azia.az
azia.az

Ermənistan Rusiyaya, yoxsa ABŞ-a yaxınlaşmalıdır? - Azərbaycanın maraqları buna nə deyir...

17-09-2022, 14:22



Rusiya Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanmasını niyə istəmir? Moskvanın əsas məqsədi Ermənistanda öncə “Qarabağ erməniləri”ni hakimiyyətə gətirib, daha sonra Azərbaycanla sülh müqaviləsinin imzalanmasını təmin etməkdir.
Başqa ifadə etsək, Rusiya hesab edir ki, sülh müqaviləsi azərbaycanlılarla “Qarabağ erməniləri” arasında bağlanmalıdır. Hətta bu ssenari baş tutsa belə, iki ölkə arasında imzalanan müqavilə etibarlı olmayacaq və münaqişə tarixin arxivinə qovuşmayacaq. Moskva ABŞ-ın dəstəklədiyi Paşinyan hakimiyyətinin Azərbaycanla sülhə imza atmasını özünün gələcək maraqlarına zidd hesab edir.
Ermənistanda cərəyan edən hadisələr Paşinyanın devriləcəyi təqdirdə, Rusiyanın bu ölkədə hakimiyyətə “Qarabağ erməniləri”ni gətirəcəyi ilə bağlı şübhə yeri qalmadığını göstərir. Kreml bu istiqamətdə müəyyən addımlar da atıb, köhnə “Qarabağ klanı”nın vitrinin dəyişdirilməsi üçün siyasi səhnəyə yeni fiqurlar da çəkib. Ruben Vardaryanın Xankəndinə köç etməsi və İrəvanda baş verən son mitinqlər zamanı yeni “persona”nın - Robert Koçaryanın oğlunun önə çəkilməsi Kremlin mümkün ssenarisinin əsas ışartılarıdır. 
Heç şübhəsiz ki, Ermənistanda “Qarabağ erməniləri”nin hakimiyyətə gətirilməsi Azərbaycanla Ermənistan arasındakı münaqişənin yenidən alovlanması ilə nəticələnəcək və münaqişə ocağı kimi Qarabağ daim öz aktuallığını saxlayacaq. 
Ona görə də Paşinyanla sülh müqaviləsinin imzalanması Azərbaycanın strateji maraqlarına tam cavab verir. ABŞ da indiki situasiyada Cənubi Qafqazda sülhün təmin edilməsini dəstəkləyir. 
Digər tərəfdən, Ermənistanın ABŞ-a yaxınlaşması bu ölkənin Azərbaycana qarşı ərazi iddialarını da zərərsizləşdirəcək. Ermənistanın Azərbaycanın torpaqlarını Rusiyanın açıq dəstəyi ilə işğal etmişdi. Rusiyadan qopan İrəvan üçün Azərbaycana qarşı tarixi “erməni xəstəliyi”ni davam etdirmək mümkünsüz olacaq. 
Bizim əsas məqsədlərimizdən biri Rusiya və Ermənistan arasındakı gərginliyi daha da artırmaq və İrəvanın ABş-a daha da yaxınlaşmasına ən azı mane olmamaqdır. 
Əgər “Qarabağ erməniləri” hakimiyyətə gələcəksə, bu, Ermənistanla Rusiyanın çox ciddi şəkildə yaxınlaşmasını təmin etmiş olacaq və Kreml üçün “erməni kartı”ndan istifadə yenidən aktivləşəcək. 
Bəs, biz tarixi necə dəyişməliyik? 
1920-ci ildə ağır sosial şərtlər məngəsində məhv olan ermənilərə Qərb dəstək verə bilmədi. Həmin dövrdə fərqli şərtlər var idi, dünya müharibəsi digər ölkələr kimi ABŞ-ın da xeyli güc və resurslar itirməsi ilə nəticələnmişdi. Cənubi Qafqazda yeni konfiqurasiya quran ruslara mane olmaq elə də asan deyildi. Nəticədə Ermənistanı da ruslar ələ keçirdilər və heç bir sərvəti olmayan Ermənistan məhz Azərbaycanın imkanları hesabına dərçəlməyə başladı. 
Biz tarixi dəyişdirməsək, yenə də eyni ssenari işlək hala gətiriləcək. Ermənistanla Rusiya yaxınlaşsa, İrəvan Azərbaycan imkanlarından yenidən istifadə edərək dirçələcək və regional layihələrdən faydalanacaq. Ermənistanın bundan sonrakı taleyinə ABŞ-ın güzgü tutması Azərbaycan üçün daha sərfəlidir.
Müəllif: Samir Feyruzov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi