azia.az
azia.az

Rusiya qonşularının çoxu ilə buna görə düşmənDİR- TƏFƏRRÜAT

31-12-2024, 10:31

Hazırda Rusiya quruda və dənizdə 16 ölkə ilə qonşudur. Bunlar Azərbaycan, Qazaxıstan, Çin, Monqolustan, Ukrayna, Finlandiya, Belarus, Gürcüstan, Estoniya, Litva, Latviya, Polşa, Norveç, Yaponiya, ABŞ və Şimali Koreyadır.

Rusiya tanınmamş Cənubi Osetiyanı və Abxaziyanı da öz qonşuları sırasına daxil edir. Amma hər kəsə aydındır ki, onlar qonşudan çox, Rusiyanın qeyri-rəsmi federal subyektləridir.

Bunlarla yanaşı, Rusiyanın “bir çəpər o tərəfdəki qonşuları“ da var. Bunlar da Moldova, Ermənistan, Türkmənistan, Özbəkistan, Qırğızıstandır. Hətta Əfqanıstanı da bu siyahıya salmaq olar. Çünki Moskva vaxtilə oranı da işğal və idarə edib. Başqa sözlə, Rusiyanın bu adı çəkilənlərlə xüsusi münasibəti var, onlara, bir növ “ərki ötür”, ya da özünü bu cür hiss edir.

Россия-соседними-странами-карте.jpg (161 KB)

Sovet dövründə, yəni Rusiya imperiyasının SSRİ adlandığı vaxt onun sərhədlərinin uzunluğu 62.710 kilometrə bərabər olub. SSRİ RSFSR-ə məxsus Maqadan vilayətinin Çukotka muxtar dairəsinin Berinq boğazındakı Ratmanov adasından başlayaraq Kalininqrad vilayətinə qədər uzanıb. Bu, şərqdən qərbə 10.000 kilometrlik məsafədir. Ölkənin eni - şimaldan cənuba doğru uzunluğu isə Krasnoyarsk diyarının Taymir muxtar dairəsindəki Çelyuskin burnundan Orta Asiyanın Kuşka şəhərinə, Türkmənistanın Marı vilayətinə qədər 5000 km olub.

Hazırda keçmiş SSRİ-nin tərkibindəki müttəfiq respublikaların müstəqil dövlət olmasıyla əlaqədar Rusiyanın eni bir az azalıb, amma uzunluğu həminki kimi qalıb – 10 min km.

Sovet dönəmində isə Rusiya (SSRİ) 14 ölkə ilə həmsərhəd olub: Şimali Koreya, Çin, Monqolustan, Əfqanıstan, İran, Türkiyə, Rumıniya, Macarıstan, Çexoslovakiya, Polşa, Norveç, Finlandiya, dəniz yolu ilə ABŞ və Yaponiya.

İndi Rusiyanın öz qonşuları ilə 35 il əvvəlki və indiki münasibətlərinə baxaq.

кщыыш.jpg (82 KB)

ABŞ-dən başlayaq. Rusiyanın bu dövlətlə münasibətləri 35-40 il əvvəl də düşməncəniə idi, indi də elədir. O vaxt da bu iki dövlət bir-birini həzm etmir, bütün parametrlərdə, perimetrlərdə, meridianlarda, paralellərdə, arxipelaqlarda, hər sahədə çəkişirdilər, indi də durum o cürdür.

Çinlə Rusiyanın münasibəti ötən əsrin ortalarından bəri xüsusidir. Bilinmir ki, bu iki ölkə dostdur, yoxsa düşməndir. Onlar üzdə bir cür, arxada başqa cür davranırlar. Gizli intriqa davam edir. Ancaq Çinin indiki qırmızı bayraqlı Çin olmasında Moskvanın rolu müstəsnadır. Çin o bayrağı Moskvadan alıb.

Şimali Koreya da öz mövcudluğuna görə Rusiyaya borcludur. Ancaq geniş anlamda götürsək, Moskva Koreya xalqına böyük pislik edib, onu iki yerə bölüb. Nəticədə Cənubi Koreya ilə Şimali Koreya 80 ildir müharibə vəziyyətində yaşayırlar.

