azia.az
azia.az

58 ildir təmir olunmayan strateji yoldan REPORTAJ

23-05-2016, 22:45

58 ildir təmir olunmayan strateji yoldan REPORTAJ Xaçmaz-Xudat, Xudat-Nabran yolunun əsaslı təmirə ehtiyacı var. APA TV-nin məlumatına görə, yol 1968-ci ildə çəkilsə də, bu vaxta kimi əsaslı təmir olunmayıb.

5 saylı Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən vaxtaşırı cari təmir işləri görülür. Amma bir müddət sonra magistral yolda eyni problemləri yaranır. Sürücülər də məhz bu məsələlərdən şikayətçidir: "Maşının təkərlərini bir ildir almışam. Artıq sıradan çıxıb. Çuxurların əlindən bilmirsən hardan sürəsən. Xüsusilə də Xudat zonasında. Yollar pis vəziyyətdədir. İki dəfə də çuxura görə qəza olub".

Başqa bir sürücü isə hər gün bu yolla hərəkət etdiyini deyib: "Sürmək mümkün deyil. Bu çuxurdan qaçırsan başqa çuxura düşürsən. Dünən də bu yolda işləyirdilər. 10 gün sonra vurulan yamaq da yerində qalmır. 3 aydan bir maşın yığdırırıq. Hər yığdıranda da 300 manat pul veririk".

30 kilometrlik Xudat-Nabran yolunun bu il ərzində əsaslı təmiri gözlənilməsə də ölkəmizin şimal qapısına aparan Xudat-Yalama yolunun yenidən qurulmasına 3 aydan sonra başlanacaq.

5 saylı Yİİ-nin rəisi İskəndər Hacıyev yolların belə vəziyyətə düşməsinə ağır tonnajlı maşınların səbəb olduğunu iddia edib: "Yol tikintisində bir qayda var. Hər 10 ildən bir yol əsaslı təmir olunmalıdır. Elə yol var 8 ildən sonra əsaslı təmir olunur, elə yol var 12 ildən sonra. Bu yol 46 ildir ki, xalqımıza xidmət edir. Bu müddətdə bir dəfə də olsun əsaslı təmir olunmayıb. 1969-cu ildə ən ağır maşın “Kraz” idi. Onun çəkisi 12 ton, yük götürmə qabiliyyəti də 12 ton idi. Bu da ümumilikdə 24 ton edirdi. İndi yollarda yüklə birlikdə təxminən 60 ton ağırlığı olan maşınlar hərəkət edir. İndi yollarda intensivlik də artıb. Bu yol o vaxt inşa olunanda həmin dövrün intensivliyinə uyğun layihələndirilib".

Yeni yolun tikilməsi ilə yanaşı, 5 sayı yol istismarı idarəsi digər yollarda da cari təmir işləri aparacaq. Ölkənin əsas çimərliklərinin yerləşdiyi Nabran istirahət zonasına aparan yolun isə cari yox, əsaslı təmirə ehtiyacı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi