Vətən sənə canım fəda
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Vətən sənə canım fəda” layihəsinə yekun vurulub. QHT-nin “Azərbaycan” nəşriyyatında yerləşən ofisində 20-dən yuxarı media nümayəndəsinin iştirakı ilə keçirilən yekun tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi sükutla anılıb. Sonra layihə rəhbəri, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu layihə çərçivəsində görülən işlər barədə ictimaiyyətə KİV nümayəndələri vasitəsilə hesabat verib.
Qeyd edib ki, layihənin icra planına uyğun olaraq sentyabrın 20-də Bakı şəhərində yaradılmış Hərbi Qənimətlər Parkında “Dəmir Yumruğun təntənəsi” adlı ədəbi-bədii görüş keçirilib. Abşeron Rayonu Mehdiabad qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdən yuxarı sinif şagirdlərindən ibarət 59 nəfərin parka ekskursiyası təşkil edilib. Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin hərbi-rəhbəri, baş leytenant Hidayət Nağıyev 44 günlük müharibədə silahlı qüvvələrimizin məhv etdiyi və düşməndən qənimət götürdüyü, Hərbi Qənimətlər Parkında sərgilənən texnikalar barədə məlumat verərək, açıq dərs keçib.
44 günlük Vətən Müharibəsində erməni faşizminin məğlubiyyəti nəticəsində yaranmış hərbi-siyasi vəziyyət təhlil edilib. Layihənin fəaliyyət planına uyğun olaraq növbəti tədbir isə oktyabrın 4-də Sumqayıt şəhərindəki Tarix muzeyində yerləşən “Didərgin muzey”də keçirilib.
Sumqayıt Şəhərindəki 39 nömrəli orta məktəbin 44 nəfərdən ibarət, hərbi geyimli, yuxarı sinif şagirdlərini Sumqayıt Tarix Muzeyinin direktoru Aygün Zülfüqarlı muzeyin yaranma tarixi, bölmələri və eksponatları barədə məlumatlandırıb. 1988-ci ildə indi Ermənistan adlanan Qərbi Azərbaycandan soydaşlarımızın silah gücünə, qanlı qırğınlarla deportasiya olunmasından, son nəfərinədək ata yurdundan qovulmasından, o qanlı hadisələr zamanı öz həyatını təhlükəyə ataraq qeyri-adi fədakarlıq göstərən tarix müəllimi Bəxşeyiş Ələmşahovun qəhrəmanlığından söz açılıb. Qeyd edilib ki, Bəxşeyiş müəllim o vaxtlar gərgin zəhməti nəticəsində 1985-ci ildə Qafan rayonunun Müsəlləm kəndində-işlədiyi orta məktəbdə Tarix-diyarşünaslıq muzeyi yaradıb. Təəssüf ki, 3 il sonra erməni faşistləri gənc tarixçinin şagirdlərini məktəbindən, ailəsini od-ocağından didərgin salıb. Onun gənclərimizə həqiqi tariximizi öyrətmək arzusunu gözündə qoyub.
1988-ci ilin görünməyən qəhrəmanı, Sumqayıtdakı 39 saylı məktəbin direktoru Bəxşeyiş Ələmşahov Zəngəzurdakı şagirdləri, Müsəlləm 8 illik məktəbində yaratdığı Tarix-diyarşünaslıq muzeyi və 1988-ci ilin qara günləri barədə xatirələrini indiki şagirləri ilə bölüşüb. O vaxt min cür əziyyətlə yığdığı eksponatları, alın tərilə yaratdığı muzeyi düşmən əlindən xilas etməyin yaşatdığı ağrı-acılardan danışıb.
Hər iki tədbirdə məktəbli gənclərə”Vətən sənə canım fəda” layihəsi çərçivəsində hazırlanmış “Zəfərdən- zəfərə” adlı buklet və Tamxil Ziyəddinoğlunun “Güllə səsinə açılan qapı” kitabı paylanıb. Daha sonra Zəngəzurda doğulmuş müəlliflərin kitabları muzeyə və 39 saylı məktəbin kitabxanasına hədiyyə edilib.
Noyabrın 2-də isə “Vətən Sizə oğul dedi” adı altında üçüncü tədbir Şuşa şəhərində keçirilib. 44 günlük Vətən Müharibəsinin rəmzi olaraq, Şuşa uğrunda döyüşərək Şuşaya çatmadan Şəhid olanların ailə üzvlərindən və qazilərdən ibarət 44 nəfərlik qrupun Şuşaya 1 günlük səfərini nəzərdə tutan tədbir Füzuli rayonunun Qaraxanbəyli kəndində, Şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başlayaraq Şuşada davam etdirilib. Ziyarətçilər üçün hazırlanmış xüsusi geyim formaları və “Zəfərdən-Zəfərə” adlı buklet tədbir iştirakçılarına paylanıb.
Şuşa ziyarətçilərinin yaralarına sevgi və sayğılaırı ilə məlhəm qoyan Nigar Əliyeva həm də qrup üzvlərinə Şuşanın tarixi, mədəniyyəti, mənəvi dəyərləri barədə ətraflı məlumat verib.
Ehtiyatda olan Tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmov, Qazi-jurnalist Əlisəfa Mehdiyev Azərbaycan Ordusunun uğurlarından, azad olunmuş torpaqlarımızda aparılan geniş quruculuq, abadlıq işlərindən söz açıblar. Qarabağın yeni növrağında hər şəhidimizin, hər şəhid ailəsinin öz payı olduğunu bildiriblər. Sonra qrup üzvləri illərdi həsrətində olduqları müqəddəs yerləri gəziblər. Xatirə şəkilləri çəkilib, Şuşanın dağları, qayaları ilə baş -başa bir gün keçirən şəhid ailə üzvləri az da olsa, təsəlli tapıblar.
Şuşa ziyarətçiləri arasında iştirak edən şair –publisist, “Laçın yurdu” jurnalının baş redaktoru tədbir iştirakçılarına səfər təəssüratlarını danışdı. Qeyd etdiki o qədər həyəcanın, kədər qarışıq sevincin, emosiyanın içində Şəhid Fərid İlyaslının ziyarətçilər arasında olan qardaşı Kamala azad Qarabağda, “Xarıbülbül” restoranında ad günü keçirilməsi hamımıza duyğulu anlar yaşatdı. Kamalın 11 yaşı şərəfinə “Tort” kəsilməsi hər kəsi xoş ovqata köklədi.
“Müvəkkil Hüquq Mərkəzi”nin rəhbəri Səməd Vəkilov, “Uşaqların gələcəyi naminə” ictimai birliyinin sədri Könül Quliyeva, QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə, "Aydın Fikir" ictimai-siyasi qəzetinin və "Qlobxeber.az" saytının təsisçisi və baş redaktoru Sübut Mehdiyev, “Vedibasar” qəzetinin baş redaktoru Sərtib İslamooğlu və digər çıxış edənlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə belə layihələri dəstəklədiklərinə görə minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra Ehtiyatda olan Tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmov, Hərbi jurnalist Azadə Bayramova və Elbəyi Orucov layihənin uğurla həyata keçirilməsində göstərdikləri xidmətə görə, Hərbi Jurnalistlər Birliyinin “Vətənoğlu” fəxri diplomu ilə təltif olunublar. Tədbirə yekun vuran layihə rəhbəri layihənin həyata keçirilməsi zamanı qarşıya çıxan çətinliklərin dəf edilməsində verdikləri ardıcıl dəstəyə görə, QHT Agentliyinin İcraçı direktoru Aygün Əliyevaya, Prezident Administrasiyasının əməkdaşı Kamran Həsənova və layihənin kuratoru Ülkər Süleymanovaya minnətdarlığını bildirib.
Onu da qeyd edək ki, “Ordum.az” informasiya portalının redaktoru Siyavuş Əmirli öz internet səhifəsində bütün tədbirləri canlı yayımlayıb.
P.S. Şəhid ailə üzvlərinin, qazilərin “Vətən sənə canım fəda” layihəsi çərçivəsində Şuşaya səfərinin təşkilində göstərdiyi təşkilati dəstəyə görə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə minnətdarlığımızı bildiririk. Layihənin gerçəkləşməsində fəal iştirak edən, şəxsi avtomobilini, fiziki və mənəvi köməyini əsirgəməyən Mehdiabad Bələdiyyəsinin nümayəndəsi Cavid Əzizova təşəkkür edirik.
“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin mətbuat xidməti