Rusiya II dünya müharibəsindən sonra Monqolustanı tamamən işğal edib sovetləşdirməklə rus xalqının Çingiz xan dövründən sonra uzun əsrlər boyunca monqol əsarəti altında yaşamasının əvəzini çıxıb.

кщынфз.jpg (96 KB)

Yaponiya ilə Rusiyanın münasibətinin pis olmasının tarixi də qədimdir. Ortada rus-yapon müharibələri var. Yaponlar II dünya müharibəsindən sonra Kuril adalarının SSRİ tərəfindən işğal olunması və hələ də Rusiyanın yurisdiksiyasında qalmasını həzm edə bilmirlər. Hər il bu məsələ təkrar-təkrar qaldırılır. Hər dəfə də yaponlar ruslardan sərt cavab alırlar.

Üzü bəri gələk. Əfqanıstan-Rusiya münasibətlərindən uzun yazmağa ehtiyac yoxdur. 1979-cu ildən 1989-cu ilə qədər davam edən işğal dövründə tərəflər əməlli-başlı müharibə aparıblar, ara yerdə 10 minlərlə əsgər, mücahid və dinc sakin həlak olub.

İranla Rusiyanın arasında gedən müharibələrin də zəngin tarixi var. Rus generalları (Paskeviç) İran ərazisini işğal edə-edə Təbrizə qədər gediblər. XX əsrdə isə Rusiya (SSRİ) İran ərazisində dövlətlər (Gilan sovet sosialist respublikası, Mehabad respublikası və Cənubi Azərbaycan respublikası) qurulmasına yardım edib.

кгыегк.jpg (56 KB)

Türkiyə və Rusya arasındakı müharibələr, çəkişmələr də şiddətli olub. Son 300 ildə yalnız indi-indi Rusiya və Türkiyə anlaşma içindədir, o da sırf ikisinin də Qərb ekspansionizmi qarşısında qaldıqlarına görədir.

Rumıniya, Macarıstan, Çexoslovakiya, Polşa respublikaları vaxtilə (1944-45-ci illərdən ta 1989-cu ilə qədər) SSRİ-nin işğalı altında olublar. Kreml bu ölkələrin ikisində - Macarıstanda (1956) və o zamankı adıyla Çexoslavakiyada (1968) qanlı qırğınlar törədib, onlara işğal altında olduqlarını tankla başa salıb, birində - Polşada isə (1981) repressiyalar həyata keçirib, inqilabi hərəkətlənməni boğub, axırda 1941-42-ci illərdə Altay diyarında atasıyla birgə sürgün həyatı yaşamış general Voytsex Yaruzelskini ölkənin başına keçirib, diktatura bərqərar edib.

Bundan başqa, sovet dövründə Moskva birbaşa qonşusu olmayan, yuxarıda dediyimiz kimi, “bir çəpər o tərəfdəki” Yuqoslaviya və Albaniyaya da əl uzadıb, onları da idarə etmək istəyib, ancaq, görünür, bu dövlətlər, bir az uzaqda olduqları üçün, sovet tanklarının aradakı ölkələri aşaraq, onlara çata bilməyəcəklərini düşünərək, Moskvanın patronajlığından imtina ediblər.

Yalnız Bolqarıstan Rusiyadan çox razıydı, indi də çox narazı deyil, ancaq özünü onun quyruğuna bağlayıb Qərblə üz-göz olmaq da istəmir.

Hazırda Rusiyaya rəğbətlə yanaşan ölkələrin içində Serbiya, Macarıstan və Slovakiya da var. Sonuncu ikisinin liderləri bir zamanlar Kremlin sifarişləri ilə güllələnib və türməyə salınıblarsa da, hazırda o hadisələri yada salan yoxdur.

кгыфин.jpg (172 KB)

Finlandiya sovet dönəmində də, hazırda da Moskva ilə əks mövqedə olan, ondan pislik gözləyən ölkə olub. Rusiya Ukraynada işğalçılıq müharibəsinə başlayan kimi Finlandiya və İsveçin tez-tələsik NATO-nun qanadlarının altına can atması məhz “rus təhdidi”nə görəydi.

Norveç təbiətcə soyuq ölkə olduğu kimi, Rusiya ilə münasibətdə də həmişə soyuq olub, elə də davam edir.

Baltikyanı ölkələrin Moskvaya münasibəti hələ sovet dövründən bəlliydi. Onlar Moskvaya tabeydilər, amma onun xoşuna gəlmək üçün əldən getmirdilər. Hazırda da Rusiyanın dostu sayılmazlar.

Ukraynanın mövqeyi ortadadır, Rusiyaya qarşı döyüşür.

Moldova Rusiyanı onun ərazisini parçalamaqda, üstəlik, Qaqauziyanı Kişinyova qarşı qaldırmaqda ittiham edir.

Gürcüstan Rusiyadan çox asılıdır, onunla dinc, yanaşı yaşamaq istəyir, amma 2008-ci ildə hərbi təcavüzə məruz qaldığını da unutmayıb.

кгыфк.jpg (151 KB)

Ermənistan açıq-aşkar Rusiya ilə yanaşı yaşamaq istəmir, ondan daha xeyir gözləmir, üzünü Qərbə tutub.

Qazaxıstan Rusiyanı qıcıqlandırmaq da istəmir, Moskvanın hər dediyinə əməl etmək də.

Özbəkistan öz yolunu tutub, löhrəm yerişlə tam müstəqilliyə doğru davam edir.

Türkmənistan da uzaq şimal paytaxtında hansı qərarların qəbul edilməsiylə çox maraqlanmır, formal olaraq MDB sammitlərində iştirak edir, öz həyatını yaşayır.

Qırğızıstan hələ də Rusiyadan qopmağa hazır deyil, ona görə də manevrlər edir. Bu ölkə də artıq SSRİ dövrünün arxada qaldığını anlayır.

Orta Asiyada yeganə ölkə Tacikistandır ki, Rusiyadan qopmağı özü üçün təhlükəli sayır. Çünki cənubda aqressiv “Taliban” var. Taciklər əmindirlər ki, “Taliban”ın öhdəsindən yalnız Rusiya gələ bilər.

кгыбуд.jpg (41 KB)

Bir də Belarus var. Rusiya bu ölkəni öz federal subyekti sayır, onu qoruyur, himayə edir. Arada, 6-7 il əvvəl Lukaşenko özünü idarəedilməz biri kimi aparanda Kreml onu dövlət borcuna görə elə möhkəm sıxdı ki, dostluq-qardaşlıqdan əsər qalmadı. Adam üstümüzə borca gəldi, canını, kriminal jarqonla desək, “podval”a salınmaqdan qurtardı.

Beləcə, Rusiyanın qonşularıyla münasibəti bu cürdür. Elə qonşuluğundaca onun çoxsaylı düşmənləri, azsaylı dostları var. Müəllifi böyük rus yazıçısı Aleksandr Soljenitsın olduğu deyilən bir ifadənin son günlər çox tirajlaması bu üzdəndir. Həmin ifadə belədir: "Rusiyanın müttəfiqi yoxdur, ya düşməni var, ya da nökəri". İndi heç bir dövlət Rusiyanın vassalı olmaq istəmir.

Belə bir ortamda bu dövlət öz “qonşu siyasəti”ni bir daha nəzərdən keçirməli, öz təkəbbürü və aqressiyası ilə onları incitməməlidir. Yoxsa tamamilə tək qalacaq.

El aarasında tez-tez işlənən “qonşun pisdir, köç, qurtar” məsəli dövlət, ölkə prizmasında keçərli deyil. Qonşu mütləq yaxşı olmalıdır ki, sülh içində yaşayasan, inkişaf edəsən.

Xalid KAZIMLI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi