azia.az
azia.az

Məhkumluğu olan və bəraət alan şəxslərə vəzifə verilməsi: QANUN NƏ DEYİR?

13-10-2024, 14:38

Son günlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında məhkumluğu olan bir şəxsin kafedra müdiri vəzifəsinə təyin olunması ilə bağlı xəbər geniş müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, insanlar belə bir halın universitetin nüfuzuna xələl gətirə biləcəyini vurğulayıblar.

Bəs görəsən, məhkumluğu olan və ya bəraət alan şəxs yenidən vəzifəyə gətirilə bilərmi?

Bu sualın cavabına aydınlıq gətirilməsi üçün Oxu.Az hüquqşünas Emil Aslanovun fikirlərini öyrənib.

Hüquqşünas bildirib ki, ilk növbədə, "bəraət almaq" və "məhkumluğu başa çatmaq" anlayışları arasındakı fərqi anlamaq vacibdir.

"Bəraət alan şəxs o deməkdir ki, şəxs heç bir məsuliyyətə cəlb olunmayıb və bəraət hökmü qanuni qüvvəyə minəndən sonra öz vəzifəsinə qaytarıla bilər. Məhkum olunan şəxs isə hətta məhkumluğu ödənilsə belə, ola bilər ki, vəzifəsinə qaytarılmasın. Çünki məhkum olduğu halda artıq onun cinayət törətməsi sübuta yetirilmiş sayılır", - deyə hüquqşünas izah edib.

"Məhkumluğu olan şəxsin məlumatlarında məhkumluğun olması və onun ödənilməsi qeyd olunur. Bəraət alan şəxs isə o deməkdir ki, o, heç bir məsuliyyətə cəlb olunmayıb. İttiham olunub, istintaq aparılıb və nəticədə bəraət alıb. Bəraət alan şəxsin bəraət hökmü qanuni qüvvəyə minəndən sonra o, öz vəzifəsinə qaytarıla bilər.

Məhkum olunan şəxsin hətta məhkumluğu ödənilsə belə, vəzifəsinə qaytarılması ilə bağlı isə birmənalı fikir söyləmək çətindir. Çünki bir çox nüanslar var ki, onların hər biri məhz işin gedişatında müəyyən oluna bilər. Məsələn, qanunvericiliyə əsasən, az ağır cinayət törədən şəxslər, yəni yeddi ilə qədər məhkum olunan şəxslər, deputat seçilə bilərlər", - deyə E.Aslanov qeyd edib.

Məhkumluğu olan şəxsin işə götürülməsi və yaxud götürülməməsinə gəlincə isə hüquqşünas vurğulayıb ki, bu da şəxsin müraciət etdiyi yerin, idarənin və ya müəssisənin Əsasnaməsinə görə müəyyən oluna bilər.

"Yəni, ilk növbədə, şəxsin işləyəcəyi yerin Əsasnaməsinə baxmaq lazımdır ki, orada nə yazılıb? Əsasnamədə məhkumluğu olan şəxsin işə götürülməsi var, yoxsa yoxdur? Yalnız bundan sonra müəyyən fikir bildirmək olar.

Ümumiyyətlə, Cinayət Məcəlləsində (CM) bu barədə ətraflı qeyd olunub. CM-in 83-cü maddəsində göstərilir ki, yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bu maddəyə diqqət yetirsək, məsələ bizə tam aydın olar:

83.3.2-1. böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;

83.3.3. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə;

83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə;

83.3.5. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur", - deyə hüquqşünas bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi