azia.az
azia.az

Nailiyyətimiz fəaliyyətimizdir - “Həqiqət aşiqləri” uydurma yazılarla GDU-nun nüfuzuna xələl gətirə bilməzlər

26-12-2019, 17:52


Azərbaycan təhsilində öz çəkisi,mövqeyi olan, elmi ictimaiyyətə yüzlərlə parlaq zəkalar bəxş etmiş Gəncə Dövlət Universiteti hər zaman olduğu kimi innovativ yenilikləri, müsbət dəyişiklikləri ilə ön sıralarda uğurla irəliləyir.
Nailiyyətimiz fəaliyyətimizdir - “Həqiqət aşiqləri” uydurma yazılarla GDU-nun nüfuzuna xələl gətirə bilməzlər
Bəlkə də çoxlarına gəlişigözəl sözlər təəssüratı bağışlayan bu ifadələr əslıində tamamilə reallığı əks etdirir. Son illər ölkəmizdə təhsil sahəsində aparılan böyük islahatlar dalğası GDU-nun tarixində yeni bir mərhələ açıb. Paytaxtdan uzaqda yerləşməsinə baxmayaraq inamla söyləmək olar ki, GDU bir çox sahələrdə digər ali təhsil ocaqlarını qabaqlamağı bacarıb. Yüksək ixtisaslı elm xadimlərinin çalışdığı universitetdə hər il yüzlərlə savadlı mütəxxəsis yetişdirilir. Tam əminliklə demək olar ki, bu gün ölkəmizin elmi-pedaqoji ictimaiyyəti içərisində GDU-nin yetirmələri xüsusi yer tutur. Cənab Prezident və Mehriban xanım tərəfindən başladılan və uğurla davam etdirilən təhsil islahatlarına universitetimiz öz əməli fəaliyyəti ilə cavab verir.
Hal-hazırda universitetdə 8 fakültə, bir əlavə təhsil fakültəsi, 13 şöbə fəaliyyət göstərir. Bakalavr səviyyəsində əyani şöbədə 40 ixtisasda 5058, qiyabi şöbədə 7 ixtisas üzrə 424, magistratura səviyyəsində isə 306 nəfər olmaqla, bütövlükdə 5788 tələbə təhsil alır.Universitet yüksək keyfiyyətli maddi-texniki bazaya malikdir. Bu ali təhsil müəssisəsinin 5 tədris binası və tələbə yataqxanası var. Bütün tədris binaları əsaslı təmir olunub və müasir tələblərə cavab verir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün universitetdə 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 8 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur.
Universitetdə imtahanlarda tam şəffaflıq təmin olunub. Bütün imtahanlar test üsulu ilə aparılır, bilik əsas meyar olaraq qəbul edilir. Gəncə Dövlət Universitetində hər il imtahanların mütəşəkkil keçməsi üçün universitet üzrə "İmtahan mərkəzi” yaradılır. 2018-2019-cu tədris ilində də yaradılan bu mərkəz ciddi fəaliyyət göstərdi. Nəticədə imtahanlar olduqca şəffaf və mütəşəkkil keçdi. İmtahanların keçirilməsinə ictimai nəzarətin həyata keçirilməsi və şəffaflığın təmin olunması məqsədilə Gəncə şəhərinin tanınmış ziyalılarından, elm xadimlərindən, deputatlardan, kütləvi informasiya vasitələri nümayəndələrindən, eləcə də valideynlərdən ibarət "İctimai nəzarət şurası” yaradılmış, onlarla söhbətlər aparılmışdır. Bakalavriat səviyyəsində keçirilən test imtahanları zamanı tələbələrə düşəcək 50 test sualının qabaqcadan seçilməsi və sualların məxfi saxlanılması məqsədilə "Bunker” yaradılmış, işçi qrupu lazımi avadanlıq və kamera ilə təchiz edilmişdir. Test və yazılı imtahanlarla yanaşı, yaradıcılıq tələb edən "Musiqi müəllimliyi”, "Təsviri incəsənət müəllimliyi”, "Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi”, "Bədən tərbiyəsi və idman” ixtisaslarında təhsil alan tələbələrin də imtahanları nəzarət altında keçirilmişdir. Yazılı imtahan üçün tələbələrə 2 saat, dövlət imtahanlarında 3 saat vaxt verilmişdir. Bütün bu qaydalara nəzarət edilməklə yanaşı, tələbələrə lazımi şərait də yaradılmışdır. Nəticədə hər bir tələbə şəffaf şəraitdə imtahan verərək müsbət qiymətlər almışdır. İmtahanlardan sonra həm tələbə, həm də valideynlərlə aparılan söhbətlərdən aydın olmuşdur ki, onlar imtahanların gedişindən olduqca razı qalmışlar.
Ümumiyyətlə GDU-da tədrisin keyfiyyətini artırmaq üçün universitetdə innovativ yanaşmalara geniş yer verilir. Rektorluğun təşəbbüsü ilə ötən ildən bu məqsədə xidmət edən yeni layihəyə – “açıq dərs”lərə start verilib. Yeni layihə istər müəllim heyətinin, istərsə də pedaqoji təcrübədə olan tələbələrin “açıq dərs”lərini müntəzəm təşkil etməklə bərabər, həm də onların ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi və televiziya vasitəsilə işıqlandırılmasını nəzərdə tutur.
Bu gün müxtəlif sahələrdə kadr çatışmazlığını aradan qaldırmaq üçün ali təhsil ocaqlarımızda yeni ixtisaslar üzrə fakultələr yaradıldı. Sevindirici haldır ki, bu inkişafda Gəncə Dövlət Universiteti də öndə gedərək mühüm uğurlara imza atdı. Belə ki, təhsildə şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi və şəffaf idarəetmə modelinin yaradılması nəticəsində bu ali təhsil ocağı digər ali təhsil müəssisələri kimi irəli gedərək yeni-yeni nailiyyətlər qazandı. 1939-cu ildə 244 nəfər tələbə ilə fəaliyyətə başlayan universitetdə indi 6500 tələbə təhsil alır.
Hazırda Gəncə Dövlət Universitetində biologiya-kimya, filologiya, tarix-coğrafiya, xarici dillər, riyaziyyat-informatika, fizika və texniki fənlər, pedaqoji, iqtisadiyyat və idarəetmə fakültələri fəaliyyət göstərir, 39 ixtisas üzrə mütəxəssis hazırlanır. Xarici dillər fakültəsində 4 dildə - ingilis, rus, fransız və alman dilləri tədris olunur. Hazırda Azərbaycanın şəhər, rayon və kəndlərində pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin böyük bir qismi bu universitetin məzunlarıdır.
Universitetdə “Elektron universitet” layihəsi reallaşdırılıb. Təhsil sisteminin Boloniya proqramı üzrə qurulması unuversitetimizin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirir.Universitetimizdə tədrisin müasir tələblər səviyyəsində qurulması müəllim və tələbə-magistrant kontingentinin beynəlxalq əlaqələrdə daha fəal və intensiv iştirakına gətirib çıxarır. Universitetimizin onlarla tələbə, magistr və gənc müəllimi öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirmişdir.Gəncə Dövlət Universiteti Türkiyənin “Mövlana” mübadilə proqramına qoşulub. Bu proqram çərçivəsində 20 ali təhsil müəssisəsi ilə, o cümlədən Kastamonu, Giresun, Firat, Ərzurum Teknik, Çankaya, Ərzincan, Nevşəhir Hacı Bektaş Vəli, Bitlis Eren, Aksaray, Uşak, Bozok, Cumhuriyyət, Hacettepe, Ərdahan universitetləri ilə müqavilələr imzalanıb, 10-a yaxın müəllim və tələbənin sənədləri onların komissiyalarına göndərilib.

Son illər məzunlar arasında Gəncə Dövlət Universitetinə maraq xeyli artmışdır. Elə buna görə də tələbə qəbulu planının yerinə yetirilməsi 97 faizə yüksəlmiş və bu universitet respublika ali təhsil müəssisələri arasında ilk üçlüyə daxil olmuşdur. Universiteti seçmiş yüksək ballı tələbələrin sayında da artım müşahidə olunur. Hazırda 90 nəfərdən çox tələbə "Gələcəyin müəllimi” təqaüdünü alır. Söz yox ki, bu uğuru Gəncə və ətraf rayonların məktəblərində aparılan təbliğat vasitələrinin müsbət nəticəsi kimi də dəyərləndirmək olar. Təbliğat işləri 4 il əvvəl universitetdə yaradılmış Təcrübə və karyera şöbəsi tərəfindən koordinasiya olunur və tənzimlənir. Pedaqoji, istehsalat, tədris və çöl təcrübələrinə nəzarət etmək, təcrübə keçiriləcək müəssisələrlə universitet arasında əlaqə yaratmaq, əmək yarmarkası təşkil etmək, məzunların karyerasındakı dəyişiklikləri izləmək, lazım olduqda müəyyən tövsiyələr vermək, dəstək göstərmək və sair məsələlər də bu şöbənin səlahiyyətinə daxildir.
Hazırda universitetin kafedralarında 25 istiqamət, 270 mövzu üzrə elmi-tədqiqat işləri aparılır. Tədqiqat işlərinin nəticələri xarici jurnallarda, o cümlədən respublikamızda nəşr olunan jurnallarda dərc edilir. Bundan başqa, araşdırmaların müəllifləri beynəlxalq və respublika konfranslarında, simpoziumlarda məruzələrlə çıxış edirlər.
Bu sahədəki uğurlardan danışarkən demək lazımdır ki, əvvəllər universitet əməkdaşları tərəfindən il ərzində dərc edilən məqalələrin sayı 400-500 olurdusa, indi 1700 -ə çatmışdır. "Clarivate-Analitics” agentliyinin "Web of Science” bazasına daxil olan jurnallarda çap olunmuş məqalələrin sayında da əhəmiyyətli artım müşahidə olunur.
Qeyd edək ki, universitetin tarixində ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən 2017-ci il üçün elan edilmiş qrant müsabiqəsində AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu ilə birgə Gəncə Dövlət Universiteti də qalib gəlmişdir.
Bu il Gəncə Dövlət Universitetinin fəaliyyətə başlamasının 80 ili tamam oldu. Son illər qazandığımız nailiyyətlər universitetimizin yubileyinə dövlət başçısının qayğısına verdiyimiz ən böyük töhfədir. Ancaq təəssüflər olsun ki, nailiyyətlərimizi heç də hamı qəbul etmək istəmir. Müxtəlif saytlarda heç bir həqiqətə söykənməyən, tamamilə yalan və iftiradan ibarət yazılar yayımlanır. Nədənsə yuxarıda sadaladığımız və qeyd etmədiyimiz onlarla digər uğurlarımızı görməzdən gələn belə “həqiqət aşiqləri” uydurma yazılarla GDU-nun nüfuzuna xələl gətirmək istəyirlər. Universitetdə çalışan onlarla dəyərli ziyalılarımızın ünvanına atılan iftiralar, yazılan yalanlar ancaq reallıq hissini itirən düşüncə sahiblərinin qələminin məhsulu ola bilər. Belə cılız təfəkkürün sahibləri bilməlidirlər ki, dedikləri yalanlar bumeranq kimi yenə də qayıdıb özlərinə dəyəcək. Çünki xalqımız kimin kim olduğunu daha yaxşı görür. Son illərdə rector Y.Yusifovun rəhbərliyi ilə qazanılan uğurlar GDU-nun yeni uğur səlnaməsidir. Uğurları görməyənlər isə mənəvi kor insanlardır. Bu isə daha ciddi bir xəstəlikdir!

Elçin Cavadov,
Gəncə Dövlət Universitetinin dosenti,​ texnika elmləri doktoru


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi