azia.az
azia.az

İcra Hakimiyyətindən 5 manat kapitalı olan şirkətin yol çəkməsinə ikibaşlı münasibət: "Bu sahə müvafiq dövlət qurumlarının nəzarətindədir"

14-01-2021, 15:38


Şamaxı Rayon İcra Hakimiyyəti 2020-ci ilin dekabr ayının 30-da Qlobal.az saytında dərc edilən "Şamaxıda şübhəli tender: 5 manat kapitalı olan şirkət nə ilə yol çəkir?" başlıqlı araşdırma yazıya münasibət bildirmişdir.
İcra Hakimiyyətindən 5 manat kapitalı olan şirkətin yol çəkməsinə ikibaşlı münasibət: "Bu sahə müvafiq dövlət qurumlarının nəzarətindədir"
Şamaxı rayon İcra Hakimiyyətindən saytın elektron poçtuna daxil olan məktubda deyilir:

"Bildiririk ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən bütün satınalmalar "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tenderlər elektron qaydada aparılır və bu sahə müvafiq dövlət qurumlarının tam nəzarətindədir".

Qeyd edək ki, Qlobal.az saytının dərc etdiyi sözügedən araşdırma yazıda 5 manat nizamnamə kapitalı olan, maddi-texniki bazası, işçi qüvvəsi, mühəndis heyəti barədə heç bir bilgi verilməyən şirkətin Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər Nümayəndəliyinin sifarişi ilə rayonunu küçələrinə yol çəkməyindən bəhs edilirdi.

Həmin araşdırma yazını yenidən oxucularımızın diqqətinə çatdıraraq. Şamaxı rayon İcra Hakimiyyətinin bu araşdırma yazıya verdiyi cavabın nə dərəcədə qənaətbəxş olub-olmamasını onların öhdəsinə buraxırıq.

"Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər Nümayəndəliyi 257.926 manatlıq tender həyata keçirmişdir.

2020-ci ilin oktyabr ayının 9-da yekun vurulan tender iki lotdan ibarət olub. "Şamaxı şəhər təsərrüfatına lazım olan elektrik avadanlıqlarının satın alınması" lotu üzrə keçirilən tenderin məbləği 108.110 manat, qalibi "KONGRAT LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), "Şəhər küçələrinin cari təmiri" lotu üzrə sifariş olunan satınalmanın məbləği 149.816 manat, qalibi isə "TƏMIR-TIKINTI21" MMC olmuşdur.

Qlobal.az-ın əldə etdiyi məlumata görə, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər Nümayəndəliyinin "Şamaxı şəhər təsərrüfatına lazım olan elektrik avadanlıqlarının satın alınması" lotu üzrə sifarişçi olduğu tenderdə 28 adda mal-materialın alınması əks olunmuşdur. Məsələn, Nümayəndəliyin sifarişçi olduğu sözügedən satınalmaya görə 500 ədəd 150 vatlıq saxsı patron, 700 ədəd 500 vatlıq saxsı patron, 2000 ədəd lampa silindr, 2000 ədəd 105 vatlıq sarı lampa, 1500 metr 4x16 mis kabel, 2000 metr 2x2.5 kabel, 800 metr 4x4 mis kabel, 800 ədəd 250 w lampa, 800 ədəd 400 w drossel, 800 ədəd kondesator 400 w,
2000 metr kabel 4x4, ağ, qırmızı, yaşıl, sarı və göy rənglərdə 50x50 3 w ölçüsündə ümumilikdə 8000 metr (hər biri 1600 metr), 200 ədəd yer üstü spot 3 vat alınması nəzərdə tutulub.

Müqavilədə həmçinin, 400 ədəd zajim, 600 ədəd izolent və 50 ədəd 1 metrlik yerüstü spotun alınması da qeyd edilmişdir.

Satınalma üzrə sifariş olunan mal-materialların hansı ölkənin məhsulu olması və keyfiyyət göstəriciləri müqavilədə əks olunmamışdır.

Tenderin qalibi elan edilən şirkətin - 2019-cu ildə dövlət reyestrində qeydiyyata alınan, nizamnamə kapitalı 10 manat olan "KONGRAT LTD" MMC-nin Satınalmalar Haqqında Azərbaycan Respublikasının Qanuna uyğun olaraq hansı lisenziya və sertifikata sahib olması barədə heç bir informasiyaya rast gəlinmir.
Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər Nümayəndəliyinin sifarişçi olduğu digər satınalmada da kifayət qədər ziddiyətli məqamlara rast gəlinir. Belə ki, "Şəhər küçələrinin cari təmiri" lotu üzrə sifariş olunan tenderdə Şamaxı şəhərinin səkkiz adda küçəsinə çınqıl örtüyünün yayılması nəzərdə tutulub. Bu küçə və meydançalara salınacaq yeni örtüyün həcmi ümumilikdə 24.460 m(2) (kvadratmetr) təşkil edir.

Göstərilən küçələrdə və meydançalarda 8 və 12 sm qalınlığında salınacaq 24.460 m(2) çınqıl örtüyü 2400-2500 m(3) həcmində çınqıl məhsulu edir.
Burada qəribə olan odur ki, Şamaxı şəhərinin 8 küçəsinə 2400-2500 kub həcmində çınqıl daşıyıb yayacaq şirkətin maddi-texniki bazası haqqında heç bir informasiyaya rast gəlinmir.

Maraqlıdır ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər Nümayəndəliyinin sifarişçi olduğu bu satınalmada qalib elan edilən "TƏMIR-TIKINTI21" MMC də digər qalib elan edilən şirkət kimi 2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. Bu şirkətin də yol infrastrukturu kimi ciddi layihə həyata keçirən şirkətlərdə olduğu kimi hansı lisenziyalara sahib olması barədə məlumatlara rast gəlinmir. Əksinə, şirkətin maddi-texniki bazası, müqaviləli işçi sayı, mühəndis heyəti barədə məlumatların olmaması ilə yanaşı, nizamnamə kapitalı 5 manat təşkil edir. Beş manat nizamnamə kapitalı olan bir şirkətin hansı meyarlara, göstəricilərə əsasən Şamaxı şəhər İcra Hakimiyyətinin başçısının Şəhər Nümayəndəliyinin "Şəhər küçələrinin cari təmiri" lotu üzrə sifariş etdiyi 149.816 manatlıq tenderin qalibi elan edilməsi ortaya xeyli sayda suallar çıxarır".

Qlobal.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi