azia.az
azia.az

Bir kiçik zəlzələnin apardığı böyük pulları Kəmaləddin Heydərovun hansı şirkətləri “udub” - İLGİNC FAKTLAR

2-09-2021, 09:52

Bir kiçik zəlzələnin apardığı böyük pulları Kəmaləddin Heydərovun hansı şirkətləri “udub” - İLGİNC FAKTLAR
Şamaxı rayonunun Saqiyan kənd sakini Natiq Sadıqovun sözügedən kənddə 2019-cu ilin fevralın 5-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması işləri çərçivəsində üç nəfərlə bir qəzalı evin bərpa edilməsində çalışmaları və heç bir əmək haqqı almamaları barədə müraciətindən sonra bəzi araşdırmalar aparmağa məcbur olduq. Nəticədə məlum oldu ki, bu təmir-bərpa işləri 2019-cu ilin fevral ayının 5-də və 6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazilərində baş vermiş zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması işlərinin davamı olaraq həyata keçirilir. Buna qədər sözügedən rayonlarda tamamilə yararsız hala düşmüş bir çox evlər yenidən tikilib, yüzlərlə qəzalı vəziyyətdə olan evlər təmir olunaraq sakinlərin istifadəsinə verilib. Qeyd edək ki, həmin zəlzələdən qəzalı vəziyyətə düşmüş, lakin hələ də təmir olunmamış evlər bu gün də qalmaqdadır və sözügedən rayonların icra hakimiyyətləri vəsaitin olmamasını bəhanə gətirərək sakinləri süründürürlər. Bəs ölkə başçısının ayırdığı vəsaitlər necə olub?

Qeyd edək ki, zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin sərəncamına əsasən 07 mart 2019-cu ildə baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi 11 milyon manat, o cümlədən yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi və onlarda bərpa-gücləndirmə işlərinin davam etdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə 5 milyon manat, yaşayış evlərinin təmiri üçün Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə 2 milyon manat ayrılmışdı. Bundan sonra da ölkə başçısı Fövqəladə Hallar Nazirliyinə və zəlzələnin baş verdiyi rayon İcra Hakimiyyətlərinə də bir neçə dəfə əlavə olaraq milyonlarla manat dövlət vəsaiti ayrdı. Bəs necə oldu ki, tam sayı heç kimə bəlli olmayan qəzalı evlərin təmir bərpa işləri hələ də davam etdirilir. Yəni iki il yeddi ay ərzində bu işlər nə üçün başa çatdırılmadı?

Aktualinfo.org-un apardığı araşdırmalar zamanı İsmayıllı və Ağsu rayon İcra Hakimiyyətlərinin yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması işlərini həyata keçirmək üçün bir neçə tender keçirdiyi, Şamaxı rayon İcra Hakimiyyətinin isə heç bir tender keçirmədiyi ortaya çıxdı. Fövqəladə Hallar Nazirliyinin isə bu məqsədlərlə heç bir tender keçirmədiyi məlum oldu. Amma Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş 10 oktyabr 2019-cu il tarixlı toplantıda çıxış edən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bərpa, tikinti işlərinə 21 tikinti şirkətinin cəlb olunduğunu bildirib. O şirkətlər kimlərə məxsus olub və aldıqları dövlət sifarişlərini nə dərəcədə vicdanla yerinə yetiriblər?

Kəmaləddin Heydərovun açıqladığı 21 şirkətin arasında ” Taleh TT “, ” Dərələyaz – 1 “, “İsmayıllı Tikinti -27” , “Nail construction” kimi MMC-lər də olub ki, milyonlarla manat dövlət vəsaitlərinin sözün əsl mənasında talanmasında iştirak ediblər. Amma onlara verilmiş öhdəlikləri tam olaraq yerinə yetirə bilməyiblər. Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evləri qəzalı vəziyyətə düşmüş, iki il yarım keçməsinə baxmayaraq hələ də təmir olunmamış sakinlərin çoxsaylı şikayətlərindən sonra təmir bərpa işləri bu gün davam etdirilir. Bunun üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi nəhayət, üstündən iki il yarım keçdikdən sonra bərpa işləri üzrə tenderlərin keçirilməsi qəraraına gəlib.

İsmayıllı rayonu ərazisində 4 ədəd fərdi yaşayış evinin bərpası üzrə keçirilmiş tenderdə 126 728.98 manat dəyərində satınalma müqaviləsi 24.08.2021-ci il tarixdə “THE BEST CONSTRUCTİONS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bir fərdi yaşayış evinin bərpasına orta hesabla 31 682 manat xərc çəkiləcək.

Şamaxı şəhərində 6 ədəd, 2 ci Çabanı 1 ədəd və Meysəri kəndində 1 ədəd, zəlzələ nəticəsində ziyan dəymiş fərdi yaşayış evlərinin bərpası (8 ədəd) Şamaxı şəhərində 1 ədəd, Şamaxı rayonunun Çabanı kəndində 1 ədəd, Çarhan k-də 3 ədəd, Meysəri kəndində 1 ədəd, Şirvan kəndində 1 ədəd fərdi yaşayış evlərinin (7 ədəd) bərpası üzrə keçirilmiş tenderdə 247465.13 manat dəyərində satınalma müqaviləsi 24.08.2021-ci il tarixdə “HİDROQAZMA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bir fərdi yaşayış evinin bərpasına orta hesabla 16 497 manat xərc çəkiləcək.

Şamaxı şəhərində 3 ədəd fərdi yaşayış evlərinin bərpası üzrə keçirilmiş tenderdə 75 942.15 manat dəyərində satınalma müqaviləsi 13.08.2021-ci il tarixdə “ANT İNŞAAT TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bir fərdi yaşayış evinin bərpasına orta hesabla 25 314 manat xərc çəkiləcək.

Ağsu rayonu ərazisində 7 ədəd fərdi yaşayış evinin bərpası üzrə keçirilmiş tenderdə 209 612.64 manat dəyərində satınalma müqaviləsi 13.08.2021-ci il tarixdə “GİRDİMAN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bir fərdi yaşayış evinin bərpasına orta hesabla 29 944 manat xərc çəkiləcək.

Şamaxı şəhərində 1 ədəd, Şamaxı r-u Məlikçobanlı kəndində 2, 1-ci Çayli k-də 1 ədəd, Çagan k-də 1 ədəd fərdi yaşaylş evlərinin bərpası (5 ədəd) üzrə keçirilmiş tenderdə 147 832.35 manat dəyərində satınalma müqaviləsi 13.08.2021-ci il tarixdə “THE BEST CONSTRUCTİONS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki,bir fərdi yaşayış evinin bərpasına orta hesabla 29 566 manat xərc çəkiləcək.

Şamaxı şəhərində 2 ədəd, Şamaxı rayonunun Çarhan kəndində 1 ədəd, Çağan k-də 1 ədəd, Böyük Xınıslı k-də 1 ədəd, Mədrəsə kəndində 1 ədəd fərdi yaşayış evlərinin (6 ədəd) bərpası üzrə keçirilmiş tenderdə 171 558.76 manat dəyərində satınalma müqaviləsi 13.08.2021-ci il tarixdə “PRİVATE LİFE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bir fərdi yaşayış evinin bərpasına orta hesabla 28 593 manat xərc çəkiləcək.

Şamaxı şəhərində 1 ədəd, Şamaxı rayonunun Çabanı kəndində 1 ədəd, Çarhan k-də 3 ədəd, Meysəri kəndində 1 ədəd, Şirvan kəndində 1 ədəd fərdi yaşayış evlərinin (7 ədəd) bərpası üzrə keçirilmiş tenderdə 243 084.89 manat dəyərində satınalma müqaviləsi 12.08.2021-ci il tarixdə “TƏRƏQQİ-Ş ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bir fərdi yaşayış evinin bərpasına orta hesabla 28 593 manat xərc çəkiləcək.

Abşeron rayonunun, Xırdalan şəhəri 27-ci məhəllə, 1b saylı ünvanda yerləşən 5 mərtəbəli, 4 bloklu zirzəmili yaşayış binasının yaxınlığında yerləşmiş fərdi yaşayış evlərinə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üzrə keçirilmiş tenderdə 26 050.27 manat dəyərində satınalma müqaviləsi 12.08.2021-ci il tarixdə “TƏRƏQQİ-Ş ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Şamaxı rayonu, Meysəri kəndində 9 ədəd, Şəhriyar qəsəbəsində 1 ədəd fərdi yaşayış evlərinin bərpası (10 ədəd ) üzrə keçirilmiş tenderdə 291 820.84 manat dəyərində satınalma müqaviləsi 03.08.2021-ci il tarixdə “BAKU BUİLDİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bir fərdi yaşayış evinin bərpasına orta hesabla 29 182 manat xərc çəkiləcək.

Qeyd edək ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin qalib elan etdiyi bu MMC-lərin heç birinin maddi texniki bazası yoxdu. Götürək, Dövlət Agentliyindən ümumi olaraq 274 561 manat sifariş almış “The Best Constructions” MMC-ni. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “THE BEST CONSTRUCTİONS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.08.2016-cı il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının QUBA RAYONU, DƏVƏDABANI, qanuni təmsilçisi kimi isə Ələkbərova Leyla İslam qızı qeyd olunub.

Quba rayonu Dəvədabanı kəndinin xanım sakini yaratdığı 10 manatlıq bir MMC ilə Şamaxı rayonun dağ kəndlərində təmir bərpa işlərini yerinə yetirməsi sizcə nə dərəcədə realdır? Bu MMC-lər aldıqları sifarişləri necə həyata keçirirlər?

Ayrılan dövlət vəsaitinin müəyyən faizi müqavilədə qanuni təmsilçi kimi formal olaraq göstərilən şəxsin yox, MMC -nin gizli, əsl sahibinin əli ilə Fövqəladə Hallar Nazirliyinin rəsmilərinə qaytarılır. MMC rəhbəri də öz payını götürdükdən sonra işi öz yaxın adamına və yaxud da bir qohumunun adına yaradılmış başqa bir MMC-yə sobpodratçı kimi verir ki, onun da qazancı olsun. Bu qohum da öz payını götürdükdən sonra işi muzdla çalışan briqadalara tapşırır və yerdə qalan cüzi pulları onlara verir. Nəticədə isə dövlətə hərtərəfli maddi ziyan vurulur. Həm ayrılan vəsaitin müəyyən hissəsi ortadan çıxarılır, həm də dövlətə heç bir vergi və sosial ödəmə verilmir.

Qeyd edək ki, bu kimi hallarla bağlı dövrü mətbuatda da kifayət qədər ciddi ittihamlarla dolu məlumatlara rast gəlmək mümkündür. Təbi ki, hamısı da Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ayağına yazılır. Sözügüedən zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə dövlət tərəfindən böyük pulların ayrıldığı hər kəsə məlumdur. Hamıya o da məlumdur ki, buraya cəlb olunana şirkətlərin əksəriyyəti məhz Kəmaləddin Heydərova yaxınlığı ilə tanınan şəxslərə məxsus olub. Elə Şamaxı rayon sakini Natiq Sadıqovun əmək haqqısını verməyən “Mahal” MMC-də. Onun olmasaydı 2021-ci ilin iyul ayında dövlət qeydiyyatına alınmış MMC-yə 2020-ci ildə kim dövlət sifarişi verə bilərdi ki…


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi