azia.az
azia.az

“Şef”in daha bir neçə adamı məhkəmə qarşısında

17-09-2021, 09:26

“Şef”in daha bir neçə adamı məhkəmə qarşısında
MTN-in ifşasından bəri adı yüzlərlə rüşvət, reket epizodlarında hallansa da, Eldar Mahmudov nə “odda yanır, nə suda batır...”
2015-ci ildə həbs edilən və 5 il cəza alan MTN polkovniki, nazirliyin İstintaq Baş İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov yenidən cinayət məsuliyyətinə cəlb olunub. O, yaxın günlərdə MTN generalı, İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevlə birlikdə məhkəmə qarşısına çıxarılacaq.

Mövlam Şıxəliyev və daha 3 nəfər barəsində cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Mövlam Şıxəliyev və Vüsal Ələkbərovla birlikdə İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin keçmiş müavini Sahib Ələkbərov da mühakimə olunacaq. Adları çəkilən 4 nəfər mütəşəkkil dəstə kimi birləşib müxtəlif adamlara hədə-qorxu gəlməklə onların milyonlarla pulunu, əmlakını ələ keçirməkdə suçlanır. Sabiq MTN-çilər barədə cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digərləri haqqında istintaq dövründə alternativ qətimkan tədbirləri seçilib.

Yasin Məmmədovun adı “MTN işi”ndə əvvəl də keçsə də, onun əleyhinə ifadələr olsa da, cinayət məsuliyyətinə cəlb olunmamasını qardaşının vəzifəsi ilə əlaqələndirirdilər. Onlar dövlət orqanlarına şikayətlərində də bu haqda yazırdılar. Onun qardaşı Natiq Məmmədov 2000-2004-cü illərdə Xəzər Rayon Məhkəməsinin hakimi, ardınca Mərkəzi Seçki Komissiyasının (MSK) katibi, 2011-2018-ci illərdə isə bu qurumun sədr müavini olub. 2018-ci ildə baş nazirin sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbərinin müavini təyin edilib. 2019-cu ildə hətta Aparat rəhbəri vəzifəsinin icrası da ona həvalə edilib.

"MTN dağılanda həbs edilməli olan ilk adamlardan biri Mövlam Şıxəliyev olmalı idi..."

Mövlam Şıxəliyev 2021-ci ilin aprelində başqa bir MTN generalı, nazirliyin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinovla birlikdə həbs olunub. Sentyabrın əvvəlində Şirinovun işi məhkəməyə göndəriləndə Şıxəliyev və daha üç nəfərin işi ayrılıb. Şirinov da məhkəmə qarşısına tək çıxarılmır. Onun tabeliyində işləmiş idarə rəisləri Elcan Abdullayev və Elman Tahirov, keçmiş əməliyyat müvəkkili Nadir Nəzirov da təqsirləndirilir.
“Şef”in daha bir neçə adamı məhkəmə qarşısında
Nazim Şirinov və 3 keçmiş işçisinin məhkəməsi sentyabrın 23-də başlayacaq. MTN-in keçmiş rəhbəri, indiyədək olan məhkəmələrdə adı “şef” kimi hallanan Eldar Mahmudovun daha bir neçə işçisinin məhkəməsi diqqəti istər-istəməz yenə ona yönəldir. Amma MTN-in ifşasından bəri adı yüzlərlə rüşvət, reket epizodlarında hallansa da, Eldar Mahmudov nə “odda yanır, nə suda batır...”

Eldar Mahmudovun sanki bu işlərlə heç bir əlaqəsi olmayıb. Halbuki bir çox biznesmenlər məhz MTN divarları arasında təzyiqə, şantaja məruz qalıb. İndiki 2 məhkəmə də Eldar Mahmudovsuz ötüşmək mümkün olmayacaq, amma bunlar MTN şefinin çətin ki, keyfini poza bilsin.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, “MTN işi” illər sonra istintaq haqda dərsliklərə əsas fiqurantı kənarda saxlamaqla aparılan iş kimi düşəcək: “Əslində hər kəs bilir ki, MTN-də baş verən cinayətlər - hansılar ki, artıq törədilməsi məhkəmə hökmləri ilə təsdiq olunub- Eldar Mahmudovdan xəbərsiz baş verə bilməzdi. Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etdiyi 2004-cü ildən 2015-ci ilə qədər bu qurumda yüzlərlə vətəndaşa qarşı cinayət törədilib. Bir daha təkrar edirəm ki, bu haqda məhkəmələrin qanuni qüvvəyə minmiş hökmləri var. Mümkün deyildi ki, Eldar Mahmudov həmin cinayətlərdən bixəbər olsun. Belə olubsa, bunun özü də cinayət məsuliyyəti yaradır”.

Hüquqşünas deyir ki, məhkəmələrdə üzə çıxan faktlar onu deməyə əsas verir ki, Eldar Mahmudov nəinki MTN-də baş verənlərdən xəbərdar olub, bir çox hallarda cinayətlər onun razılığı, rəhbərliyi ilə törədilib: ““Bakı Metropoliteni” ASC-nin sabiq rəisi Tağı Əhmədovdan 3 milyon manat alınması epizodunda o, açıq-aşkar deyir ki, Eldar Mahmudovla əlaqə saxlamağa çalışdım, Eldar Mahmudov məni Akif Çovdarovla məsələni həll etməyə tapşırdı. Bu tapşırmadan sonra Akif Çovdarov Tağı Əhmədovdan 3 milyon manat alıb. Ümumiyyətlə, “MTN işi” üzrə bir çox proseslərdə bütün oxlar Eldar Mahmudova istiqamətlənir, amma hakimlər müvafiq qərardad qəbul edib tədbir görülməsindən yayınırlar. Görünür, işin bu şəkildə aparılması qərarlaşdırılıb və hakimlərə belə tapşırılıb".

Hüquqşünas ehtimal edir ki, Eldar Mahmudovla bağlı siyasi qərar verilərsə, həbsi an məsələsi olacaq.

E.MƏMMƏDƏLİYEV,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi