır.
Sonda isə hansı örüş torpaqları hansı halda kimlərə icarəyə verilə bilər, bu barədə qanunun müvafiq maddəsini Şəmsi bəyin diqqətinə çatdırmağı özümüzə borc bildik
AZƏRBAYCAN RESPUBLİKASININ TORPAQ MƏCƏLLƏSİ
Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.
2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.
3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. [16]
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir.
Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.
Mövzuya təkrar qayıdacağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.