Ramiz Mehdiyevdən medal alan Cavadov tutulan səfirin müdafiəsinə qalxdı: "Dostluğumdan qürur duyuram..." — FOTOLAR
“Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun sədri Hikmət Cavadov bu günlərdə həbs olunan Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı sabiq səfiri Eldar Həsənovla yaxın münasibətlərdə olduğunu etiraf edib.
Hikmət Cavadov Eldar Həsənovla yaxınlığı barədə ötən gün Demokrat.az-da gedən məqaləyə özünəməxsus şəkildə aqressiv və təhqirlə reaksiya verib.
O, feysbuk səhifəsində qeyd edib: "Məni tanıyanlar bilirlər ki, mən hər zaman dövlətimə sadiqəm. Dövlətim, millətim üçün gecə-gündüz çalışmış və bu yolda heç bir mübarizədən çəkilməmişəm, çəkilmərəm də.
Aşağıda paylaşdığım məqalədə adları qeyd edilən, milli maraqlarımıza hörmətlə yanaşan insanlarla dostluğumdan qürur duyuram və bu münasibətləri nəyəsə görə gizlədəcək qədər əqidəsiz, cılız xarakterli şəxs də deyiləm. Bunu da bilirsiniz.
Bu məqaləni yazan və yazdıran, anlarının əlcəyini dişləyən çaqqal sürüsünə də deyirəm: "Sizin işiniz şər atmaq, alçaqcasına böhtan xarakterli məlumatlar yaymaqdırsa, bizim işimiz durmadan dövlətimiz üçün çalışmaqdır. Siz əqidənizi, kişiliyinizi, mənliyinizi beş paraya sataraq gündə bir mənsəbə qulluq edirsinizsə, bilin ki, biz ancaq Azərbaycana xidmət edirik".
Hikmət Cavadov Eldar Həsənovun açıq müdafiəsinə qalxaraq, onun azadlığa buraxılması üçün Azərbaycan Prezidentinə müraciət edib, sabiq səfirin azadlığa çıxması istiqamətində kampaniya başladıb.
Bütün bunlar Hikmət Cavadovun Eldar Həsənov tərəfindən himayə edilməsi ehtimallarını bir daha gücləndirir. Konkret həqiqətləri isə aparılan istintaqın nəticələrindən sonra öyrənmək mümkün olacaq...
Zaur Hacılı