azia.az
azia.az

Londona pul daşıyan korrupsionerlərin yeni kələkbazlığı

2-09-2021, 15:00

Londona pul daşıyan korrupsionerlərin yeni kələkbazlığı
Hüquqşünas: “Azərbaycanlı məmurlar ingilislərin ”İzahedilməz Sərvət Sərəncamı"nın yanından keçə bilir; daha əvvəlkitək pulları birbaşa Londona yollamırlar, özlərinin digər ölkələrdəki bizneslərinə yatırıb leqallaşdırırlar“
2019-cu ilə qədər London dünya siyasilərinin “ikinci evi” statusunda idi. Ən azı 30 il idi ki, dünyanın dörd bir tərəfindən böyük pullar axırdı. Cənubi Afrika ölkələrindən tutmuş korrupsiya reytinqlərində yer alan əksər dövlətlərin rəsmiləri, cibgir bankirləri oğurladıqlarını gecə-gündüz bilmədən “Dumanlı Albion”a daşıyır, orada varidatlarının toxunulmaz qalacağını düşünürdülər. Dünyadakı iqtisadi böhranlar 2 il əvvəl İngiltərə hakimiyyətini radikal qərarlar verməyə sövq etdi, “İzahedilməz Sərvət Sərəncamı” adlı qanun hazırlayıb qəbul etdilər. Bu qanun əsasında dərhal hərəkətlilik başladı, 50 min funtdan artıq pulların mənbəyi ilə bağlı sorğu-suallar başladı.
Londona pul daşıyan korrupsionerlərin yeni kələkbazlığı
Bu qanundan sonra Londona axışan əcnəbi korrupsionerlər siçovullar batan gəmini tərk etdiyi kimi qaçmağa başladılar.

O zaman belə qənaət formalaşmışdı ki, İngiltərə dünya siyasilərinin “ikinci evi” statusunu özündə saxlamaq istəmir. Varlı əcnəbilərin pullarını əllərindən alıb büdcəyə yatırmaq daha sərfəlidir.

Gələn son məlumatlar onu deməyə əsas verir ki, Londonda vəziyyət yenidən dəyişib və ya artıq “İzahedilməz Sərvət Sərəncamı” adlı qanun “unudulub”.

“Dumanlı albion”da dəyəri milyonlarla dollar olan mənzil almaq istəyən xarici ölkə vətəndaşlarının sayında yenidən artım müşahidə olunur. Virtualaz.org yazır ki, onların arasında Azərbaycandan olan müştərilər də var. Britaniyanın “Estate Agent Today” portalı yazır ki, Londonun tanınmış daşınmaz əmlak agenti şəhərə daha çox xarici müştərilərin qayıtdığını deyir. Və gözləyir ki, sentyabr ayında onların sayı daha da artacaq. “Eccord” daşınmaz əmlak agentliyinin icraçı direktoru Co Ekkls bildirir ki, hazırda o, İsrail, Azərbaycan, Avstraliya və Amerikadan olan müştərilərlə işləyir. Həmin müştərilər 2.5 milyon funt sterlinqdən 10 milyon funt sterlinqə qədər dəyərində evlər almaq üçün sifarişlər veriblər. Co Ekkls deyir ki, postpandemiya vəziyyətində daşınmaz əmlakın qiyməti də artır. Böyük Britaniyanın təhsil sistemi və Londonun şəhər kimi cəlbediciliyi onun daşınmaz əmlakını yenidən cəlbedici edir. Varlı əcnəbilər ailələrini, uşaqlarını Londonda yerləşdirirlər və ya orada elit klublara üzv yazılırlar. Nəticədə özlərinə mənzil alırlar. Onun sözlərinə görə, bəzi müştərilər özləri ev axtarmağa çalışır, amma tapa bilməyəndə daşınmaz əmlak agentinin xidmətlərinə müraciət edir. Bu da müştərilərin artmasına səbəb olur.

Xatırladaq ki, “İzahedilməz Sərvət Sərəncamı” adlı qanun İngiltərədə bu gün də qüvvədədir. Həmin qanun qəbul ediləndən sonra ilk olaraq Beynəlxalq Bankın həbsdəki sədri Cahangir Hacıyevin Londonda yaşayan həyat yoldaşı Zamirə Hacıyevaya tətbiq edilmişdi. Bunun başlıca səbəbkarı da elə Zamirə Hacıyevanın özü idi. İngiltərə mətbuatı Zamirə Hacıyevanı “pul səpmək hobbisini cilovlaya bilməyən xanım” kimi xarakterizə edib. Yəni Zamirə Hacıyevanın dəbdəbəli həyat tərzi onun “İzahedilməz Sərvət Sərəncamı” çərçivəsində araşdırmalara cəlb olunmasına yol açıb.

İlin azərbaycanlı anti-qəhrəmanı və bədxərci - Zamirə Hacıyeva… » Azia.az

Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 16 milyon funt sterlinq xərcləyib. Bu, gündə 4 min funtdan çox xərcləmə deməkdir. O, Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib. 7 il əvvəl Britaniyanın Virgin adalarında mənzillənən bir şirkət Londonun qərbində “Harrods” alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt ödəyib. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - “Mill Ride Golf Club”u almaq üçün 10 milyon funt xərcləyib. Rəsmi məlumatlara görə, Zamirə Hacıyeva “Harrods”un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olub. Onun 42 milyon funta “Gulfstream G550 jet” təyyarəsi aldığı da ortaya çıxmışdı.

İngiltərədə 50 min funt sterlinqlik evi olan şəxsin qeyd olunan məlum sərəncam çərçivəsində araşdırmalara cəlb edilməsi ehtimalı var. Hacıyevlərin isə Londondakı mal-mülklərinin toplam dəyəri 100 milyonlarla ölçülür. 50 min funtluq əmlakın sahibi “siyasi əhəmiyyətli şəxs”dirsə, onun araşdırmalara cəlb edilmə ehtimalı da yüksəkdir. Müxtəlif ölkələrdən olan deputatlar, keçmiş və indiki məmurlar, dövlət müəssisələrinin rəhbərləri, həmçinin onların köməkçiləri və ailə üzvləri bir anın içində İngiltərə qanunlarının qarşısında cavab verməli şəxsə çevrilə bilərlər. Yetər ki, Londonda və ya İngiltərənin digər yerlərində 50 min funt sterlinqlik əmlak alsınlar.

Bəzi hesablamalara görə, “İzahedilməz Sərvət Sərəncamı” adlı qanun qəbul edilib tətbiq olunana qədər İngiltərəyə postsovet məkanından milyardlarla dollar vəsait axıdılıb.

Londonda vətəndaşlıq alan və biznes quran azərbaycanlı məmur övladları kimlərdir? - YouTube

Hazırda Londondakı elit mülk sahiblərinin beşdə bir hissəsi rus dilində danışanlardır. London küçələrində təkcə pul səpələyən Hacıyevlər olmayıb. Hələ 2017-ci ildə İngiltərə mətbuatının diqqət mərkəzinə o dövrdə kənd təsərrüfatı naziri olan Heydər Əsədovun oğlu Asif Əsədzadə gəlmişdi. Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobili ilə İngiltərə paytaxtında hərəkət edən maşının videogörüntüləri də vardı. Londonun mərkəzi küçələrindən birində Az 90 HO 505 dövlət nömrə nişanlı “Porsche”nin ora təyyarə ilə aparıldığı məlum olmuşdu. Ümumilikdə isə London hər zaman dünya, eləcə də azərbaycanlı milyoner - milyarderlər üçün sevimli məkan olub. Burada öz bahalı maşınlarını nümayiş etdirən milyoner balaları ilə yanaşı, daşınmaz əmlaka kapital qoyanlar da az deyildi. London əslində varlıların investisiya qoymaq üçün müraciət etdiyi şəhərlər sırasında ilk yerlərdə qərarlaşmışdı. Londonda evi olmayan milyonerə dünyada az rast gəlmək mümkündür.

İngiltərə paytaxtında bahalı mənzillərin əksəriyyəti Naytsbric və Belqreyviya rayonlarında yerləşir. Elit alıcıların 60 faizi isə xarici ölkə vətəndaşlarıdır. Şəhərdə qiyməti 8 milyon funt-sterlinqdən yuxarı olan evlərin 21 faizini Rusiya, 13 faizini isə Yaxın Şərq ölkələrinin varlıları ələ keçirib. İngiltərə vətəndaşları bu cür evlərin 37 faizinə nəzarət edir. 2020-ci ilin statistik məlumatına görə, Londonda elit mənzillərin qiyməti 52 faiz artıb. Londonun elit məhəllələrində daşınmaz əmlakın qiyməti London ətrafındakı mənzillərin qiymətinə nisbətən 7 dəfə artıb. 2009-2012-ci illərdə Londonda mənzil alan xaricilərin sayında kəskin artım olub. 2016-cı ildə Londonda daşınmaz əmlak sövdələşmələrinin 85 faizi xaricilərin iştirakı ilə baş tutub. Xaricilər qiyməti 2 milyon funt sterlinq və daha yüksək olan elit mənzillərin alınmasında da əsas paya sahibdir. Bu il ərzində bahalı mənzillərin satışına dair sövdələşmələrin 60 faizi xaricilər tərəfindən bağlanıb. Londonda daşınmaz əmlak alanlar arasında ərəb ölkələrinin və Asiya qitəsinin sakinləri liderlik edib. Londonlu rieltorlar deyirlər ki, Azərbaycandan olan müştərilər elit mənzilləri alanlar arasında da xüsusi seçilirlər. Hələ 2015-ci ildə İngiltərənin eks baş naziri Devid Kameron Sinqapurda çıxış edərkən Londona cəm olan dünya korrupsionerlərinin kürkünə birə salımışdı.

David Kemeron Londonda bahalı evlərin alınması üçün istifadə edilən anonim şirkətlərin adlarının açıqlanacağını vəd etmiş, “London qanunsuz pulları saxlamaq yeri deyil” demişdi.

2019-cu ildə qəbul edilən yeni qanunlara əsasən bu ölkədə hansısa daşınmaz əmlak və ya digər aktivlər almaq istəyən xaricilər vəsaiti qanuni yolla qazandıqlarını sübut etməlidir.

Aydındır ki, Zamirə Hacıyeva, Heydər Babayev, sabiq spiker Rəsul Quliyev, keçmiş nəqliyyat naziri Ziya Məmmədov və Londona evi olan digər azərbaycanlıların heç biri orada sahib olduqları varidatın mənbəyini göstərə bilməzlər. Məmur maaşı ilə o cür bahalı şəhərdə milyonluq əmlak almaları mümkün də deyil. Londonda mülk alan sabiq və indiki məmurların fəaliyyətləri araşdırılırmı? Azərbaycanda belə mexanizm varmı?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, əslində Azərbaycan qanunları belə əməllərin araşdırılmasına yol verir. Sadəcə, qanunu tətbiq edib məmurların cəzaya çatdırılması problemi var: “Məmuru çağırıb soruşan yoxdur ki, bax, bu yarım milyonluq maşını hansı pula almısan? Yəni rəsmi qaydada bu sualı verən yoxdur. Məmurlar gəlirləri haqda hər il hesabat verməlidirlər. Bu gün Azərbaycanda belə bir məmur, sadəcə, yoxdur. Çünki hesabat verilsə, maaşla varidat arasında böyük bir uçurum hər kəsə aydın şəkildə görünəcək. Bu gün Azərbaycanda tenderlərin hansı şəkildə keçirildiyi hər kəsə bəllidir. Çox vaxt tenderlər elan edilir və sadəcə, keçirilmir. Dövlət büdcəsindən xalqın, millətin rifahına ayrılan vəsaitləri bir tender oyunu ilə ələ keçirib Londona transfer edirlər. Orada qəbul edilən qanun 5-6 ay korrupsioner məmurları çətin vəziyyətə saldı. Amma bu çox çəkmədi və bu adamlar qanunun yanından keçmə yolunu tapıblar. Azərbaycanlı məmurlar ingilislərin ”İzahedilməz Sərvət Sərəncamı"nın yanından keçə bilir. Daha əvvəlkitək pulları birbaşa Londona yollamırlar. Özlərinin digər ölkələrdəki bizneslərinə yatırıb leqallaşdırır, həmin biznesləri idarə edən şirkətlərin adına mal-mülk alırlar. Yəni faktiki olaraq korrupsiya pullarını “yuyub” Londona ötürürlər".

Hüquqşünas deyir ki, ingilislər tarixən digər xalqlardan hiyləgərlikləri, siyasi gedişlərinin fərqlilikləri ilə seçiliblər: “Sovet İttifaqı dağılandan sonra 15 respublikadan oğurlanan milyonların rahat şəkildə İngiltərəyə transfer edilməsinə hər cür şərait yaratdılar, oğurluq pulların İngiltərədə cəm olmasına göz yumdular. Buna görə də 10 illərlə dünyanın ən varlı adamlarının İngiltərəyə yerləşməsinə, özlərinə dəbdəbəli şərait qurmalarına imkan verdilər. Korrupsionerlər rahat şəkildə Londonda məskunlaşdılar, sağa-sola pul xərclədilər. Özləri də kənardan bu adamları müşahidə etdilər və kimin harada nəyi var sakitcə hesabatını apardılar. Dünya iqtisadiyyatı qlobal böhrana girəndə isə pulların geriyə və yaxud da digər ölkələrə axıdılması ehtimalı böyüdü. Buna seyrçi mövqedə dayanıb baxmaq olmazdı, ingilislər də baxmadılar. Qanun qəbul edib, ölkəyə gətirilən olduqca böyük pulların tam olmasa da, yarıdan çoxuna əl qoya bildilər. İngiltərəyə isə 10 milyardlar axıb. Hazırda proses davam edir. Azərbaycandan İngiltərəyə qaçırılan pullar haqda ara-sıra mətbuatda yazılar dərc olunur. Bu da səbəbsiz deyil. Daha İngiltərə paytaxtı dünya siyasilərinin ”ikinci evi" statusunu saxlamaq istəmir. 3 ildir ki, vəziyyət dəyişib. İngiltərə hakimiyyəti bir qanun qəbul etməklə dünyanın dörd bir tərəfindən illərlə bu ölkəyə pul daşıyanların mal varlığına əl qoyur. Başa düşürlər ki, korrupsiya pullarının İngiltərədə “yuyulub” başqa ünvanlara axıdılma ehtimalı böyükdür. Qarşısını bir qanun qəbul etməklə bu şəkildə alırlar".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi