Davamlı iş dəyişmək karyeraya necə təsir edir?
İş dünyasına yeni addım atan insanlarda tez-tez rast gəlinən nüanslardan biri də iş yerlərini davamlı dəyişmələridir. Ətrafımızda “Bu işdə özümü görmürəm”, “İş ürəyimcə deyil” deyən insanlar var. Hətta onlar arasında 2-3 aydan bir iş yerini dəyişdirənlər də olur. Bəs tez-tez iş yerini dəyişmək gələcək karyeramıza necə təsir edir? Belə etmək bizə təcrübə qazandırır yoxsa, karyeramızda irəliləməyi ləngidir?
İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov Valyuta.az-a bildirdi ki, bir çox gənclər işə başlamağa tələsirlər: “Ən böyük səhv də karyera planlaması etmədən işə başlamaqdır. Təəssüf ki, çoxları universiteti bitirən kimi ilk qarşılarına çıxan işə girirlər, amma bir neçə aydan sonra anlayırlar ki, bu sahə onlara uyğun deyil. Halbuki, özünü tanımaq üçün məcburi əmək müqaviləsi ilə işə girmək lazım deyil. Könüllü fəaliyyət bu baxımdan ideal seçimdir: nə qədər istəsən orada qala bilərsən, heç bir hüquqi öhdəlik yoxdur və cəmi bir-iki həftəyə həmin sahənin sənə uyğun olub-olmadığını hiss edirsən. Əlavə olaraq, bu gün gənclərə karyera dəstəyi verən çoxlu mütəxəssis, mentor və testlər mövcuddur. Maraqlarını, güclü tərəflərini ölçən karyera testləri var ki, onlar insanın hansı sahədə uğurlu ola biləcəyini göstərir. Əgər gənc əvvəlcədən bu dəstəyi alırsa, o, daha şüurlu seçim edir və sonradan tez-tez iş dəyişmək kimi problemlərlə üzləşmir".
Plansız karyera sabitliyi pozur
A.Həsənov deyir ki, plansızlıq CV-də “sabit olmayan namizəd” obrazı yaradır: “Məsələn, bir gənc könüllü işləsəydi, bir həftəyə başa düşəcəkdi ki, bu sahə ona uyğun deyil və rahatlıqla başqa təcrübəyə keçəcəkdi. Amma əmək müqaviləsi ilə işə başlayanda işdən ayrılmaq həm etik, həm də sənədləşmə baxımından çətinləşir. Bu, həm işəgötürən, həm də işçi üçün əlavə problem yaradır”.
Qarışıq CV HR-lar üçün riskli görünür
A.Həsənovun sözlərinə görə, HR-lar bu kimi qarışıq CV-lərlə qarşılaşdıqda, “Bu insan həqiqətən öz yolunu axtarır, yoxsa məsuliyyətsizdir?” düşüncəsində olurlar: “Əgər namizəd izah edə bilirsə ki, niyə iş dəyişib, hansı bacarıqları qazanıb və indi niyə qalıcı bir iş axtarır, bu, münasibəti yumşaldır. Amma ardıcıl 2-3 ay bir işdə qalıb ayrılmaq çox təkrarlandıqda, HR-lar risk görür. Çünki işçi adaptasiya prosesinə cəlb olunur, təlim keçir və şirkət resurs xərcləyir. Əgər o, tez ayrılırsa, bu, şirkət üçün itki deməkdir”.
Ən birinci plan qurun
A.Həsənov düşünür ki, karyera yolunda ən birinci addım plan qurmaqdır: “5 il sonra harada olmaq istəyirəm?”, “Bu gün seçdiyim iş məni ora yaxınlaşdırırmı?” – bu sualları cavablandırmaq lazımdır. İkincisi, işə başlamazdan əvvəl könüllü fəaliyyət və ya təcrübə proqramlarında iştirak etmək çox faydalıdır. Bu yolla həm real mühiti görürsən, həm də işin sənə uyğun olub-olmadığını sürətlə anlayırsan. Üçüncüsü, karyera testləri və məsləhətçilərin yardımıdır, onlar sənin güclü tərəflərini və maraqlarını daha obyektiv qiymətləndirir".
Sonda, tez-tez iş dəyişənin davranışına fikir vermək lazımdır: "Əgər hər işdən bir dərs alıb, bacarıqlarını artırır, inkişaf etmək üçün şüurlu seçim edirsə, bu, axtarışdır. Amma hər çətinlikdə işdən qaçırsa, iş mühitinə uyğunlaşa bilmirsə, bu, məsuliyyətsizlikdir. Uğurlu karyera üçün yalnız ürəyə yatan işləri seçmək kifayət etmir, bəzən səbr və fədakarlıq da tələb olunur. Amma məqsədsiz dəyişikliklər karyerada irəliləyişi ləngidir".
İR üzrə mütəxəssis karyera qurmaq istəyən gənclərə bəzi tövsiyələr verdi:
– İşə başlamazdan əvvəl səbəbi analiz edin: problemi işdə yoxsa, özünüzdə axtarın.
– Könüllü fəaliyyət və ya təcrübə proqramlarından başlayın – az vaxt itkisi ilə çox təcrübə verir.
– Karyera planınızı qurun: 5 il sonra harada olmaq istədiyinizi düşünün və bu gün seçdiyiniz işin ora aparıb-aparmadığını yoxlayın.
– Özünüzü kənardan müşahidə edin – bəzən sadəcə ofisə baş çəkmək, tədbirdə iştirak etmək belə qərar verməyə kifayətdir.